İnsan və cin şeytanlar

Allah, Quranın; "...həqiqətən, şeytanlar sizinlə mübarizə aparmaları üçün, öz dostlarına gizli

Allah, Quranın; “…həqiqətən, şeytanlar sizinlə mübarizə aparmaları üçün, öz dostlarına gizli çağırışlar edərlər” (Ənam surəsi, 121) ayəsi ilə, şeytanın insanlara yaxınlaşmaq üçün öz tərəfdarlarından və dostlarından istifadə edəcəyini xəbər vermişdir. Bu vəziyyət bizə şeytanın təkbaşına hərəkət edən güc olmadığını göstərir.

Allah, Quranın; “beləliklə, hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmən yaratdıq. Onlardan bəziləri digərlərini aldatmaq üçün bəzəkli sözlər pıçıldayarlar. Rəbbin istəsəydi, bunu etməzdilər. O zaman onları, uydurduqları yalanlarla baş-başa burax!” (Ənam surəsi, 112) ayəsi ilə insanlara “insan və cin şeytanların” varlığını bildirir.

Şeytan, insanlar və cinlərdən özünə tabe olanlara birlikdə hərəkət edir və digər insanları azdırmaq üçün onlardan vasitə kimi istifadə edir. Onlar da şeytanın əxlaqını tətbiq edərək hiyləgərliyi özləri üçün prinsip qəbul edir və insanların qəlbinə vəsvəsə və şübhə salaraq, onları doğru yoldan uzaqlaşdırmağa çalışırlar. Allah Quranda şərindən Rəbbimizə sığınılması lazım olan, bu insan və cin şeytanlarının hiyləgər üsullarını bizə belə bildirir:

De: “Sığınıram insanların Rəbbinə, insanların hökmdarına, insanların ilahına, vəsvəsə verib gizlənənən şeytanın şərindən! O, insanların qəlbinə vəsvəsə salar. O, cinlərdən də olur, insanlardan da”. (Nas surəsi, 1-6)

Digər bir ayədə isə; “…o da (belə) dedi: “and olsun, qullarından “sayı müəyyənləşdirilmiş dəstəni” (özümə xidmətçi) edəcəyəm” (Nisa surəsi, 118) sözləri ilə xəbər verildiyi kimi, şeytan insanlardan və cinlərdən özünə tabe olanları “xidmətçi” edir. Şeytanın xidmətçisi olan bu kəslər, insanları doğru yoldan uzaqlaşdırmaq və onları həmişə pisliyə təşviq etmək vəzifəsini boyunlarına götürərək, şeytanın əmrlərini yerinə yetirirlər. Allah, şeytanın tərəfini tutanların bu davranışını Quranda belə xəbər verir:

(Şeytanın) qardaşları isə, onları azğınlığa sürükləyərlər, sonra onlardan əl çəkməzlər. (Əraf surəsi, 202)

Quranda “münafiq” adlandırılan, qəlbində xəstəlik olan, şeytana xidmət edən bu insanlar arasında ən nəzərəçarpan kəslərdir. Münafiq xarakterində görünən bütün əxlaq pozğunluqları, şeytanın bu insanlar üzərində qurduğu hakimiyyətin təsiri ilə baş verir. Bu insanlar da şeytanın hiyləgər və gizli üsullarından istifadə edir və eynilə onun kimi insanları gizli dillə pisliyə çağırırlar.

Quranın; “(münafiqlər) onlara səslənib deyərlər: “məgər biz sizinlə birlikdə deyildik?” Onlar da belə deyərlər: “bəli, lakin siz özünüzü fitnəyə saldınız, (müsəlmanları əzabların və fəlakətlərin bürüməsini) gözlədiniz, (Allaha və İslama qarşı) şübhələrə qapıldınız. Sizi xülyalar aldatdı. Sonunda Allahın əmri (olan ölüm) gəldi; və o aldadan da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmış oldu” (Hədid surəsi, 14) ayəsi ilə, münafiqlərin şeytanın hiyləgər üsullarına aldanıb şübhələrə qapılanlardan olduqları xəbər verilmişdir.

Şeytanın məqsədi bunlardan istifadə edərək özü üçün fəaliyyət göstərəcək sadiq tərəfdar kütləsi yaratmaq və idealları əsasında onları istədiyi kimi yönləndirə bilməkdir. Bu insanların vasitəsilə geniş kütlələrə çatmaq, insanlara təlqin etmək istədiyi sözləri onların ağzı ilə dedirtmək, öz əxlaq anlayışını bu insanların əxlaqında yaşadaraq dinini yaşada bilməkdir. Bu yolla, insanları ürkütmədən, onlara şeytanın dininin təbliğ edildiyini sezdirmədən öz yoluna çağıracaq və tərəfdarı edəcək. Bu kəslər də, yaşadıqları pis əxlaq anlayışı ilə, ətrafındakı insanları da, qəflətə və şeytanın əxlaqına sürükləyəcəklər.

Şeytanın sanki hipnoz təsiri ilə, əmrinə tabe etdiyi bu tərəfdar kütləsi, şeytandan başqa heç kimdən, hətta öz vicdanından belə əmr almayacaq qədər, sadiq və itaətkar intizama girər və necə acı aqibətə doğru sürükləndiklərini görmədən həyatları boyu şeytanı və onun dinini müdafiə edərlər. Şeytanın sanki xidmətçisi və ya oyuncağına dönən bu insanlar, ağıllarını, vicdanlarını, düşüncə və mühakimə qabiliyyətlərini, iradələrini, bütün əqli və fiziki funksiyalarını şeytana təslim edərlər. Sonra isə şeytanın iradəsi ilə hərəkət edib onun düşüncələri yönündə yaşamağa başlayarlar.

Şeytanın bu oyunu nəticəsində ortaya həqiqi müsəlman xarakterindən uzaqlaşmış fərqli xarakterlər çıxar. Halbuki Allahın Quranda bildirdiyi tək müsəlman xarakteri var. Bu Allahın razı olduğu, insana cənnəti qazandıracaq yoldur.