İnsana sahib olduğu bütün gözəllikləri bağışlayan Allahdır

İnsan, ona kiçik qulluq göstərən və ya yaxşılıq edən bir insana, bu gözəl davranışına görə

İnsan, ona kiçik qulluq göstərən və ya yaxşılıq edən bir insana, bu gözəl davranışına görə dərhal razılıq göstərmək istəyir. Məsələn, onu evində saxlayan, qulluq göstərən şəxsə minnətdarlıq edir, xüsusilə də ev sahibi diqqətcil insandırsa və heç bir söz soruşmadan qonağın hər ehtiyacını tamamilə ödəyirsə… Ciddi xəstəliyi olan insan da həkimin müalicəsi ilə şəfa tapanda ona necə təşəkkür edəcəyini bilmir. Bir insan yolu keçərkən onu maşın vurmasından xilas edən insana həyatını borclu olduğunu deyib həmin adamı mükafatlandırmaq istəyir və ona olan minnətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edir. Hər insan ona sürprizlər edən, gözəlliklər bəxş edən, yaxşılıq edən şəxsləri çox sevir, onlara qarşı hörmət və qayğı göstərməkdə diqqətcil olmağa çalışır.

Amma bəzi insanların unutduğu çox mühüm həqiqət var: Bir insanı sevindirən, onun qayğısına qalan, ona gözəl ruzilər, nemətlər bəxş edən, xoşuna gələn mənzərəni yaradan, hər səhər oyananda ona həyatını yenidən bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələnəndə ona şəfa verən, dərmanlar vasitəsilə ağrısını kəsən və ya kədərini unutduran, bütün canlı və cansız varlıqların sahibi Allahdır. Odur ki, insan sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və şükrünü Allaha yönəltməlidir. Bir insana köməyə görə təşəkkür edərkən onu bu yardıma ilhamlandıraraq rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə belə bildirmişdir:

Həqiqətən, göylərin və yerin hakimiyyəti Allaha məxsusdur. O dirildər və öldürər. Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır. (Tövbə surəsi, 116)

Quranda hz. İbrahimin duasında Rəbbimizin insanlar üzərindəki bu rəhmətini belə ifadə etdiyi bildirilir:

O məni yaratdı və doğru yola yönəltdi. O məni yedirir və içirir. Xəstələndiyim zaman O mənə şəfa verir. (Şuəra surəsi, 78-80)

Allah hər insanı yoxdan yaratmış, can vermiş, dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə nizama salmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs alıb-verə bilirlər. Allah atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. Bir çox insan havasız otaqda nə qədər çətin nəfəs alıb-verdiyini bilir. Havasızlıq artdıqca insanın keçirdiyi sıxıntı hissi də artır. Biz güclə nəfəs alıb-verə biləcək dünyada da yaşaya bilərdik. Ancaq tənəffüs etdiyimiz hava Allahın rəhməti və diləyi sayəsində heç vaxt bizə sıxıntı vermir, əksinə, bizi rahatlaşdırır, xoşumuza gəlir.

Allah yer üzünün hər yerində növbənöv meyvələr, tərəvəzlər və bitkilər yaratmışdır. Əgər Allah istəsəydi, dünyada bir növ qida olardı və bu qidanın dadı da bizə heç ləzzət verməyə bilərdi. Biz sadəcə olaraq yaşamaq üçün bu qidanı yemək məcburiyyətində qala bilərdik. Bu qidadan başqa torpaqdan bir şey istehsal etmək imkanımız olmazdı. Ancaq Allah sonsuz mərhəməti və şəfqəti ilə insanlar üçün növbənöv meyvə və tərəvəzlər yaratmışdır.

Bundan başqa, bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İnsan yaşamaq üçün yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində bir tərəfdən də bütün bunların ləzzətindən böyük zövq alır.

Allahın yaratdığı heyvanlar da insanlar üçün müxtəlif gözəlliklərlə yaradılmışdır. Məsələn, at, dəvə, it kimi itaətkar heyvanlar insanlara yardım edirlərsə, quş, pişik kimi ev heyvanları da özlərini sevdirən xoş xüsusiyyətlərə malikdirlər.

Tənəffüs etdiyimiz havadan yer üzərinə enən yağışa, torpaqda yetişən məhsullardan yeraltı sərvətlərə, xoşumuza gələn heyvanlardan əsas həyat mənbəyi olan suya qədər təbiətdəki hər şey ən kiçik səy belə göstərilməsinə ehtiyac duyulmadan bizə çatır. İnsanın yaşaması və ömrünü davam etdirə bilməsi üçün kainatda son dərəcə təfərrüatlı proseslər baş verir, son dərəcə həssas nisbətlər anbaan qorunur.

