Şeytan insanların ağlına müxtəlif vəsvəsələr, əsassız qorxular və ya şübhə dolu düşüncələr sala bilər. Əgər insan şeytanın bu pıçıltılarına aldanar, onlara inanar və onun dedikləri istiqamətində hərəkət edərsə, əlbəttə ki, bu düşüncələrinə görə məsuliyyət daşıya bilər.
Lakin əgər bu pıçıltıların şeytandan gəldiyini anlayar, Allaha sığınar və doğru davranışı göstərərsə, bu halda ağlından keçən pis düşüncələri dərhal uzaqlaşdırar və düzgün düşünməyə başlayar. İnsan şeytanın verdiyi pis düşüncələrə əhəmiyyət vermədiyi üçün həmin düşüncələr də yox olub gedər. Quranda möminlərin şeytandan gələn vəsvəsə qarşısında göstərdikləri davranış belə izah edilir:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal həqiqəti görərlər. (Əraf surəsi, 201)
Lakin onu da qeyd etmək lazımdır ki, insan bütün bunları bildiyi halda yenə də ağlında vəsvəsələrin, şübhələrin və mənfi düşüncələrin qalmasına imkan verirsə, bunlara görə məsuliyyət daşıya bilər. Daim beynində möminlərə qarşı pislik, fitnə və fəsad xarakterli düşüncələr saxlayan insan niyyətinə görə də məsuliyyət daşıya bilər. Allah bir ayədə belə buyurur:
De ki: “Kökslərinizdə olanı gizləsəniz də, üzə çıxarsanız da Allah bilir. Və göylərdə olanı da, yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.” (Ali İmran surəsi, 29)

