İncildə qadının örtünməsi

Məzhəblərin, uydurma hədislərin qadını insan kimi yox, kölə kimi təsvir etmələri bu mövzunun

Məzhəblərin, uydurma hədislərin qadını insan kimi yox, kölə kimi təsvir etmələri bu mövzunun daha aktual olmasına səbəb olur. Bildiyimiz kimi sünni və şiə dinində qadın yarım varlıqdır, dini və ağlı əskikdir. Bütün sınaqlar, təcrübələr, iyrənc əməllər tarix boyu qadın üzərindən edilmişdir. Allah isə Quranda qadın və kişinin tam bərabər olduğunu dəfələrlə vurğulayır.

İnsanlar elə bilir ki, qadının örtünməsi qapqara əba geyinib, üzünə də niqab taxıb gəzməkdir. Ərəb adət-ənənəsini din deyə yeridənlər bunu belə aşılayıblar insanlara. Əvvəla qeyd edim ki, mən qadının hicab taxmağına, qara geyinməyinə, lap üzünü də örtməyinə, əllərinə əlcək geyinməyinə bir söz demirəm özü bilər, amma bunu İslamın əmri kimi etmək və fərz olduğunu iddia etmək, Allah adına yalan danışmaq sayılır. Az qala hicabı imanın şərti kimi təqdim edirlər ki, hicab qadının qeyrətidir, iffətidir və s. deməklə hicab taxmayan qadınlarda da qorxu formalaşdırmağa çalışırlar. Bu mövzunu araşdırdıqda hicab, qara maska, qadını aşağılamaq, onu cəmiyyətdən ayırmaq, evdən bayıra buraxmamağın haradan gəldiyini görmək mümkündür. Dəyişdirilmiş İncildə bu mövzuda nümunələr verəcəyəm.

Korintlilər 14:34. Qadınlarınız kilsələrdə səssiz olsun, çünki danışmaqlarına icazə yoxdur. Müqəddəs Qanunun bildirdiyi kimi itaətkar olsunlar.

Korintlilər 11:6-9. Əgər qadın örtünmürsə saçını kəsdirsin. Amma qadın üçün saçını kəsdirməsi və təraş edilməsi utanc vericidirsə, başını örtsün. Bir kişi isə Tanrının şəkili və ihtişamıdır, başını örtməli deyil, çünki kişi qadından deyil, qadın kişidən yaradıldı. Kişi qadın üçün deyil, qadın kişi üçün yaradıldı.

Timoteyus 2:11-15. Qadın səssizlik və tam bir təslimiyyət içində öyrənsin. Qadının bir kişiyə dərs verməsinə və kişi üzərində hakim olmasına icazə verməyin, amma səssizlik içində olmasına icazə verin. Çünki əvvəlcə Adəm, sonra isə Həvva yaradıldı. Aldanan da Adəm deyildi, qadın aldanıb günah işlədi. Qadın inanc, sevgi şərti ilə uşaq dünyaya gətirərək qurtuluşa çatacaqdır.

Saxta hədislərinin əksəriyyəti bunlardan qaynaqlanır. Quranda örtünməyə aid 3 ayə var. Bu 3 ayəyə baxaraq Allahın nəyi əmr etdiyini öyrənə bilərik. Quranın heç yerində başınızı örtün, saçınızı örtün, saçın bir teli də görünməsin deyə əmr yoxdur.

  • Dəstəmazda dəqiqliklə nəyi, haradan-haraya kimi yuyulacağını izah edən Allah (Maidə 6), açıq şəkildə başınızı, saçınızı örtün deyə bilməzdimi?
  • Miras bölgüsünü tam dəqiq bölgülərlə verən Allah (Nisa 11, 12) saçın örtülməsini bir ayədə yazıb deyə bilməzdimi?
  • Hətta Quranda verdiyin borcun belə yazılmasını buyuran Allah (Bəqərə 282), əlbəttə hicabı, saç örtməyi deyə bilərdi.
  • Saç övrət yeri deyil. Ona qalsa Qadının üzü, dodaqları, gözləri, yanaqları, ümumi cizgiləri saçdan daha cəlbedicidir. Bunları bağla deyilmir Quranda amma saçın örtülməsi deyilir?
  • Yaxın şərqdə hətta kişilər da başlarına çalma qoyur. Bu iqlimlə və adətlə əlaqədardır. Qadınlar da demək olar ki, hamısı başını örtür. İnancı olan da, olmayan da.
  • Maidə 6-da dəstəmaz alınan vaxt haralar yuyulur bildirilir. Qadınların gizli dəstəmaz alması haqqında da ayə yoxdur. Görəsən qadın ümumi yerdə dəstəmaz alanda qollarına, başına su vuranda başını açmırmı?
  • Bir kişi dəstəmaz alan bir qadına baxıb təhrik olursa, bu qadının günahı yox, kişinin psixoloji sapıq olmasındandır.
  • Qadınların qorunması üçün örtünməsi özlərinə aiddir. Buna kişi və ya əxlaq polisi məcbur edə bilməz. Bu ayə qadınlara aiddir. Nədənsə qadınlardan çox kişilər müzakirə edir.
  • Hər bir inanclı qadın öz xalqının, millətinin, toplumunun geyiminə uyğun olaraq Allahın Quranda əmr etdiyi kimi örtünə bilər.

