“Çağırmaq, səslənmək, istəmək, kömək tələb etmək” mənalarına gələn dua sözü Qurana görə “insanın bütün mənliyi ilə Allaha üz tutması” və ya “gücü məhdud və sonlu bir varlıq olan insanın məhdudiyyətsiz və sonsuz qüdrət qarşısında acizliyini qəbul edərək kömək diləməsi” şəklində ifadə olunur.
Allah inancı olan hər bir insanın müxtəlif formalarda dua etdiyi bir həqiqətdir. Ancaq insanların olduqca böyük bir hissəsi duanı təkcə çətinliyə düşəndə və sıxıntılı vaxtlarında, əllərindən gələn bütün ehtimallar yoxlanandan sonra Allahı xatırlamaq şəklində başa düşürlər. Bu insanlar üzərindəki çətinlik keçincə bir sonrakı darlıq və çətinlik anına qədər Allahı yaddan çıxarır və Ondan bir şey istəməyi ağıllarının ucundan belə keçirmirlər.
Bəzi insanların düşüncəsində də son dərəcə səhv bir dua anlayışı hökm sürməkdədir. Bu insanlar üçün dua, kiçik yaşlardan etibarən ailənin yaşlı fərdləri tərəfindən öyrədilən, bəzi anlaşılmaz sözlərdir. İnsanların bu cür dualarında Allahın mövcudluğu, birliyi, böyüklüyü, qüdrəti, insanları həmişə görüb-eşitdiyi, dualara cavab verəcəyi elə də nəzərə alınmır. Əvvəlcədən əzbərlənən dua şablonları təkrar edilir.
Qurana görə dua etmək Allaha çatmağın ən asan yoludur. İndi Allahın sifətlərini fikirləşək. O, insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir… İnsanın ürəyindən keçirtdiyi bircə fikir də Allahdan gizli qalmaz. O halda səmimi olaraq Allahdan nə isə istəmək üçün insanın təkcə fikirləşməsi də kifayət edir. Budur, Allah ilə əlaqə qurmaq bu qədər asandır.

