Mömin qarşılaşdığı hər hadisəni Allahın xüsusi olaraq imtahan məqsədilə qarşısına çıxardığını bilməli, Allaha təvəkkül etməli və Onun rizasına uyğun olaraq ən gözəl şəkildə davranmalıdır.
Hər şeyi hikmətlə yaradan Allah bütün kainatı insanın xidmətinə vermişdir. Rəbbimiz Günəş sistemindəki planetlərdən atmosferdəki oksigen nisbətinə, ətindən-südündən faydalandığımız heyvanlardan suya qədər hər şeyi insanın həyatına xidmət edəcək şəkildə yaratmışdır. Bu həqiqət göz qabağında ikən insan həyatının bir məqsədi olmadığını düşünmək böyük bir cəhalətdir. Əlbəttə, insanın yaradılış məqsədi var və Allah bu məqsədi belə açıqlayır:
Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)
İnsanların çox azı bu yaradılış məqsədini qavrayır və buna uyğun şəkildə yaşayır. Allah dünyadakı həyatımızı bu məqsədə uyğun şəkildə yaşayıb-yaşamayacağımızı sınamaq üçün yaratmışdır. Allaha könüldən qulluq edənlərlə Ona üsyan edənlər bu dünyada Allahın imtahanı nəticəsində ortaya çıxacaqlar. İnsana verilən bütün imkanlar (bədəni, duyğu orqanları, malları) bu imtahan üçündür. Bir ayədə Allah belə buyurur:
Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. (İnsan surəsi, 2)
İnsanın dünyadakı vəzifəsi Allaha və axirətə iman gətirmək, Allahın Quranda bildirdiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın hədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Allahın əmrlərini hansı insanların yerinə yetirəcəyini ancaq yaşadığımız bu dünya həyatındakı imtahan nəticəsində görə biləcəyik. Allah insanlardan həqiqi və səmimi iman istədiyi üçün insan ancaq “iman gətirdim” deməklə dərin imana sahib olmaz. İnsan Allaha və Onun dininə həqiqətən iman gətirdiyini, şeytanın onu azdırmaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, doğru yoldan dönməyərək göstərməlidir. İnkar edənlərə uymayacağını, öz nəfsinin həvəslərini Allahın razılığından üstün görməyəcəyini də sübut etməlidir. Bunu isə qarşısına çıxan hadisələrə qarşı göstərdiyi münasibətlə ortaya qoyacaq.
Allah, dini qəbul edən insanın qarşısına səbir etməli olduğu bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlə onu imtahan edəcək. Bu həqiqət bir ayədə belə izah edilir.
İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” – deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? (Ənkəbut surəsi, 2)
Allah Quranın başqa bir ayəsində iman gətirdiyini söyləyənləri sınayacağını belə bildirir:
Yoxsa Allah sizdən cihad edənləri və (çətinliklərə) səbir edənləri bilib ayırd etmədən cənnətə girəcəyinizimi zənn edirsiniz?! (Ali İmran surəsi, 142)
Allahın Quranda bildirməsinə baxmayaraq, iman gətirən bir insanın qarşılaşdığı çətinliklərə təəccüblənməsi, əlbəttə, doğru olmaz. Bu çətinliklər gündəlik həyatın sanki adi görünən problemləri də ola bilər, ilk baxışda böyük fəlakət kimi görünən hadisələr də. Mömin bütün bunların hamısına imtahan gözü ilə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun şəkildə davranmalıdır. Bir ayədə möminlərin qarşılaşacaqları çətinliklərdən belə bəhs edilir:
Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! (Bəqərə surəsi, 155)
Sadəcə çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanıdır. Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükür edən olub-olmadığını sınayır. İnsan həm çətinlik anlarında, həm də nemətlər içində, rahatlıq anlarında daima aləmlərin Rəbbi olan uca Allaha şükür edib Onun əmrlərini yerinə yetirməlidir.

