İnsan ruhu haqqında

Allahın varlığını və canlıların yaradılışını inkar edən materialist fəlsəfə insanın ruhuna aid

Allahın varlığını və canlıların yaradılışını inkar edən materialist fəlsəfə insanın ruhuna aid xüsusiyyətlərin mənbəyini heç vaxt açıqlaya bilməz.

Çünki materialist fəlsəfə ancaq maddənin varlığını qəbul edir. Materialistlər maddədən başqa bütün varlıqları inkar etdikləri üçün ruhun varlığını qəbul etməməkdə təkid edirlər. Ona görə, insan şüurunu, beyni təşkil edən maddələrlə izah etməyə çalışırlar. Bunun üçün əsas fərziyyələri “mütəşəkkil maddə” anlayışıdır. Bu anlayışa görə, beyində neyronlar arasındakı rabitələr “insana şüur qazandırır”. Bu neyronlar arasındakı kimyəvi və elektrik rabitələrinin “mənlik” dediyimiz şüurumuzu əmələ gətirdiyini iddia edirlər.

Halbuki bu nə elmi, nə də məntiqi cəhətdən doğru deyil. Materialistləri insan ruhuna aid xüsusiyyətləri bu cür izah etməyə vadar edən onların materialist ön mühakimələridir. Maddənin fövqündə olan bir varlığın mövcud olduğunu qəbul etməmək üçün insan zehnini maddə ilə izah etməyə çalışır və bu məqsədlə ağıla və məntiqə sığmayan iddialar irəli sürürlər.

Amerikalı filosof və riyaziyyatçı Dr. Uilyam A. Dembski “Maddəni zehnə çevirmək” adlı məqaləsində bunları deyir:

“…Şüuru tədqiq edən mütəxəssislər bu faktı (şüuru) neyroloji səviyyədə anlamaqdan ümidlərini kəsiblər… Materializmə olan bağlılıq davam etsə də, insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi düşüncə deyil”. (William A. Dembski, Converting Matter into Mind, 1998)

İnsanların düşüncələrinin, mühakimə bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, ümidsizlik kimi hisslərinin beyindəki neyronların bir-biri ilə qarşılıqlı əlaqəsi olduğunu irəli sürmək olduqca məntiqsiz iddiadır. Materialistlər bu mövzu üzərində səmimi düşünsələr, özlərinin də, digər bütün insanların da neyron yumağından və ya atom yığınından daha fərqli varlıqlar olduğunu qavrayacaqlar.

Dövrümüzdə elmi nailiyyətlər göstərir ki, xarici aləmdəki maddi dünya ilə təmasda olmaq qeyri-mümkündür. Beynimizdə təmasda olduğumuz bütün cisimlər xarici aləmdə mövcud olanların əsli deyil, onların əksi kimi görmə, eşitmə, toxunma hissələrinin məcmusundan ibarətdir.

Duyğu mərkəzlərindəki məlumatları şərh edən beynimiz həyatımız boyu maddənin xarici aləmdəki “əsli” ilə deyil, beynimizdəki surətləri ilə təmasda olur. Biz isə bu surətləri xarici aləmdəki həqiqi maddə zənn edərək yanılırıq.

Əlinizdəki telefon, olduğunuz otaq, qarşınızdakı bütün görüntülər, əslində, beyninizin içində görünür. Bəs bu görüntüləri beyninizin içində görən kimdir? Beyninizin içində gözə ehtiyacı olmadan bu telefonun görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir?

Beyinə gedən elektrik siqnallarını qulağa ehtiyacı olmadan dostunun səsi və ya ən sevdiyi mahnı kimi dinləyən, dinlədiklərindən zövq alan kimdir? Hiss etdikləri ilə düşünən, sevinən, kədərlənən, həyəcanlanan varlıq zülal və yağlardan ibarət beyin ola bilərmi? Bu suallar üzərində düşünən insan şüurlu şəkildə görən, eşidən və hiss edən varlığın fövqəltəbii varlıq olduğunu dərhal anlayar. Bu varlıq ruhdur.

Yeganə mütləq varlığın maddə olduğunu iddia edən, insan şüurunun da ancaq beyindəki kimyəvi əməliyyatlar nəticəsi olduğunu zənn edən materialist düşüncə bu məsələdə çıxılmaz vəziyyətə düşür. Bunu görmək üçün hər hansı bir materialistdən soruşa bilərsiniz: “Görüntü beynimizdə əmələ gəlir, bəs bu görüntünü beynimizdə kim seyr edir? Hal-hazırda tanıdığınız birini təsəvvür edin. Onu təsəvvürünüzdə aydın görürsünüz. Geyindiyi paltar, üzündəki cizgiləri, saçlarındakı ağ telləri, səs tonunu, danışıq üslubunu, yerişini xəyalınızda aydın canlandırdığınız bu insanı kim seyr edir?”

Bu və buna bənzər sualları materialistlərdən soruşduqda heç bir cavab almayacaqsınız. Çünki bu sualların yeganə cavabı Allahın insana verdiyi ruhdur.

Bəs ruhun əsl mənbəyi nədir? Bu sualın cavabını bizə verən mənbə Qurandır. Allah Quranda əvvəlcə insanın bədənini yaratdığını, sonra da ona ruhundan üfürdüyünü belə bildirmişdir:

Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)

Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 9)

Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, ruhun mənbəyində Allahın Öz ruhu var. Allahın insana verdiyi ruh sayəsində insan öz varlığını dərk edən və: “Mən” – deyən varlıq olmuşdur. İnsan bu ruh ilə düşünən, danışan, sevinən, qərar verən, sivilizasiyalar quran, ölkələri idarə edən varlıqdır. Ağıl və vicdan sahibi hər insan həyatı boyu yaşadığı hər hadisəni beyninin içindəki ekranda seyr edən varlığın ruhu olduğunu dərhal anlayar.