İnsandan başqa bütün canlılar malik olduqları xüsusiyyətləri dərk etmirlər. Bir dovşan nə qədər sevimli olduğunu anlamadan yaşayır. Kəpənək qanadlarındakı simmetriyanın, naxışların və harmoniyanın şüurunda deyil. Sahib olduğu rənglər, naxışlar və simmetriya tovuzquşunu olduqca cazibədar edir. Amma o nə üçün var olduğunu belə bilməyən və gözəllikləri dərketmə qabiliyyəti olmayan canlıdır. Quyruğundakı rənglər və naxışlarla dünyanın ən gözəl mənzərələrindən birini nümayiş etdirən bu varlıq insanların Allaha şükür etmələri və Allahın yaradıcı gücünü görə bilmələri üçün yaradılmış nemətlərdən yalnız biridir.

Allah bütün bu canlılardakı gözəl görünüşləri insanlara nemət olaraq verir. Buna görə də, insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü lazımınca qiymətləndirməli və bütün bu gözəlliklərin yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükür etməlidirlər.

Allahın yer üzündə yaratdığı gözəlliklər o qədər çoxdur ki, saymaqla bitməz. Məsələn, qızılgülün görünüşündə qüsursuz estetika var. Yarpaqları son dərəcə səliqəli və simmetrik düzülüşə malikdir. Yarpaqların üstü isə çox keyfiyyətli parça olan məxmər yumşaqlığındadır. Təbiətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara torpaqda bitməsinə baxmayaraq, rənglərində bulanıqlığa və ya kirə rast gəlinmir. Ətri isə dünyanın ən inkişaf etmiş texnologiyalarından istifadə edilsə belə, bənzəri əldə edilə bilməyəcək xüsusiyyətlərə malikdir. Ən keyfiyyətli ətrin belə müəyyən müddətdən sonra qoxusu ağırlaşdığı halda, qızılgül daima təzə qalan, insana zövq verən möhtəşəm ətir verir. Ancaq gül də bu xüsusiyyətlərinin heç birinin şüurunda deyildir. Bütün bu xüsusiyyətləri ilə gül insan üçün böyük nemət olaraq yaradılmışdır.

Yer üzərindəki hər gözəllik həm Rəbbimizin neməti, həm də Onun sonsuz gözəlliyinin bir bənzəridir. Buna görə vicdan sahibi olan və düşünən hər insan bütün bu gözəlliklərin əsl sahibi olan Allaha böyük sevgi ilə bağlanır. Allah bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd ala biləcəkləri dəlillər olduğunu bildirir:

Yer üzündə sizin üçün yaratdığı növbənöv şeyləri də (istifadənizə verdi). Şübhəsiz, bunda da düşünüb öyüd alanlar üçün ibrətlər vardır. (Nəhl surəsi, 13)

Bütün sadaladıqlarımız insanlara verilmiş nemətlərin çox az qismidir. Bunlarla bərabər, həyatımızın davam etməsi üçün saysız amillərin bir yerdə olması lazımdır. Əslində, yuxarıda verilən nümunələrdən birini belə düşünmək Allahın insanlara olan mərhəmətini anlamağımız üçün kifayətdir. Allahın lütfü ilə ağıla, düşünmək qabiliyyətinə malik olan insan bu qabiliyyətlərindən Allahı tanımaq və bilavasitə onu çox sevmək üçün istifadə etməlidir. Çünki vicdanını dinləyərək ətrafında olan mükəmməl nizamı dərk edə bilən insanlar üçün bütün kainat Allaha olan sevgilərini artıran səbəblərlə doludur. Bunları hərtərəfli düşünən bir insan təbii olaraq Allahı lazımınca dəyərləndirib sevə bilər.

Həmçinin, Allah Quranın bir çox ayəsində insanlara, verdiyi nemətlər haqqında düşünmələrini bildirmiş və nemətlərdən bəzilərini insanlara xatırlatmışdır. (Nəhl surəsi, 4-15)

İnsanın bu nemətlər haqqında düşünməsi belə Allahın insanlar üzərindəki sonsuz ehsanını, şəfqət və mərhəmətini anlaması üçün kifayətdir. Bizə can verən, yaşamağımızı təmin edən, bizi sevindirən, xoşumuza gələn hər varlığı və hadisəni yaradan Allahdır. Buna görə də insan hər an Allaha yönəlməli, sahib olduğu hər şey üçün Rəbbimizə şükür etməli, Ona güclü bir sevgi ilə bağlanmalıdır.