Allah birdir
Sizin İlahınız tək bir İlahdır; Ondan başqa İlah yoxdur… (Bəqərə surəsi, 163)
… O Allah, birdir. (İxlas surəsi, 1)
İncil
…Allahımız olan Rəb tək Rəbdir. Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sev… “Allah təkdir və Ondan başqası yoxdur” deməklə doğru olanı söylədin. (Mark, 12: 29-32)
Tövrat
Ya Rəb, bir bənzərin yoxdur, Səndən başqa İlah da yoxdur!.. (1 Salnamələr, 17: 20)
Rəb, özü Allahdır, Ondan başqası yoxdur biləsən deyə sənə bu göstərildi. (Qanunun Təkrarı, 4: 35)
Allah hər şeyin rəbbidir
Həqiqətən, sizin məbudunuz Təkdir! O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir. (Saffat surəsi, 4-5)
İncil
… Ey Əfəndimiz! Yeri göyü, dənizi və onların içindəkilərinin hamısını yaradan Sənsən. (Həvarilərin İşləri, 4: 24)
Yalniz Allaha qulluq etmək
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”… (Ali İmran surəsi, 64)
İncil
… “Allahın olan Rəbbə tapın, tək Ona qulluq et!” deyə yazılmışdır. (Matta, 4: 10)
Tövrat
Amma siz yollarımdan sapar, qaydalarımı, buyruqlarımı buraxar, gedib başqa ilahlara qulluq edər, tapınsanız, sizə verdiyim ölkədən sizi söküb atacağam… (2 Salnamələr, 7: 19-20)
Allahı ucaltmaq
… Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur… (Yunus surəsi, 65)
Ərşin sahibidir; Məcid (çox uca)dir. (Buruc surəsi, 15)
Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de! (Əla surəsi, 1)
İncil
Qürur və ucalıq sonsuza qədər bütün çağların Kralı olan ölümsüz, görünməz tək Allahın olsun… (1 Timoteyə, 1: 17)
Tövrat
Ya Rəbb, böyüklük, güc, ucalıq, zəfər və şöhrət Sənindir. Göydə və yerdə olan hər şey Sənindir. Hakimlik Sənindir, ya Rəbb! Sən hər şeydən ucasan. Zənginlik və qürur Səndən gəlir. Hər şeyə hakimsən. Güc və səlahiyyət Sənin əlindədir. Birini yüksəltmək və gücləndirmək Sənin əlindədir. İndi, ey Allahımız, Sənə şükür edirik, uca adını tərifləyirik. (1 Salnamələr, 29: 11-13)
Ey bütün xalqlar, Rəbbi öyün, Rəbbin gücünü, ucalığını öyün. (1 Salnamələr, 16: 28)
Allaha şükür etmək
Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur… (Səba surəsi, 1)
Tövrat
Qapılarına təşəkkürlə, həyətlərinə həmd ilə girin; Ona şükür edin, adını təqdis edin. (Zəbur, 100: 4)
Rəbbə adına həmd edin… (Zəbur, 113: 1)
… Mən Sənə şükür edirəm və həmd edirəm… (Daniel, 2: 23)
Sənə şükür edirik, ey Allah; şükür edirik… (Zəbur, 75: 1)
Allahın adları
O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 22-24)
Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir. Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər ancaq Allaha qaytarılacaqdır. O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir. (Hədid surəsi, 2-6)
Tövrat
O Allah ki, göyləri və yeri, dənizi və içindəkiləri hər şeyi yaradandır… (Zəbur, 146: 6)
Rəbb böyükdür və çox həmdə layiqdir; Və Onun böyüklüyünü ağıl almaz. (Zəbur, 145: 3)
Rəbb Raufdur və Rəhmdir; Çox səbirlidir və inayəti böyükdür. Rəbb hər kəsə yaxşıdır… (Zəbur, 145: 8-9)
Rəbb bütün yollarında ədalətlidir, Və bütün işlərində inayətlidir. (Zəbur, 145: 17)
Rəbb Özünü sevənlərin hamısını qoruyar; Və bütün pisləri həlak edər. (Zəbur, 145: 20)
Rəbb Rəhmdir və Raufdur. Çox səbirlidir və inayəti çoxdur. (Zəbur, 103: 8)
