İncildə axırzaman

Xristianların böyük əksəriyyəti Axırzaman və hz

Xristianların böyük əksəriyyəti Axırzaman və hz. İsanın yer üzünə ikinci dəfə gəlişinə inanır. Xristianlar öz qaynaqlarına əsaslanaraq Axırzaman əlamətlərinin bir-bir həyata keçdiyini və hz. İsanın ikinci dəfə yer üzünə gəlişinin yaxın olduğunu düşünürlər. Bu, İncildə belə açıqlanır:

İsa Zeytun dağında oturarkən şagirdləri yanına gəldilər. “Bizə söylə” – dedilər, “bu dediklərin nə vaxt baş verəcək, sənin gəlişini və dövrün sonunu göstərən əlamət hansı olacaq?” İsa şagirdlərinə ikinci dəfə gəlişini və son (axır) zamandan əvvəl ard-arda həyata keçəcək əlamətləri gözləmələrini dedi. (Matta 24:3)

Xristian qaynaqlarında xəbər verilən və Axırzaman hədisləri ilə qeyri-adi bənzərlik daşıyan əlamətlərin bəziləri bunlardır:

  • Saxta peyğəmbər və məsihlərin ortaya çıxması

Bir çoxları “Məsih mənəm”– deyərək mənim adımdan gələcək, bir çox insanları azdıracaqlar. (Matta 24:5)

Bir çox saxta peyğəmbərlər törəyəcək və bunlar bir çox insanları azdıracaqlar. (Matta 24:11)

Son illərdə Jim Jones, David Koresh və bir çoxları Məsih olduğunu iddia etmişlər. Xristianların fikrinə görə, bu saxta peyğəmbərlər sonuncu saxta Məsih olan Dəccalın gəlişinin başlanğıcıdır.

Peyğəmbərimizin hədislərində isə bu vəziyyətə belə işarə edilir:

Hər biri Allahın Rəsulu olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikçə qiyamət qopmayacaq. (Tirmizi, Fitən 43; Əbu Davud, Məlahim 16)

  • Müharibələr

Müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz. Qətiyyən qorxmayın! Bunlar olmalıdır, amma bu, hələ son demək deyil. (Matta 24:6)

Son dövrlərdə dünyanın hər tərəfindən müharibə və qarşıdurma xəbərləri gəlir. Xüsusilə, Axırzamanda artan bu hadisələr xristianlar tərəfindən də əlamət kimi dəyərləndirilir.

Xalq xalqla, dövlət dövlətlə müharibə edəcək, bəzən qıtlıqlar, zəlzələlər olacaq. (Matta 24:7)

20-ci əsr, tarix boyu müharibələrdə həyatını itirənlərin ən çox olduğu dövr olmuşdur. Kütləvi qırğın silahlarının (nüvə, kimyəvi və bioloji) istifadəsi nəticəsində yaranan bu vəziyyət hədislərdə də eynilə Xristian qaynaqlarında izah edildiyi kimi vurğulanmışdır.

Dünya hərc-mərclik içində qaldıqda, fitnələr zühur etdikdə, yollar kəsildikdə, bəziləri bəzilərinə hücum etdikdə…” (Qiyamət, Axirət və Axırzaman əlamətləri, səh. 454)

  • Qıtlıqlar

Xalq xalqla, dövlət dövlətlə müharibə edəcək, bəzən qıtlıqlar, zəlzələlər olacaq. (Matta 24:7)

Qıtlıq uzun illərdir, Efiopiya və Sudan kimi ölkələr başda olmaqla, Afrikada yaşanan və hər yaşdan insanın ölümünə səbəb olan əsas problemdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2000-ci ildəki hesabatına görə, 826 milyon insan qeyri-kafi qidalanır. Başqa sözlə desək, dünyadakı hər altı insandan biri aclıqdan əziyyət çəkir. Bu vəziyyət İslami qaynaqlarda olduğu kimi, xristianlar tərəfindən də axırzamanın xəbərçisi kimi qəbul edilir.

