İnsan bədənində təxminən 100 trilyon hüceyrənin, sümüklərin, tənəffüs sisteminin, orqanların, bütün toxumaların və digər bütün detalların sahibi və Yaradıcısı üstün qüdrət sahibi olan Allahdır. Allah insanı yoxdan var etmiş, Özünü tanıyıb bilməsi üçün də həm öz bədənində həm də kainatda ona dəlillərini göstərmişdir.
Tək bir hüceyrənin gözəl surətdə bir insana çevrilməsi əsnasında baş verən hər proses Allahın Rəhman və Rəhim sifətinin çox üstün təcəllisidir. Dünyaya gəlməsindən sonra keçən təxminən 60-80 illik ömrü boyu eyni qüsursuz proses davam edir. İnsanın hər hüceyrəsində baş verən hər proseslər, hər nəfəs alması, ətrafındakıları görməsi, idrak etməsi, qəbul etmə gücü, beyin fəaliyyətləri, yemək yeməsi, yediklərini həzm etməsi, böyüməsi, qısaca 24 saat x ömür boyu bədənində baş verən hər proseslər anbaan Allahın qoruması altında, Allahın diləməsi ilə və sonsuz mərhəməti ilə meydana gəlir.
İnsanın yaradıldığı surət, təchiz edildiyi ağlı, mənəvi və fiziki bacarıqlar Allahın insana olan böyük mərhəmətinin bəzi dəlilləridir. Rəbbimiz bu həqiqəti Quranda bu şəkildə bildirib:
Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)
İnsan bədənindəki 100 trilyon hüceyrə sanki bir-birlərini tanıyırmış kimi hərəkət edir. Özlərinə verilmiş xüsusi vəzifələri, sonuna qədər, tam məsuliyyətlə yerinə yetirirlər. Məhz bu mükəmməl koordinasiyada hormon deyilən mesaj daşıyıcılar hüceyrələrə əmr daşımaqla vəzifəlidirlər. Orqanizmin böyüməsi, çoxalmanın təşkil edilməsi, bədəndəki daxili tarazlıq, sinir sistemindəki koordinasiya və daha bir çox əməliyyat hormonların, əlaqədar hüceyrələrə çatdırdıqları mesajlar nəticəsində reallaşır.
Bənzərsiz sistemlər yaradan Rəbbimiz, hüceyrələri də hormonlar vasitəsi ilə istiqamətləndirir. Allah, sizin xəbəriniz belə olmadan içinizdə möhtəşəm tabeçilik sistemi meydana gətirib və yenə sizin məlumatınız xaricində içinizdəki hər şeyi idarə altında saxlayır.
Bu sistemdə sizin heç bir söz haqqınız yoxdur. Məsələn bədəninizin böyüməsi. Siz nə qədər istəsəniz də boyunuzu daha çox uzada bilməzsiniz. Nə etsəniz də, içinizdəki hüceyrələrə “bölünün, çoxalın və məni böyüdün” kimi əmr verə bilməzsiniz.
Ancaq hüceyrələr, sizin üçün təyin olunmuş olan boyu və bədən formasını bilirlər və o müəyyən ölçüyə çatana qədər çoxalaraq bədəni böyüdürlər. Sonra da tam lazım olduğu anda böyüməyi dayandırırlar. Məhz bu idarə Allahın insanlara böyük lütfüdür. Əgər insan öz bədəninə nəzarət etmək məcburiyyətində olsaydı bunu bacarması əsla mümkün olmayacaqdı. Və ya bu idarə insana aid olsaydı, insanın həyatını davam etdirməsi qəti mümkün olmayacaqdı.
Ancaq sonsuz kərəm sahibi olan Rəbbimiz insan bədəninin və dünya üzərindəki bütün varlıqların, bütün hüceyrələrini eyni anda qüsursuz şəkildə yaratmaqda, yaşatmaqda və onlara nəzarət etməkdədir. İnsanın bu vəziyyət qarşısında edəcəyi isə, Allahın hər kəsi və hər şeyi əhatə edən bu rəhmətini görərək Onun şanını gərəyi kimi təqdir etməkdir.
İnsanlar yatdığı zaman bədənindəki bəzi həyati funksiyaların nə olacağı, necə yerinə yetiriləcəyi mövzusunda heç vaxt narahat olmazlar, hətta bunu düşünməzlər belə. Çünki bu sistemlərin qüsursuz işləyəcəyindən son dərəcə əmindirlər. Həqiqətən də, Allahın rəhməti sayəsində insan yatarkən də bədənindəki bütün sistemlər səssiz sədasız vəzifələrini yerinə yetirməyə davam edirlər.
Halbuki bu sistemlərdən yalnız birinin belə bir neçə saniyə dayanması asanlıqla həyatımızın bitirəcək nəticələr doğura bilər. Ancaq sonsuz mərhəmət sahibi olan Rəbbimizin diləməsi ilə yuxu anında da insan nəfəs almaqda, ürəyi işləməkdə və beyin fəaliyyətlərinə davam etməkdədir.
Kapillyar damarlar bədənin hər tərəfindəki hüceyrələrin hər birinə lazımlı oksigen, enerji, qida, hormon kimi maddələri daşıyırlar. Bədənimizdəki ortalama 5 milyard kapillyar damarın ümumi uzunluğu 950 km-yə qədər çatır. Əgər insan bədəninin ən kiçik kapillyar damarlarının 10 minini yan-yana gətirsək, ümumi qalınlığı ancaq bir karandaşın ucu qədər olar.