… Allahın adı əzəldən əbədiyyətə qədər mübarək olsun; çünki hikmət Onundur. Və vaxtları və zamanları dəyişdirən Odur; krallar məhv edər, və krallar yaradar: hikmətlilərə hikmət, və anlayışlılara bilgi verər; dərin və gizli şeyləri O açar; qaranlığın içində nə vardırsa bilər və işıq Onun yanındadır.” (Daniel, 2: 20-22)
Bilin ki, Rəbb, O Allahdır; Bizi yaradan Odur, biz Ona aidik; Onun qövmüyük … (Zəbur, 100: 3)
Allah vədindən dönməz
… Allahdan daha çox əhdə vəfa edən kimdir?… (Tövbə surəsi, 111)
Tövrat
… Bütün varlığınızla və ürəyinizlə bilirsiniz ki, Tanrınız Rəbbin sizə verdiyi sözlərdən heç biri boş çıxmadı; hamısı reallaşdı… (Yeşua, 23: 14)
Allah hər yeri əhatə edəndir
…Bilin ki, O, hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)
Şərq də Allahındır, qərb də. Hər hara dönsəniz Allahın üzü (qibləsi) orasıdır. Şübhəsiz ki Allah, əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 115)
Tövrat
Əgər göylərə çıxsam, Sən oradasan… Səhərin qanadlarını alsam, dənizin dibinə qoyulsam; orada da Sənin əlin mənə yol göstərər… (Zəbur, 139: 8-10)
Allah gizlinin gizlisini bilər
Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir. (Taha surəsi, 6-7)
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)
Tövrat
Oturmamı və durmamı Sən bilirsən; Düşüncəmi anlayırsan, yolumu və yatdığım yeri ayırd edirsən, Və bütün yollarımı yaxşı bilirsən. Çünki dilimə gətirdiyim söz yox ikən, məhz ya Rəbb, Sən onu tamamilə bilirsən. (Zəbur, 139: 2-4)
Allahı tərk edib bütləri tanrı qəbul edənlər
İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)
Rəbbin istədiyini yaradır və istədiyini də peyğəmbər seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Qəsas surəsi, 68)
Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)
İncil
Onlar Allah ilə əlaqədar həqiqətin yerinə yalanı qoydular. Yaradanın yerinə varlığa tapınıb qulluq etdilər. Halbuki Allah sonsuza qədər təriflənməyə layiqdir… (Romalılara, 1: 25)
Tövrat
Siz isə Məni qoyub və başqa ilahlara qulluq etdiniz… Gedin və seçdiyiniz ilahlara fəryad edin; çətinliyə düşdüyünüzdə onlar sizi qurtarsınlar. (Hakimlər, 10: 13-14)
İsraillilər Rəbbin gözündə pis olanı etdilər, Baallara tapındılar. Özlərini Misirdən çıxaran atalarının Allahı, Rəbbi tərk etdilər… Çünki Rəbbi tərk edib Baala və Aştoretlərə tapındılar. (Hakimlər, 2: 11-13)
İnsanlarin deyil, Allahın məmnuniyyətini istəmək
Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır. (Tövbə surəsi, 62)
İncil
Tərsinə, Allah tərəfindən müjdəni əmanət almağa layiq görüldüyümüz üçün, biz insanları deyil, ürəklərimizi sınayan Allahı məmnun edəcək şəkildə danışırıq. (1 Saloniklilərə, 2: 4)
Allahın endirdiyi sözə təslim olmaq
Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! (Zumər surəsi, 55)
Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. (Əhzab surəsi, 2)
İncil
Bunun üçün hər cür murdarlığı və hər tərəfə yayılmış pisliyi üstünüzdən sıyırıb ataraq, içinizə əkilmiş və canlarınızı qurtaracaq gücdə olan sözü təvazökarlıqla qəbul edin. (Yaqub, 1: 21)
Tövrat
Və ümidlərini Allaha bağlasınlar və Allahın işlərini unutmasınlar, Ancaq Onun əmrlərini tutsunlar. (Zəbur, 78: 7)
Allahın əhdini tutmadılar və Onun şəriətində yaşamaq istəmədilər. (Zəbur, 78: 10)