Qıtlığın və yoxsulluğun yayılması hədislərdə axırzaman əlaməti olaraq göstərilir:

Aclıq və həyat bahalılığı geniş yayılacaq. (Ölüm-Qiyamət-Axirət və Axırzaman əlamətləri, səh. 440)

  • Zəlzələlər və təbii fəlakətlər

Xalq xalqla, dövlət dövlətlə müharibə edəcək, bəzən qıtlıqlar, zəlzələlər olacaq. (Matta 24:7)

Tarix boyu dünyada zəlzələlər baş vermişdir. Xristianların şərhinə əsasən, bunların sayı hz. İsanın dünyaya qayıtmasına yaxın daha da artacaq. Son bir neçə il ərzində tez-tez meydana gələn böyük zəlzələlər dünya ictimaiyyətinin gündəmində ilk sıralarda yer alır. Amerikanın Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatına görə, 1999-cu ildə dünyada böyük və ya kiçik şiddətdə 20.832, 2021-ci ildə isə 23.753 zəlzələ baş vermişdir. Rəsmi açıqlamalara görə, bu zəlzələlərdə təqribən 22.711 insan həyatını itirmişdir.

Keçmişə nəzər yetirdikdə həmin dövrlərdə zəlzələlərin sayının çox az olduğunu görürük. ABŞ Geoloji Araşdırma Təşkilatının (USGS) hesabatına əsasən, 1556-1975-ci illər arasında, təxminən 400 il ərzində baş verən 5 bal gücündə və daha güclü zəlzələlərin sayı 110-dur. 1980-2003-cü illər arasındakı 23 il ərzində baş verən 6.5 bal gücündə və daha şiddətli zəlzələlərin sayı isə 1685-dir. Şübhəsiz ki, bu rəqəmlər Hicri təqviminin 1400-cü ilinin başlanğıcından etibarən zəlzələlərin sayının artmasını açıq şəkildə ortaya qoyur.

1990-cı illərdən bəri çoxlu sayda tropik fırtına, tornado və qasırğa meydana gəlmiş, küləklərin sürətinin 320 km/s-dan yüksək olduğu qeydə alınmışdır. Zəlzələlər, qasırğalar kimi təbii fəlakətlərin Axırzaman əlaməti olduğu hədislərdə belə bildirilmişdir:

“Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq…” (Ramuz-Əl-Əhadis, 476/11)

Qiyamətdən əvvəl on əlamət görmədən O qopmayacaq. Onuncusu, insanları dənizə atan qasırğa… (Qiyamət Əlamətləri, səh. 288)

  • Axırzamanda dinsizliyin artması

Bunu bil ki, son günlərdə çətin anlar olacaq. İnsanlar özünü sevən, pul hərisi, öyünən, təkəbbürlü, söyüşkən, ata-ana sözü eşitməyən, nankor, sevgidən məhrum, uzlaşmayan, böhtançı, özünə nəzarət edə bilməyən, azğın və yaxşılıq düşməni olacaqlar. Xain, tələskən, özündənrazı, Allahdan çox əyləncəni sevən, Allahın yolunu tutmuş kimi görünüb, bu yolun gücünü inkar edənlər olacaqlar. Belələrindən uzaq ol. (Timothy 3:1-5)

“Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz.” (Kitabül-Burhan Fi Əlamətil Mehdiyyil Axırzaman, səh. 27)

  • Azğın fəlsəfələrin yayılması

Xristianlara görə, Axırzamanda xristian inancından uzaqlaşma baş verəcək. Bir çox xristian məzhəbləri İncilin əsl təlimlərindən uzaqlaşacaq və “New Age” hərəkatlarına, Şərq dinlərinə, meditasiya, reinkarnasiyaya, astrologiyaya, ölülərlə əlaqəyə, bütpərəstlik, cadugərlik kimi müxtəlif inanclara yönələcəklər.