İndi isə həmin ayələrə baxaq:

Nur 31. Mömin qadınlara da de ki, gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini qorusunlar. Qoy onlar–görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…

Bu ayənin çox uzun izahı var amma mən qısaca qeyd edəcəyəm. Gördüyümüz kimi ayədə hicab, baş örtüsü, saçı örtmək kimi açıq əmr yoxdur. “Görünənlər istisna olunmaqla” ifadəsinə isə hər alim bir rəy vermişdir. Qadın qalıb kənarda kişilər yığılıb bu ifadədə haraları örtmək lazım olduğunu müzakirə edib və sonra indiki nəticəyə gəliblər. “Khumur” çoxluq bildirən söz olub, kökü Khamara “örtmək” mənasına gəlir. Sadəcə baş örtüsü üçün deyil bütün örtülər üçün istifadə edilir. Ərəb dilində bu söz, xalça və xalı üçün də istifadə edildiyi yazır. Bu sözün tək halı olan Khamr sərxoşedici maddələr üçün ağılı örtən mənasında da istifadə edilir (Maidə 90). Allah inanan qadınlara örtülərini sinələrinin üzərinə salınmasını əmr edir, başlarına yox. Məqsəd övrət yer olan sinənin örtülməsidir, saçın deyil.

Əhzab 59. Ey Nəbi, həyat yoldaşlarına, qızlarına və möminlərin qadınlarına de ki, cilbabları (çadra) ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.

Cilbab sözünü heç dəyişmədən verdim. Cilbab üst geyimi deməkdir. Bayıra çıxanda üzərinizə geyinin deyilir. Diqqət edin tanınması üçün. Deməli cahiliyyə dövründə qadınların çoxu açıq-saçıq gəzirdi. Allah da bu əmri verməklə mömin qadınların fərqlənməsini istəyib. Cahiliyyə dövründə qadınların açıq-saçıq gəzməsinin sübutu:

Əhzab 33. Evlərinizdə qərar tutun. İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin…

Bu ayələrdən sonra ümid edirəm Nur surəsi 31-ci ayədəki “örtüklərinizi sinənizə çəkin” ifadəsi tam anlaşılmışdır. Allah bu ayədə cilbab geyməyin şərtli olduğunu bildirir. Yəni əgər evdən çıxarkən qadın üçün təhlükə varsa, o cilbab geyməlidir. Yox əgər belə bir vəziyyətdən söz getmirsə, yəni qadın özünü əmin-amanlıqda hiss edirsə cilbab onun üçün vacib olmur. Yəni bu, şəxsi seçimdir. Məsələn: Azərbaycanda böyük bir hissəsi cilbab geymədiyi halda özünü əmin-amanlıqda hiss edir. Lakin İran, Səudiyyə, Əfqanıstan kimi ölkələrdə cilbabsız halda təzyiqə məruz qalmaq qorxusu vardır. Həmin ayənin hökmü də bu kimi situasiyaları əhatə edir.

Nur 60. Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən üst geyimlərini soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir.

Burada isə yaşlı qadınlar üçün bir ayrıcalıq bildirilmişdir. Yəni onlar üst geyimlərini almadan da bayıra çıxa bilərlər. Amma bu o demək deyil ki, onlar açıq-saçıq çıxırlar. Nur surəsi 31-ci ayədə dediyi kimi örtünən istənilən qadın təsəttürlü sayılır.

Əhzab 52. Bundan sonra başqa qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir…

Məsələnin məğzi buradadır deyə bilərik. Bu ayədə Məhəmməd Peyğəmbərin (s) belə qadın gözəlliyindən etkiləndiyini bildirilir. Əgər qadın başdan ayağa qara geyimdə olsa, üzü niqabda olsa, kişi qadın gözəlliyini necə görüb heyran ola bilər ki? Bu ayə bizə göstərir ki, Elçi zamanında qadınlar heç də indiki kimi, başdan ayağa bürünməmiş, Quranın əmr elədiyi kimi örtünüblər. Fətva verənlər qadının üzünə niqab taxmaqla sakitləşməyib, hətta qadının kəsilmiş dırnağının da kişini ehtiraslandıracağını deyib o dırnağı gizlincə basdırmağı əmr ediblər.

Həm də elə təəssürat yaranmasın ki, təsəttür 7-ci əsrdə gəlmişdir, xeyr. Allah ilk insandan bəri bunu fərz qılmışdır.

Əraf 26. Ey Adəm oğulları, sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir.