İngilislər almas mədənində işlətdikləri afrikalı qulların bir şey oğurlamadıqlarını görmək üçün işdən çıxanda onların rentgenlərini çəkirdi

Afrika: yeni müstəmləkəçilik

İmperialist qüvvələr təxminən 50 il olar ki, Afrikanı tərk edib. Artıq onlar hərbi qüvvələrlə Afrika ölkələrini təhdid etmir, rəsmi olaraq təyin etdikləri rəhbərlərlə bu bölgələri idarə etmirlər. Buna baxmayaraq, bir çox Afrika ölkəsinin tam suveren olduğundan və ya sərvətlərini xalqın minimum ehtiyaclarını təmin edəcək məhsuldarlıqda istifadə etdiyindən bəhs etmək mümkün deyil. Afrika postmüstəmləkə adlandırılan müstəmləkə dövründən sonra səfalət içində yaşamağa davam edir.

Postmüstəmləkəçiliklə bağlı yazdığı əsərlərlə tanınan akademik Parta Çaterji (Partha Chatterjee) “Milliyyətçi düşüncə və müstəmləkə dünyası” (Nationalist Thought and the Colonial World) adlı kitabında bu həqiqəti oxucularına belə çatdırır:

“Avropa və Amerika bizim üçün təkcə müstəmləkəçilik və istismar ssenarisini hazırlamamış, eyni zamanda antimüstəmləkəçi müqavimətimizi və postmüstəmləkə səfalətimizi də planlaşdırmışdır. Təxəyyülümüz belə sonsuza qədər müstəmləkə vəziyyətində qalmaq məcburiyyətindədir”.

İmperialist ölkələrin müstəmləkələri ilə rəsmi siyasi əlaqələrdən imtina etməsi, yəni bilavasitə müstəmləkə rejiminə son qoymuş kimi görünməsi, əslində, dövrün şərtlərinin tələb etdiyi strateji dəyişiklik ola bilərmi?

Bu sualın cavabını Londonda yerləşən “Səhiyyə və Yoxsulluq Hərəkatı”nın, həmçinin digər bir neçə qeyri-hökumət təşkilatının birgə səyi ilə hazırlanan bir hesabatla açıqlamaq olar. Həmin hesabatda Afrikaya idxal və ixrac edilən resursların ümumi miqdarı hesablanmış və belə bir nəticə əldə edilmişdir: Afrika hər il 192 milyard funt-sterlinq itirir və qitəyə təkcə 134 milyard funt-sterlinq daxil olur. Bu da Afrikanın hər il 58 milyard funt-sterlinq itirməsi deməkdir.

Maraqlısı budur ki, hər il bir çox ölkə Afrikanın inkişafı üçün rəsmi olaraq böyük məbləğlərdə yardımlar etməsinə baxmayaraq, qitə hələ də yoxsulluqla, hətta aclıqla üz-üzədir. İngiltərənin “The Guardian” qəzeti 15 iyul 2014-cü ildə nəşr olunan “Afrikaya yardım: Qərbin ianələri qitənin 60 milyard dollarlıq talanını ört-basdır edir” başlıqlı məqalədə bunun səbəbini belə açıqlayır: “Böyük Britaniya və digər zəngin dövlətlər şirkətlərinə Afrikanın sərvətlərini qarət etmələrinə icazə verir, eyni zamanda etdikləri yardımlarla səxavətlərindən zövq alırlar”.