Peyğəmbərlərin və onlarla birlikdə olan saleh müsəlmanların həyatına baxdıqda, o mübarək insanların ömrünün inkarçılarla fikri mübarizədə keçdiyini görərik. Bu insanlar bəzi vaxtlar ilk görünüşdə əleyhlərinə olan hadisələrlə qarşılaşmışlar. Bu zaman peyğəmbərlərin və onlara tabe olan möminlərin əsas xüsusiyyətləri ortaya çıxır: Şərtlər nə qədər çətin olsa da, bunun Allahdan gəldiyini bilib təvəkkül etmişlər.
Allahın elçiləri və saleh möminlər çətin anlarda Allahın yardım edəcəyindən əmin şəkildə, hər şeyin mütləq möminlərin lehinə çevriləcəyini bilərək yaşamışlar və bu həqiqət yönündə hərəkət etmişlər. Buna görə də, Allaha olan dərin imanından qaynaqlanan bu üstün xüsusiyyətləri bütün müsəlmanlar üçün gözəl nümunə təşkil edir.
Quranda xəbər verildiyi kimi, tarix boyu inananlar onlara əngəl olmağa çalışan, hətta onları doğru yoldan döndərmək üçün hər cür yola baş vuran inkarçı cəmiyyət və münafiqlərlə qarşılaşmışlar. İnkarçıların möminləri qınaması, onlara iftira atması (xüsusilə dəlilik, yalançılıq, sehrbazlıq, uğursuzluq, əxlaqsızlıq kimi) və incidici sözlər deməsi Quranda xəbər verilmişdir:
Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir. (Ali İmran surəsi, 186)
Yuxarıdakı ayədə inananların əleyhinə kimi görünən yalan və iftiraların, əslində, onların xeyrinə olduğu vurğulanmışdır. Bir başqa ayədə Peyğəmbərimizin dövründə yaşanan bir hadisə nümunə verilməklə bu vəziyyət belə açıqlanır:
Həqiqətən, iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Nur surəsi, 11)
Heç bir şübhə yoxdur ki, keçmiş dövrlərdə inananların qarşılaşdığı bu cür hadisələr onları narahat etmək, həvəsdən salmaq və batil dinlərinə geri döndərmək üçün inkarçıların əl atdığı üsullar olmuşdur. Lakin möminlər bu hücumların özləri üçün bir xeyirə çevriləcəyindən və axırda doğru yolda olduqlarının ortaya çıxacağından əmin şəkildə davranmışlar. Bu baxımdan, atılan iftiralara və fikri hücumlara qarşı həmişə ağıllı və hikmətli cavab vermişlər. Həmçinin səbir edib Allaha təvəkkül etmək gərəkdiyini və ancaq bu şəkildə müvəffəqiyyətə nail olacaqlarını unutmamışlar.
Keçmişdə yaşanan bu nümunələr kimi, bundan sonra da müsəlmanların hər an Allahın yaratdığı taleyə təslim olması və hər hadisənin xeyirlə baş verdiyini bilməsi çox önəmlidir. Bunu qavrayan mömin dünyanın ən böyük qazancından birinə qovuşar. Çünki Allah ayələrdə Özünə təvəkkül edənlərə yardım edəcəyini və onların əsla köməksiz qalmayacağını belə bildirmişdir:
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?! Ona görə də möminlər (yalnız) Allaha təvəkkül etsinlər! (Ali İmran surəsi, 160)
İnkarçı cəmiyyətlər tarix boyu iman edənlərin Allah yolunda olmasını, dini yaşamasını və təbliğ etməsini öz batil inancları yönündən təhlükəli görmüşlər. Bu səbəbdən, çox vaxt inananları zəiflətmək üçün yuxarıda bəhs etdiyimiz kimi, iftira və istehza kimi üsullara əl atmışlar. Bunu yetərli görmədikdə isə təhdid, həbs etmə və yurdlarından zorla çıxartma kimi müxtəlif yollara əl atmışlar.
Bu insanlara qarşı mübarizədə möminlərin zamanla qarşılaşdığı pis davranışlar inkarçı cəmiyyətin azğınlığını göstərir. Buna baxmayaraq, möminlər bu hərəkətlərə xeyir gözü ilə baxmış və başlanğıcda pis görünən hadisələrdə Allahın çox gözəl nəticə yaradacağına iman etmişlər. Həqiqi yaxşılığa və xeyirə çatmağın çətin anlarda səbir və təvəkkülü labüd etdiyini anlamışlar. Allah müsəlmanların bu gözəl xüsusiyyətini bir ayədə belə bildirir:
Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)
“Əhzab” surəsində bəhs edilən Peyğəmbərimizin dövründə baş vermiş bir hadisə bu gözəl hikmətin müəyyən hissəsini bizə göstərir. Həmin hadisədə inkarçılar tərəfindən hər yöndən mühasirəyə alınan möminlərin sınandığı və şiddətli sarsıntıya məruz qaldığı bildirilmişdir. Belə çətin imtahanda isə münafiqlər və qəlbində xəstəlik olanlar müxtəlif bəhanə ilə qaçaraq özlərini bəlli etmişlər.
Budur, belə bir çətin imtahan sayəsində möminlərin içində uzun zaman gizlənmiş qəlbində xəstəlik olanlarla, münafiqlər ortaya çıxmışdır. Gizli xərçəng xəstəliyinə bənzəyən həmin hiyləgər təşkilatlanma bu cür çətin vəziyyətdə dağılmışdır. Allahın rəhməti və dəstəyi möminlərin üzərində təcəlli etmişdir. Bu hadisədə münafiqlərin çirkin hərəkətinə baxmayaraq, möminlər hər çətinlikdə böyük xeyirlərin olduğunu görmüş, Allahın ayələri əsasında yaşadıqları üçün imanları güclənmiş və Allaha olan bağlılıqları artmışdır:
Möminlər (düşmən) dəstələrini gördükləri zaman: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri doğru söyləmişdir!” – dedilər. Bu (düşmən dəstələrinin gəlməsi) onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)
Bu nümunədə göründüyü kimi, çətinlik möminlər üçün xeyirə çevrilərkən, bunu dərk edə bilməyən, qəlbi xəstə olanların daha da inkara düşməsinə səbəb olmuş və onların əleyhinə dönmüşdür. Bundan başqa, bu hadisədə möminlərin pislərdən ayrılması ilə yanaşı, onlara zərər verməyə çalışan inkarçıların bütün cəhdləri boşa çıxmışdır. “Əhzab” surəsində inkarçıların heç bir xeyirə çata bilmədən kin və qəzəblə geri döndükləri belə xəbər verilmişdir:
Allah inkar edənləri qəzəbli olduqları bir halda püskürtdü. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibidir, qüdrətlidir. (Əhzab surəsi, 25)