Ruh açıq şəkildə deyir ki, sonrakı zamanlarda bəziləri imandan üz döndərəcək. Vicdanları sanki qızğın dəmirlə dağlanan yalançıların ikiüzlülüyü səbəbindən hiyləgər ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar. Bu yalançılar evlənməyi qadağan edəcək, Allahın iman gətirən və həqiqəti bilənlərin şükür edərək yeməsi üçün yaratdığı yeməklərdən çəkinilməli olduğunu buyuracaqlar. (Timothy 4: 1-3)

Bu vəziyyət hədislərdə belə vurğulanmışdır:

Haram şeylərin halal sayılması… qiyamət əlamətlərindəndir. (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, səh. 454)

Axırzamanda ümmətim haqqında ən çox narahat olduğum: Ulduzlara (ulduz falına inanmaq), taleni yalanlamaq… (Ramuz-Əl Əhadis, 1/1540)

  • Pisliklərin sürətlə çoxalması

Pisliklərin çoxalması səbəbindən bir çoxlarının sevgisi soyuyacaq. (Matta 24:12)

Hal-hazırda zorakılıq, terrorizm, cinayət, təcavüz, fırıldaqçılıq, narkotik istifadəsi, işgəncə, alkoqolizm, oğurluq, kin, homoseksuallıq kimi məfhumlar gündən-günə artır. Bu vəziyyət xristian qaynaqlarında Axırzaman əlaməti kimi belə xəbər verilmişdir:

Bunu bil ki, son günlərdə çətin anlar olacaq. İnsanlar özünü sevən, pul hərisi, öyünən, təkəbbürlü, söyüşkən, ata-ana sözü eşitməyən, nankor, sevgidən məhrum, uzlaşmayan, böhtançı, özünə nəzarət edə bilməyən, azğın və yaxşılıq düşməni olacaqlar. (Timothy 3: 1-4)

Axırzamanla bağlı hədislərə baxdığımız zaman isə bu sürətli degenerasiya müddəti belə xəbər verilir:

Pislərin çoxaldıqca çoxalması, yalançıların doğru qəbul edilib, doğruların yalançı hesab edilməsi, xainlərin etibarlı, etibarlı kəslərin xain sayılması… qiyamət əlamətlərindəndir. (Son zamanlarla bağlı hədislər, səh. 92)

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qətliamlar geniş yayılacaq… (Camiüs-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)

  • Günəş və ulduzlarda işarələrin olması

Günəşdə, Ayda və ulduzlarda işarələr olacaq. (Luka 21:25)

“Günəş əlamət kimi doğulmadıqca Mehdi zühur etməyəcək.” (Kitabül-Burhan Fi Əlaməti-il Mehdiyy-il Axırzaman, səh. 33)

Xristian qaynaqlarına görə, Günəşdə yaranacaq bu əlamət 20-ci əsrdə qeydə alınan böyük partlayış ola bilər. Bundan əlavə, 11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin sonuncu tam Günəş tutulması olmuşdur. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını belə uzun müddət izləyə bilmiş və tədqiq etmək fürsəti əldə etmişdir. Bu hadisə də Peyğəmbərimizin hədisində bildirilən “Günəşdən bir əlamət” kimi qiymətləndirilə bilər (Doğrusunu Allah bilir).

Bütün bunlar onu göstərir ki, İslam dinində olduğu kimi, xristian qaynaqlarında da Axırzaman əlamətlərindən bəhs edilir, xilaskar və Məsih gözlənilir.

Axırzaman din əxlaqının yer üzündə hakim olduğu, hz. Mehdinin öndərliyi ilə İslamın əslinə qaytarıldığı və geniş şəkildə yaşandığı, həmçinin Hz. İsanın vəsiləsi ilə xristian dünyasının da bu gözəl əxlaq hakimiyyətinə qatıldığı, Qızıl dövr ilə nəticələnən mübarək bir dövrdür. Xristian qaynaqlarında bu hadisəyə belə diqqət çəkilir:

Bu hadisələr reallaşmağa başladıqda doğrulun və başlarınızı qaldırın. Çünki qurtuluşunuz yaxındır deməkdir. (Luka 21:28)

Uca Allah gözəl əxlaqın hakimiyyətini Quranda bütün möminlərə belə müjdələmişdir:

Allah sizlərdən iman gətirib, yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)