Göz, işığın girdiyi öndəki çıxıntı xaricində, kürə formasındadır. Bu kürənin ən xaricində göz ağı (sklera) deyilən sərt, çox dayanıqlı və süd kimi ağ rəngli təbəqə var. Göz ağı, gözü ətraflı əhatə edir və göz içindəki toxumaların qorunmasını təmin edir. Gözün ortasındakı rəngli hissəni əhatə edən ağlıq da bu təbəqənin görünən hissəsidir. Göz ağı, yumşaq və jele kimi quruluşa sahib olsaydı gözün qorunması lazım olduğu kimi təmin edilə bilməyəcəkdi. Ayrıca gözə toz və ya hər hansı bir xarici maddə daxil olduqda bu cisim gözə yapışacağı üçün çıxarmaq çətinləşəcək, böyük zərər verəcəkdi.
Obyektləri dəqiq görə bilmək üçün buynuz qişanın hər zaman şəffaf və çox həssas olması lazımdır. Çünki şəffaflığını itirdiyi anda gözə kifayət qədər işıq girə bilmədiyi üçün görüntü bulanıqlaşır. Gözün çölə açıq olan hissəsindəki bu təbəqənin çox həssas olması da, gözə girən kiçik bir toz parçasının belə dərhal təmizlənməsini labüd edir. Buynuz qişanın bu dərəcə şəffaf olmasının səbəbi, onu meydana gətirən liflərin həssas nizam içərisində sıralanmalarıdır. Bu sıralanmağa ediləcək hər hansı müdaxilə buynuz qişanın qaralmasına və görüntünün bulanıqlaşmasına səbəb olur.
Fotoaparat üçün obyektiv nə qədər əhəmiyyətlidirsə göz üçün də buynuz qişa eyni əhəmiyyəti daşıyır. Üstəlik buynuz qişa o qədər şəffafdır ki, ancaq çox yaxından diqqətlə baxıldığında görülə bilir. Eyni zamanda bədəndəki ən həssas strukturlardan biridir. Buynuz qişa adi gözlə görülməyən sinirlərdən və limfa damarlarından meydana gəlir. Ancaq bunlar görüntünü pozmurlar. Bu sinirlər ən yüngül toxunuşa və ya toxunma təhlükəsinə qarşı hərəkətə keçib, reflekslərlə göz qapağı kimi qoruyucu mexanizmləri köməyə çağırırlar.
Buynuz qişanın dəqiqliyi tam olaraq təmin edilməsəydi heç vaxt düzgün görüntü görə bilməyəcək, həmişə bulanıq görəcəkdik. Belə bir görüntü olsaydı dünya, əlbəttə indikindən çox fərqli olacaq, hər şey dumanlı pərdə arxasından izlənəcəkdi. Buna görə xarici dünyanı bu incə canlı təbəqənin icazə verdiyi dəqiqlikdə izləyə bilərik. Canlı bir ət parçasının şüşə qədər şəffaf olması Allahın çox üstün yaratma dəlilidir. Dünyaya liflərdən və damarlardan ibarət olan canlı toxumanın arxasından baxdığımız halda, hər şeyi bu qədər dəqiq görməyimiz Allahın sənəti və lütfüdür.
Bədənimizdəki bütün hüceyrələr tək bir hüceyrənin çoxalması ilə meydana gəlir. Gözdəki son dərəcə incə və şəffaf olan bu canlı pərdəni meydana gətirən hüceyrələr də, sərt sümükləri meydana gətirən hüceyrələr də, bağırsaq toxumalarını meydana gətirən hüceyrələr də, qan hüceyrələri də hamısı tək bir hüceyrənin bölünməsi və çoxalması nəticəsində var olub.
Eyni hüceyrənin bölünməsi nəticəsində, bir tərəfdə daş kimi sərt olan sümüklər, bir tərəfdə də şüşə qədər şəffaf olan buynuz qişa meydana gəlib. Əlbəttə ki, cansız və şüursuz atomlardan meydana gəlmiş hüceyrələrin belə bir qərarı vermə, plan qurma qabiliyyətləri yoxdur. Hüceyrələrə nələr edəcəklərini, hansı orqanı meydana gətirib, nəyi nə cür edəcəklərini ilham edən Allahdır.
Gözlər, üzün üzərində ən ideal mövqedədir. Görəsən gözlər üzün başqa yerində, məsələn burnun altında olsaydılar nə olardı?
Həm təhlükəsizlik baxımdan riskli vəziyyət meydana gələr, həm də estetik olaraq olduqca narahat edici görünüş meydana gələrdi. Görüş bucağı indikindən daha çox məhdud olardı. Gözlərin hər istiqamətdən, ola biləcək ən ideal yerdə, simmetrik bir formada olmaları estetikaya da son dərəcə uyğundur. İki gözün arası təxminən tək göz ölçüsündədir.
Bu nisbət pozulduğunda, gözlərin arası daha açıq və ya daha yaxın olduqda üzün bütün ifadəsi dəyişir. Göz, sahib olduğu bütün xüsusiyyətləri ilə insanın Allahın yaratdığı varlıq olduğunu isbat edən bir dəlildir. İnsan bədənindəki bu uyğunluq, simmetriya və estetik görünüş Allahın bizlərə təqdim etdiyi bir gözəllikdir. Çünki Rəbbimiz lütfkarlığı çox bol olandır.
Allah bir ayədə insanlara bu nemətini bildirərkən onlara bunun üçün şükür etmələrini belə bildirir:
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürək yaratdı. Nə qədər də az şükür edirsiniz! (Səcdə surəsi, 9)