Kim Mənim qanunlarıma əməl edər və haqq olanı etmək üçün hökmlərimə tabe olar; saleh olan odur… (Yezekel, 18: 9)
Allaha yönəlmək
Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et! (Müzzəmmil surəsi, 8)
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir… (Rad surəsi, 22)
Tövrat
“Rəbbə və Onun gücünə baxın, dayanmadan Onun razılığını axtarın!” (1 Salnamələr, 16: 11)
Eşidib-tətbiq etmək
O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)
Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!” – demələridir. Nicat tapanlar da məhz onlardır. (Nur surəsi, 51)
İncil
Çünki Allah Qatında təmizlənənlər Onun qanunu eşidənlər deyil, Qanunu yerinə yetirənlərdir. (Romalılara, 2: 13)
Tövrat
Və ümidlərini Allaha bağlasınlar. Allahın işlərini unutmasınlar, Ancaq Onun əmrlərinə tabe olsunlar. (Zəbur, 78: 7)
Allah hər şeyi bir qədər ilə yaratmışdır
Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. (Qamər surəsi, 49-50)
Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 8)
Tövrat
Hər şeyin zamanı və göylər altında hər işin vaxtı var… (Vaiz, 3: 1)
Bilirəm ki, Allahın etdiyi hər şey əbədi olacaq; ona bir şey əlavə olmaz və ondan bir şey azaldılmaz… (Vaiz, 3: 14)
Hər şey bir kitabda yazılıdır
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)
Tövrat
Gözlərin məni döl ikən gördü; Və hələ onlardan heç biri yox ikən, mənim üçün təyin olunan günlərin hamısı Sənin kitabında yazılmışdılar. (Zəbur, 139: 16)
Haqsız yerə insan öldürməmək
… Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)
İncil
… Adam öldürmə, zina etmə, oğurluq etmə, yalan yerə şahidlik etmə, kimsənin haqqını yemə, ana-atana hörmət göstər. (Mark, 10: 19)
Tövrat
Qətl etməyin! (Çıxış, 20: 13)
… Vaxtı gəlsin deyə öz içində qan tökən şəhər və özünü murdar etmək üçün öz əleyhinə bütlər düzəldən şəhər! Sən tökdüyün qanınla günahkar oldun… (Yezekel, 22: 3)
… Məmləkətdə həqiqət, yaxşılıq və Allah bilgisi yoxdur. Lənət, yalan, adam öldürmək, oğurluq və zinadan başqa bir şey yoxdur; zorbalıq edirlər və qan üzərinə qan tökürlər. Bundan ötəri məmləkət yas tutacaq. (Huşə, 4: 1-3)
Zina etməmək
Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (İsra surəsi, 32)
Tövrat
Zina etməyin! (Çıxış, 20: 14)
İncil
İsa belə davam etdi: “İnsanı kirlədən, insanın içindən çıxandır. Çünki pis düşüncələr, cinsi əxlaqsızlıq, oğurluq, cinayət, zina, acgözlük, pislik, hiylə, pozğunluq, qısqanclıq, böhtan, qürur və ağılsızlıq daxildən, insanın ürəyindən qaynaqlanar. Bu pisliklərin hamısı daxildən qaynaqlanar və insanı kirlədər.” (Mark, 7: 20-23)
Oğurluq etməmək
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Mumtəhənə surəsi, 12)
Tövrat
… Oğurlamayın və hiylə ilə davranmayın!… (Levililər, 19: 11)
Yalan yerə şahidlik etməmək
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)
Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun… (Nisa surəsi, 135)
Tövrat
Yalan xəbər aparma! Haqsız şahid olmaq üçün pisə əl vermə! Pislik üçün çoxluğun arxasında olma! Bir iddiada ədaləti pozmaq üçün çoxluğun ardınca saparaq söyləmə… (Çıxış, 23: 1-3)
Pisi günahsız çıxaran və salehi pisləyən… (Süleymanın Məsəlləri, 17: 15)
