İnsan yaxşılıq edəndə Allah da ona yaxşılıq, bərəkət, gözəllik verir

Pisliyi yaxşılıqla dəf etmək

Pisliyə yaxşılıqla cavab verməyin hikməti var. Pisliyə yaxşılıqla cavab verəndə, düşmən də olsa, yumşalaraq dosta çevrilir. Uca Allah bu vəziyyəti Quranda belə bildirir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Ayədə bildirildiyi kimi, Quran əxlaqında daima ən gözəl davranış hədəflənir. Məsələn, danışarkən Allahın “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar… (İsra surəsi, 53)” ayəsinə uyğun olaraq ən gözəl sözdən istifadə edilir. Uca Allah pisliyə yaxşlıqla cavab verməyi, gözəl şeyə isə daha gözəl tərzdə qarşılıq verməyi yaxşı əxlaqi xüsusiyyət kimi bildirmişdir. Quranda Allah salamı daha gözəl tərzdə və ya eynilə almağı belə buyurur:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

Quran ayələrində bildirildiyi kimi, möminlər qarşılarındakı insanı həmişə gözəl əxlaqla və gözəl sözlə doğru yola dəvət edərlər. Tolerant və ədalətli davranar, kobud üslubdan çəkinərlər. Çünki ancaq Allah rizası üçün yaşayan möminlər gözəl əxlaqın, Allahın iznilə, qarşılarındakı insanın vicdanına təsir edəcəyini bilirlər.

Kobud üsluba Quran əxlaqında yer yoxdur

Kobud üslub Allahın möminlərə əmr etdiyi üsluba əsla uyğun deyil. Rəbbimiz Quranda mömin əxlaqını mülayim, dava-dalaşdan çəkinən, əleyhinə olan insanlara belə mülayim və dostcasına yanaşan, təvazökar, səbirli, mərhəmətli xarakter kimi tanıdır. Quran ayələrini təhlil edəndə mülayim, tolerant üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğunu görürük. Uca Allah hz. İbrahimin üstün əxlaqını “… Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi. (Tövbə surəsi, 114)” ayəsi ilə bildirir. Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) əxlaqı isə bir ayədə belə bildirilir:

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar… (Ali-İmran surəsi, 159)

Müsəlmanlar din əxlaqına uyğun yaşamaqla və dini təbliğ etməklə məsul olan, insanlara zorakılığı tətbiq etməyən, ən zalım insanlara belə pis davranışlarından çəkindirib ədaləti təmin etmək üçün mülayim söz söyləməyi vəzifə bilən insanlardır. Bu üstün əxlaqa malik möminlərin davakar, kobud və hadisələri qızışdıran siyasət işlətməsi əsla mümkün deyil.