Dünya üzərində, Allaha inanmadığı halda bolluq və nemət içində yaşayan, bərəkətli torpaqlar, sağlam uşaqlar sahibi olan, uzun ömür sürmüş və hələ də sürməkdə olan bir çox insan var. Bu insanlar sahib olduqları ilə Allahı razı etmək yerinə harınlamaqda, bunlarla Rəbbimizin razılığını axtarmaq əvəzinə, Allahdan uzaqlaşmaqdadırlar. Hər keçən gün küfrləri artan və dayanmadan günah toplayan bu insanlar, sahib olduqlarının özləri üçün xeyir olduğunu zənn edirlər. Halbuki Allah Quranda bu insanlara verdiyi nemətlərin və tanıdığı müddətin hikmətini və sirrini bu ayələrlə açıqlamaqdadır:
Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək və kafir olduqları halda can vermələrini istəyir. (Tövbə surəsi, 85)
Kafirlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. (Ali İmran surəsi, 178)
Buna görə də onları bir müddətə qədər öz qəflətləri ilə baş-başa burax! Onlar zənn edirlər ki, özlərinə verdiyimiz mal-mülk və oğullarla Onların xeyri üçün tələsirik? Xeyr, onlar başa düşmürlər. (Muminun surəsi, 54-56)
Ayələrdə açıqlandığı kimi bu insanların sahib olduqları nemətlər, rəftarlarını dəyişdirib düzəltməsələr, onlar üçün şərdir. Onlara verilən müddət günahlarının daha da artması üçündür. Vaxtları dolduğunda isə nə malları, nə uşaqları, nə vəzifələri onları ağrılı əzabdan qurtara bilməz. Necə ki, Allah Məryəm surəsində daha əvvəlki insan nəsillərində də varlı və bolluq içində yaşayan, ancaq bu nemətlərin onları əzabdan qurtara bilmədiyi qövmlərin vəziyyətini bildirmişdir:
Onlardan əvvəl nə qədər insan nəsillərini dağıtmaya uğratdıq, onlar mal baxımından da, nümayiş baxımından da daha gözəl idilər. (Məryəm surəsi, 74)
Eyni ayənin davamında isə, bu insanlara müddət tanınmasının sirri belə açıqlanmışdır:
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı – əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər. (Məryəm surəsi, 75)
Allah sonsuz ədalətli və mərhəmətlidir. Hər şeyi hikmət və xeyirlə yaradır və hər insan etdiyinin qarşılığını əksiksiz olaraq alır. Bunu bilən möminlər, ətrafında baş verən hər hadisəyə Allahın yaratdığı hikməti və xeyri görmək niyyəti ilə baxarlar. Əks halda, insanlar həqiqətlərdən uzaq, aldadıcı bir dünya yaşayarlar.

