Cahil insanlar qocalığın səbəb olduğu acizlikləri və çətinlikləri açıq-aydın gördükləri halda, yenə də ibrət almır və dünya həyatına olan bağlılıqlarından əl çəkmirlər. Ölümə bu qədər yaxınlaşdıqları halda, yenə də ölümü özlərinə yaraşdırmırlar. Dostlarının bir-bir öldüklərinə şahid olurlar, amma yenə də heç ölməyəcəkmiş kimi davranırlar. Hələ də gələcəkləri üçün pul yığmağa çalışırlar. Bir gün kimsəsiz və pulsuz qalma düşüncəsi ilə yaşayırlar və həmişə bir kənarda yemək, paltar, ya da pul yığırlar. Dünyada çətin vəziyyətdə qalmaqdan bu qədər qorxduqları halda axirətdə nə edəcəkləri haqqında heç düşünmürlər. Axirət həyatı üçün hazırlaşmağı lazımsız hesab edirlər. Halbuki, insanın əsl hazırlıq görəcəyi yer də ancaq axirət həyatıdır. Quranda bizə bu mövzu belə xəbər verilir:
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)
Bu həqiqəti dərk edən möminlərin qocalıq dövrü isə çox fərqli olur. Demək olar ki, onlar bütün həyatlarını Allahın rizasını qazanmaq üçün yaşayırlar.
Zaman keçdikcə axirətə, Allahın icazəsi ilə sonsuz cənnət həyatına yaxınlaşmağı ümid edirlər. Bu ümidlə yaşadıqları üçün olduqca şən, rahat və nikbin olurlar. Ətrafındakı insanlara problem yaratmağa deyil, əksinə onların problemlərini həll etməyə, onlara Quran əxlaqını öyrətməyə, Allahın razı olacağı xarakteri mənimsətməyə çalışırlar. Fiziki cəhətdən gücsüz olsalar da, ətraflarındakı insanlara fayda verəcək zehni fəaliyyətdə olurlar.

