atmışlar?
Peyğəmbərlərin daim Allahın dinini təbliğ etməsi inkarçıları heç vaxt razı salmamışdır. Çünki deyilənləri anlayan və onu tətbiq etməyə başlayan insanlar tamamilə dəyişir, inkarçıların batil sistemlərindən uzaqlaşmağa başlayırlar. Məsələn, iman etdikdən sonra yalnız Allahdan qorxmalı olduqlarını bildikləri üçün artıq onları başqa heç nə ilə qorxutmaq mümkün olmur. Həmişə dinin mənafeyini üstün tutduqları üçün möminləri doğru yoldan döndərmək və ya çəkindirmək mümkün deyil. Bu insanlar hansı şəraitdə olursa- olsun, qarşılığında nə verilirsə-verilsin, ədalətdən və haqqı söyləməkdən çəkinməz, doğru bildiklərindən dönməzlər.
Bu vəziyyət isə inkarçıları narahat edər, çünki onların dünyəvi maraqları təhlükəyə düşər. Məsələn, inkarçılar öz düşüncə sistemlərini yaşatmağa və yaymağa çalışarkən, peyğəmbərlərin yetişdirdiyi möminlər yalnız Allahın əmrlərinə tabe olarlar. Onlar cahiliyyət sisteminin yanlışlığını və insanlara dünyada və axirətdə həqiqi səadət gətirən dinin gözəlliyini insanlara çatdırarlar.
Məhz bu səbəblərə görə inkarçılar hər dövrdə müxtəlif üsullarla göndərilən elçiləri dayandırmağa çalışmışlar. Bunun müxtəlif nümunələri Quranda möminlərə xəbər verilmişdir. İnkarçılar əvvəlcə son dərəcə əsassız və məntiqsiz sözlərlə peyğəmbərlərin gətirdiyi həqiqətləri inkar etməyə çalışarlar. Şifahi təhdidlərlə onları susdurmağa cəhd edərlər. Şifahi şəkildə nəticə ala bilmədikdə isə əməli üsullarla möminləri doğru yoldan döndərməyə çalışarlar. Lakin bu metodların heç biri nəticə verməmiş, elçilərin və saleh möminlərin gətirdiyi həqiqətlərə qarşı heç bir dəlil gətirə bilməmişlər.
Allah bir çox ayəsində inkarçıların şifahi hücumlarına, peyğəmbərlərə qarşı irəli sürdükləri əsassız iddialara nümunələr gətirmişdir:
Qövmünün inkar edən öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərməyi) diləsəydi, əlbəttə, mələkləri göndərərdi. Biz əcdadımızdan belə bir şey eşitməmişik. O, ancaq dəlilik əlamətləri olan biridir. Ona görə də bir müddətə qədər onu gözləyin!” (Muminun surəsi, 24-25)
O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”. (Muminun surəsi, 38)
… onlar: “Bu, çox yalançı bir sehrbazdır!” – dedilər. (Mömin surəsi, 24)
Quranda Allah bu cür iftiraların inkarçılar arasında sanki bir ənənəyə çevrildiyini belə bildirir:
Onlardan əvvəlkilərə də bir elçi gəldiyi zaman məhz belə demişdilər: “Bu sehrbazdır, yaxud divanədir!” Bunu (nəsildən-nəsilə) bir-birinə vəsiyyətmi etmişdilər?! Xeyr! Onlar azğın bir qövmdür. (Zəriyət surəsi, 52- 53)

