Bütün kainatı yoxdan var edən Rəbbimiz, insana digər canlılardan fərqli olaraq düşünmə, qərar vermə, seçmə kimi qabiliyyətlər bəxş edib. Buna görə də, iman edən bir insan sonsuz rəhmət sahibi olan Rəbbimizin kainatdakı bənzərsiz yaradılışını, bənzərsiz sənətini böyük heyranlıqla araşdırar, hər öyrəndiyi şey onun düşüncədə dərinləşməsinə, hidayətinin artmasına vəsilə olar.
Kainatın yaradılışı, Dünya üzərində var olan həssas tarazlıqlar, canlılığın davamlılığı üçün lazım olan bütün şərtlərin qüsursuz şəkildə nizamlanmış olması insanın Allahın sonsuz güc və qüdrətini daha yaxşı anlaması üçün bir yoldur. Ancaq insanın həyatının hər anında şahid olduğu başqa möcüzə daha var: Öz bədəni.
İnsan bədəninin hər detalı çox böyük möcüzələrlə bəzənib. Trilyonlarla hüceyrənin hər birinin funksiyaları, insan bədənindəki fövqəladə sistemlər, insanın Allahın Rəhman və Rəhim sifətini daha dərin qavraya bilməsi üçün çox açıq dəlillər ehtiva edir. Bunun üçün ediləcək tək şey, həyatını davam etdirməsinə imkan tanıyan bu möcüzəvi şərtlər üzərində daha ətraflı düşünməkdir. İnsanın dünyaya gəliş mərhələsindəki detallar isə düşünən hər kəsi heyran qoyacaq qədər möhtəşəmdir.
Böyümə hormonu yalnız inkişaf dövründə deyil, yetkin insanlarda da ifraz olunmağa davam edir. Bu vəziyyətdə yetkinlərin də böyüməyə və uzanmağa davam etmələri, insanların nəhəng varlıqlar halına gəlmələri lazım idi. Ancaq belə bir şey baş vermir. İnsan müəyyən böyüklüyə çatdıqdan sonra hüceyrələr bölünməyə və böyüməyə davam etməzlər.
Elm adamları hüceyrələrin nə üçün bölünmə və böyümə əməliyyatına son verdiklərini hələ də bilmirlər. Bu mövzuda bilinən tək həqiqət, hüceyrələrin çox xüsusi sistem sayəsində vaxtı gəldiyində daha artıq böyüməməyə və bölünməməyə proqramlaşdırılmış olduqlarıdır. Bu vəziyyətdə insanın bu qüsursuz proqramlaşdırmanı edən qüvvə üzərində düşünməsi lazımdır. Bu qüvvə istədiyini ən incə detalları ilə təşkil edən Uca Allahdır.
Əlinizin, gözlərinizin, burnunuzun düz forma almasını təmin edən hüceyrələrinizdir. Siz hələ ana bətnində ikən işə başlayan hüceyrələriniz, estetik mütəxəssisindən daha yaxşı işləyərək sizi formalaşdırırlar. Hüceyrələriniz heç bir çoxluq və ya əksiklik olmadan hər orqanınızı qüsursuz təşkil edirlər. Məsələn barmaqlarınızın neçə sayda olacağını, uzunluğunu və formalarını tam lazım olduğu kimi hesablayırlar. Bu, çox təəccübləndirici və təsir edici prosesdir. Hüceyrələrin, orqanlarınızı yaradarkən əldə etdikləri müvəffəqiyyət bədənin hər kvadrat millimetri üçün keçərlidir.
Məsələn yalnız gözə aid 40 fərqli hissə var. Gözün, funksiyalarını yerinə yetirə bilməsi üçün bütün hissələrdə mütənasib böyümənin olması, aralarındakı əlaqənin möhkəm olması, hamısının öz yerində olması lazımdır. Əks halda göz görə bilməz. Embrion 4 həftəlik olduğunda başının hər iki tərəfində oyuq meydana gəlir. 6-cı həftədə bu oyuğu meydana gətirən hüceyrələr möhtəşəm plan içində hərəkət etməyə başlayırlar. Bəzi hüceyrələr buynuz qişanı, bəzi hüceyrələr göz bəbəyini, bəzi hüceyrələr də torlu qişanı meydana gətirirlər.
Hər hüceyrə inşa etdiyi hissənin bitmə sərhədinə gəldiyində dayanır. Hər biri ayrı parçanı meydana gətirir, sonra mükəmməl şəkildə birləşirlər. Torlu qişa əvəzinə başqa təbəqə meydana gəlmir, hər şey yerli-yerindədir. Bu əməliyyatlar aylar boyu davam edir və ortaya son dərəcə estetik və funksional gözlər çıxır. Embrionu meydana gətirən hüceyrələrin hər birinin bədənin ümumi planından da xəbəri var. Sanki bir növ müqavilə bağlamış kimi, bir-birlərindən fərqli xüsusiyyətlərə sahib strukturlar meydana gətirirlər.
Hüceyrələrə şifrlənmiş olan bu möhtəşəm planı yaradan Allahdır. Hüceyrələrə nələr etmələrini ilham edərək bu planın qüsursuz şəkildə fəaliyyət göstərməsini təmin edən də Allahdır. Allah, Quranda insanın surətini ana bətnində ikən Özünün verdiyini bildirərək insanlara rəhmətini xatırladır. Bu ayələrdən bəziləri belədir:
Bətnlərdə sizə dilədiyi kimi surət verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa ilah yoxdur! (Ali İmran surəsi, 6)
O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır… (Həşr surəsi, 24)
O, (ana rəhminə) atılan bir nütfə deyildimi?! Sonra o ələq (rüşeym) oldu və Allah onu yaradıb surət verdi. (Qiyamət surəsi, 37-38)