Bizim xarici aləm kimi seyr etdiyimiz görüntülər ancaq Allahın bizim üçün yaratdığı xüsusi görüntülərdir. Əslində, xarici aləmin əsli ilə heç vaxt təmasda ola bilmərik. Gördüyü görüntüdən həyəcanlanan, sevinən, kədərlənən, narahat olan ruhdur. Bizə hər şeyi seyr etdirən üstün elm sahibi Allahdır. Ruhumuz beynimizdə əmələ gələn görüntüləri seyr edir. Allah bu şəkildə bizim üçün dünya həyatını yaradır və bizi imtahan edir.

Allah dünya kimi qavradığımız görüntüləri müəyyən hikmət və elmlə ruh adlandırdığımız varlığa hiss etdirir. Allah bizə istədiyi görüntüləri göstərdikcə biz heç düşünmədən hadisələrə reaksiya veririk, halbuki biz ruh və ruhun seyr etdiklərindən başqa xarici aləm ilə təmasda olmuruq.

Ruhun varlığı yaradılışın sübutudur. Ruh və ruha aid xüsusiyyətlər təkamül nəzəriyyəsinin təsadüf doqması ilə və ya materialist fəlsəfənin “mütəşəkkil maddə” iddiası ilə açıqlana bilməz. Neyronlar və onları təşkil edən atomlar düşünə, qərar verə, fəlsəfi fikirlər irəli sürə bilməz, sevgi, şəfqət hissini yaşaya bilməzlər. Yeganə mütləq varlıq olan Allah bütün canlılarla birlikdə kainatı yaratmış və hər an yaratmaqdadır. İnsanı insan edən xüsusiyyət Allahın insana verdiyi ruhdur. Hər insan onun üçün əvvəlcədən müəyyən edilmiş əcəl vaxtı çatdıqda ruhunu yenə Allaha təslim edəcək və dünyadakı həyatı sona çatacaq. Ruh isə axirətdəki əbədi həyatına davam edəcək.

Qapqaranlıq beynimizin içində işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri, elektrik siqnallarından ibarət kiçik bir yerdə böyük dünyanı əmələ gətirən beyin ola bilərmi? Beyin zülallardan və yağdan ibarət qırışlı ət parçasıdır. Bu cür ət parçası ən qabaqcıl texnologiya ilə istehsal edilmiş televizorlardan daha aydın, çox canlı rəngləri olan qüsursuz görüntü əmələ gətirə bilərmi?

Ət parçasının üzərində bu qədər keyfiyyətli görüntü əmələ gələ bilərmi? Bu ət parçası ən qabaqcıl musiqi mərkəzindən daha keyfiyyətli, aydın stereo səs meydana gətirə bilərmi? Təqribən 1.5 kq çəkisi olan bir ət parçasının öz-özünə bu qədər qüsursuz hisslər əmələ gətirməsi, əlbəttə, qeyri-mümkündür. Bəs ruhumuza bu görüntüləri göstərən, ona əsli kimi aydın görüntü və hisslərlə həyat yaşadan, bu görüntüləri fasiləsiz davam etdirən kimdir?

Ruhumuza bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun zövq alması üçün dadları və qoxuları yaradan bütün aləmlərin Rəbbi, hər şeyin yaradanı olan Allahdır.

Materialistlər ruhun varlığını inkar etmək üçün təkamül nəzəriyyəsinə əsaslanırlar. Darvinizmin batil iddialarına əsasən, insan heyvan növüdür. Bu ağıldan və elmdən kənar iddiaya aldananlar da insanın bütün xüsusiyyətlərinin “heyvan əcdadlarından” miras qaldığını irəli sürürlər. Bu isə insanın özünə və digərlərinə qarşı mənfi düşüncə tərzinin formalaşmasına gətirib çıxarır. İnsan heyvan növü hesab etdiyi digər insanlara dəyər vermir, onların düşüncələrinə əhəmiyyət vermir, həyatını dəyərsiz hesab edir. Darvinizmin gətirdiyi bu qorxunc düşüncə tərzi böyük müharibələrə, zülmə, kütləvi qırğınlara, vəfasızlıq, sevgisizlik və laqeydliyə səbəb olur.

Halbuki insanda Allahın ruhu var. Bu ruh ilə ağıla, iradəyə, vicdana, dərrakəyə, doğrunu yanlışdan ayırma anlayışına malik olur, bu ruh ilə düşünür, qərar verir, mühakimə edir, başına gələnlərdən ibrət alır. İnsanın ruhu Allahın dünyada yaratdığı imtahana tabedir. Bu xüsusiyyətlərdən heç biri digər canlılarda yoxdur və ola da bilməz.

Çünki bunlar insanın fiziki quruluşu, genləri ilə bağlı xüsusiyyətlər deyil. Bütün bunlar insanın ruhuna aid xüsusiyyətlərdir. Ona görə, darvinizmin iddiası əsassızdır. “Mütləq maddə” anlayışına əsaslanan darvinizm ruhun varlığını açıqlaya bilmir. Darvinizm inkaredilməz həqiqət olan “insana aid mənliyi” görür, lakin bunun maddi qarşılığını axtarıb tapa bilmir. Şübhəsiz ki, tapa da bilməz, çünki ruh heç bir maddi anlayışla bağlı deyil. Elə isə ağıl sahibi olan insan bu həqiqəti hiss etməli, buna görə də şərəfli, iradəli və vicdanına uyğun yaşamalıdır.

“Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)

blank