İnsan fitrətinə uyğun davranmalıdır

İnsan, yalnız Allaha qulluq etmək üçün yaradılmışdır, yaradılışı (fitrəti) bu təməl üzərindədir. Allah onu yoxdan var etmiş, ona “Öz ruhundan üfləmiş”, onu “bir damla sudan” (spermadan) insan halına gətirmiş və onu müvəqqəti yaşaması üçün dünyaya göndərmişdir. İnsana düşənsə, Allahın yaratdığını dərk etmək və buna görə hər an Ona şükür etməkdir. Beləcə özü üçün müvəqqəti yurd olan dünyada Allahın göstərdiyi məqsədə uyğun olaraq yaşayacaq, yetkinləşib öyrədiləcək və əsl yurduna, axirətə gedəcək. Məhz bu, insanın yaradılışına (fitrətinə) uyğun olaraq davranması deməkdir.

Ancaq Rum surəsinin 30-cu ayəsində, insanın fitrətinə yalnız Allaha qulluq etmək olduğu bildirilərkən eyni zamanda insanların çoxunun bu böyük həqiqətdən xəbərsiz olduqları da bildirilir. Başqa ayələrdə də Allah, insanın unutqan olduğunu xəbər verir. Nəfs insana öz yaradılışını və Allahın açıq-aşkar varlığını unutdurmağa çalışır. Buna görə də, bir çox insan tək başına Allahı dərk edə bilməz. Yaradılmış olduğunu və bu səbəblə də Yaradıcımız olan Allaha qarşı məsul olduğu həqiqətini görə bilməz. Quranda bu barədə belə deyilir:

“İnsan Bizim onu nütfədən yaratdığımızı görmədimi? Bir də baxırsan ki, o, (Rəbbinə qarşı) açıq-aydın bir düşmən kəsilib. O öz yaradılışını unudaraq Bizə qarşı bir misal çəkib: ‘Çürümüş sümükləri kim dirildəcək?!’ – deyir. De ki: ‘Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər cür yaratmağı yaxşı bilir’.” (Yasin surəsi, 77-79)