İnsan başqası üçün bağışlanma diləyə bilərmi?

İnsan hər zaman və hər cür xəta qarşısında digər möminlər üçün Allahdan bağışlanma diləyə bilər. Quranda möminlərin Allahdan bütün iman gətirənlərin günahlarını bağışlamasını, onları əfv etməsini və mərhəmət göstərməsini istədikləri bildirilir. Onlar Allahın razı qaldığı insanların cəhənnəm əzabından xilas olub cənnətə qovuşacağını bildikləri üçün, Allahdan özləri kimi digər möminlərin də günahlarını bağışlamasını diləyirlər. Quranda bu barədə belə buyurulur:

Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri də bilir. (Məhəmməd surəsi, 19)

Möminlər ömürlərinin sonuna qədər iman gətirənlər üçün Allahdan bağışlanma diləyərlər. Lakin bu duaların qəbul olunub-olunmaması tamamilə Allahın təqdiri altındadır. Quranda möminlərin bir-birləri üçün bağışlanma diləmələrinə dair belə bir nümunə verilmişdir:

Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin- küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” – deyərlər. (Həşr surəsi, 10)