Bütün həyatı Allah üçün yaşamağın necə olacağını anlamaq üçün əvvəlcə həyatın həqiqi mənasını bilmək lazımdır. Allah həyatın həqiqi mənasını belə bildirir:
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)
Ayədə bildirildiyi kimi, bütün insanlar davranışlarının necə olduğuna görə sınaqdan keçirilirlər. Gözəl davranışlar göstərənlər bunun nəticəsində Allahın razılığını qazanaraq cənnətə girməyi arzulayırlar. Bunun üçün də həyatın hər anını belə bir səylə keçirməli olduqlarını bilirlər.
Lakin bəzi insanlar bu məqamda mühüm bir yanılma içindədirlər. Onlar yalnız bəzi ibadətləri yerinə yetirməyin və haramlardan çəkinməyin Allahın razılığı üçün olduğunu, bunlardan kənar zamanların isə dinlə heç bir əlaqəsinin olmadığını zənn edirlər. Halbuki insan yaşadığı hər an, hər danışığında, ağlından keçirdiyi hər düşüncədə, gördüyü hər işdə Allahı ən çox razı salmağın yolunu axtarmalıdır. Məsələn, dünyada hər bir insan çalışır və pul qazanır. Lakin həyatını Allah üçün yaşayan bir insan, Allahın dininə daha çox xidmət edə bilmək üçün çalışır və qazancından yalnız ehtiyacı qədərini özünə ayıraraq qalanını Allahın razı olacağı yerlərdə xərcləyir. Bu insan hər söhbətində Allahı ən çox razı salacaq sözləri danışır. İnsanlara Allahı xatırladır, pislikdən çəkindirərək yaxşılığı əmr edir. Ətrafını və dostlarını Allahın razı olacağı insanlardan seçir. Bu seçimi edərkən dünyəvi mənfəətlərini və ya din əxlaqını yaşamayan insanların meyarlarını əsas götürmür. Hər an “indi Allahı ən çox necə razı sala bilərəm?” deyə düşünür.
Dinin ən əsas şərtlərindən biri bütün həyatın Allah üçün yaşanmasıdır. Buna görə Allah möminlərə belə demələrini əmr edir:
De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. (Ənam surəsi, 162)

