Allaha və axirətin varlığına qəti bir yəqinliklə iman edən insan, ətrafındakı insanların da özü kimi həqiqəti görməsini və insan fitrətinə ən uyğun həyat tərzi olan Quran əxlaqını yaşamasını istəyər. Əks halda, qarşısındakı insanın əbədi cəhənnəm əzabı ilə qarşılaşacağını bildiyi üçün onun iman etməsi naminə əlindən gələn bütün səyi göstərər. Lakin unudulmamalıdır ki, insan yalnız din əxlaqını təbliğ etməyə və insanları doğru yola dəvət etməyə məsuldur; onların imanı qəbul edib-etməməsinə görə isə məsuliyyət daşımır. Hidayət verə biləcək yeganə qüdrət Allahdır. İnsan gecə-gündüz din əxlaqını izah etsə, ən təsirli izahları versə, ən ibrətamiz nümunələri göstərsə belə, əgər Allah həmin şəxs üçün hidayət diləməmişdirsə, deyilənlərin heç biri qarşı tərəfə təsir etməz. Əgər Allah diləyərsə, istədiyi şəxsə istədiyi anda hidayət verə bilər. Təqdir Allaha məxsusdur və Allah hökm verənlərin ən xeyirlisidir. Allahın müəyyən etdiyi tale və verdiyi hökm insanlar üçün ən xeyirli olandır.
Məhz buna görə də, göstərilən bütün səylərə baxmayaraq, ətrafındakı bir insanın iman etməməsi mömin üçün heç vaxt ümidsizlik və ya kədər səbəbi olmamalıdır. Mömin bilir ki, Allahın təqdirinə təslim olmaq Qurana görə göstərilə biləcək ən gözəl davranışdır və buna görə də təvəkkül edər.

