İnsan necə yoxdan var olduğunu, necə can sahibi olduğunu və ana bətninə düşməsindən bu gününə qədər necə qayğı ilə qorunduğunu düşünəndə, Allahın onun üzərindəki rəhmətini, sonsuz mərhəmət və şəfqətini görür. Allah “Məryəm” surəsində insanları yaradılışı üzərində düşünməyə çağırır:
İnsan daha əvvəl heç bir şey deyilkən Bizim onu xəlq etdiyimizi düşünmürmü? (Məryəm surəsi, 67)
Allah hər insanı ana bətnində son dərəcə təhlükəsiz, şikəst qalmayacağı, ağrı hiss etməyəcəyi bir yerə, ona heç bir zərər gəlməyəcək şəkildə yerləşdirir.
Dünyaya gələn hər bir körpə üçün lazım olan hər şey milyardlarla il öncədən hazırlanmışdır. Tənəffüs edəcəyi havadan lazımlı qidaları alacağı ana südünə qədər hər şey hazır şəkildə onu gözləyir.
Hər insanın vücudu bütün həyatı boyu Allahın yaratdığı qüsursuz sistem sayəsində qorunur. Məsələn, ürək, insanın həyatı boyu dayanmadan döyünür, ancaq insan bunu təmin etmək üçün heç bir şey etmək məcburiyyətində deyildir. İnsana yalnız ürəyinin hər saniyə döyünməsi üçün lazım olan əmri vermək vəzifəsi tapşırılsaydı belə, həyatı çox çətinləşərdi; yata bilməz, yemək yeyə bilməz, bundan başqa heç bir iş görə bilməyəcək hala düşərdi. Lakin Allah həyatının ilk günündən etibarən hər insanın ürəyinə ölənə qədər işləməsi əmrini verir. Beləliklə, ürək insanın ömrü boyu, bir an belə dayanmadan Allahın nəzarətində işləməyə davam edir.
İnsanın özünə məxsus olduğunu iddia etdiyi bədəninin üzərində heç bir hakimiyyəti yoxdur. İnsana bütün hüceyrələrinə qədər hakim olan yalnız uca Rəbbimizdir. Böyük sürətlə axan qana, ürəyin tutduğu qan miqdarına, qanın laxtalanma müddətinə, tənəffüs, həzm, müdafiə sistemi, sinir sisteminə və burada sayılmayan bir çox sistemlərə insanın özbaşına nəzarət etməsi və ya bunları idarə etməsi qeyri-mümkündür.
İnsan hər şeyə görə Allaha möhtacdır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir. (Fatir surəsi, 15)
Səhər yuxudan oyanarkən vücudumuzda yaşamağımız üçün lazım olan hər bir hissənin qüsursuz olaraq işlədiyinə şahid oluruq. Rahatlıqla nəfəs ala bilir, gözlərimizi açanda heç bir əziyyət çəkmədən və vaxt keçməsini gözləmədən rəngarəng bir dünya görürük.
Səsləri hər zaman eyni dəqiqliklə eşidə bilirik, çox rahatlıqla qoxu hiss edir, yemək yeyə bilirik. Qəbul etdiyimiz qidalardakı vitaminlərin vücudumuzda hansı nahiyəyə getməsi, saysız mikrob və viruslarla orqanizmimizin necə mübarizə aparması, bir əşyanı görmək üçün beynimizdə görüntünün necə əmələ gəlməsi kimi incəliklər üzərində heç vaxt düşünmək məcburiyyətində qalmırıq.
Heç bir çətinlik çəkmədən bir gün, bir il, hətta illərlə öncə nələr etdiyimizi xatırlaya bilir, bütün bunları yaddaşımızda saxlaya bilirik. Ən mühüm olanı isə bu qədər həssas tarazlıqlar üzərində işləyən bir vücuda sahib olmağımıza baxmayaraq, sağlam və gümrah oluruq. Çünki insan hər an Allahın nəzarətində olan dar bir sistemdən asılıdır. Buna görə də insan Rəbbimizin ona bağışladığı bu qüsursuz sistemlər və verdiyi nemətlər haqqında düşünməlidir. Allah Quranda insanın bu üstün yaradılışını bizə belə xatırladır:
Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir? O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı. Səni istədiyi şəkildə yaratdı. (İnfitar surəsi, 6-8)
Göründüyü kimi, insan təkcə öz orqanizminə baxaraq belə Allaha dərin və güclü bir sevgi ilə bağlanmaq üçün çox sayda dəlil tapa bilər. Üstəlik, yalnız insan bədənində deyil, kainatdakı hər varlıqda insanlara verilmiş bənzərsiz nemətlər vardır. Bütün bunlar tək və həqiqi dostumuz olan Allahın bizim üçün yaratdığı və qoruduğu qeyri-adi nemətlərdir.
Bu incəlikləri düşünən insan onu yaradan, həyat verən və yaşadan Allaha hər an möhtac olduğunu, Allah istəməsə, nəfəs belə ala bilməyəcəyini görər, Allahın onun ən yaxın dostu və himayəçisi olduğunu anlayar. Allah bu həqiqəti “Ənkəbut” surəsində belə bildirir:
Nə yerdə, nə də göydə siz (Allahı) aciz qoya bilməzsiniz! Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır”. (Ənkəbut surəsi, 22)
Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm insanlar üçün ən xeyirli və ən gözəl olandır. Xoşagəlməz görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət vardır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
…Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (Bəqərə surəsi, 216)
Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun. (İnsan surəsi, 3)
Bu həqiqəti bilərək yaşayan möminlər qarşılaşdıqları hər hadisədən, eşitdikləri hər danışıqdan razı olar, hər an Allaha yönələrək Ona şükür edər, Allahın onlar üçün ən xeyirlisini və ən gözəlini yaratdığını bilərək Onu sevgi və tərif deyərək zikr edərlər.