Onun üçün Rəbdən qorxun, diqqətlə mühakimə edin. Çünki Allahımız Rəbb kimsənin haqsızlıq etməsinə, kimsəni Qoruyaraq müvəffəqiyyətini təmin etməsinə, rüşvət almasına göz yummaz. (2 Salnamələr, 19: 7)
Kimsənin haqqını yeməmək
Qohum-əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır. (Rum surəsi, 38)
Qohuma haqqını ver, yoxsula və yolda qalmışa da… (İsra surəsi, 26)
Tövrat
“Kara lənət etməyin, korun önünə əngəl qoymayın və Allahından qorxun!; Mən Rəbbəm. Hökmdə haqsızlıq etməyin; kasıbın xətrini saymayın, qüdrətlinin xətrini etibar etməyin və qonşuya ədalətlə hökm edin” (Levililər, 19: 14-15)
Kimsəyə haqsızlıq etməz, ancaq borclunun qoyduğu girovunu geri verər və soyğunçuluq etməz, ac olana çörəyini verər, çılpaq olana paltar geydirər; faizlə pul verməz… əlini pislikdən çəkər, iki adam arasında həqiqətə görə ədalətli davranar. (Yezekel, 18: 7-8)
Ana-ataya hörmət
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de. (İsra surəsi, 23-24)
Tövrat
Ana-atana hörmət et… (Çıxış, 20: 12)
Möhtacların qorunması
… “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Bəqərə surəsi, 215)
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Tövrat
Qərib olana haqsızlıq etməyin və ona qəddarlıq etməyin; çünki siz Misir diyarında qərib idiniz, heç bir dul qadını və yetimi incitməyin. Əgər onları incitsəniz və Mənə fəryad etsələr, onların fəryadını mütləq eşidəcəyəm… (Çıxış, 22: 21-23)
Zəifin və yetimin iddiasını görün; sıxıntıda olana və yoxsula ədalətli olun. Zəifi və kasıbı kömək edib xilas edin; onları pislər əlindən azad edin. (Zəbur, 82: 3-4)
Çünki öz qardaşından səbəbsiz girov aldın, çılpaqların belə libasını soydun. Yorğuna su içirmədin, ac olandan çörəyi əsirgədin. Qüvvətli adama gəldikdə, torpaq onun oldu və orada etibarlı adam oturdu. Dul qadınları əli boş göndərdin və yetimlərin qolları qırıldı… (Əyyub, 22,6-9)
İnfaq etmək
Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. (Ali İmran surəsi, 92)
Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir. (Bəqərə surəsi, 273)
… Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” … (Bəqərə surəsi, 219)
İncil
… İki köynəyi, birini heç köynəyi olmayana versin; yeməyi olan da bunu heç yeməyi olmayanla paylaşsın… (Luka, 3: 11)
Ehtiyac içində olan müqəddəslərə kömək edin. Qonaqpərvər olun. (Romalılara, 12: 13)
Aralarında yoxsul olan yox idi. Çünki torpaq ya da ev sahibi olanlar bunları satar, satdıqlarının əvəzini gətirib elçilərin buyruğuna verərdilər. Hər kəsə ehtiyacına görə paylanardı. (Elçilərin İşləri, 4: 34-35)
Göstəriş üçün infaq etməkdən çəkinmək
Və onlar, mallarını insanlara göstəriş olsun deyə infaq edərlər… (Nisa surəsi, 38)
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin… (Bəqərə surəsi, 264)
Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar… (Bəqərə surəsi, 271)
İncil
Diqqət edin! Edəcəyiniz doğru işləri nümayiş üçün insanların gözü qarşısında etməyin… (Matta, 6: 1)
Bu səbəblə, birinə sədəqə verəcəyiniz zaman bunu elan etmək üçün önünüzdə şeypur çalmayın. İkiüzlü kəslər, insanların tərifini qazanmaq üçün sinaqoqlarda və küçələrdə belə edərlər. Sizə doğrusunu söyləyim, onlar mükafatlarını almışlar! Siz sədəqə verdiyiniz zaman, sol əliniz sağ əlinizin nə etdiyini bilməsin. Belə ki, verdiyiniz sədəqə gizli qalsın… (Matta, 6: 2-4)
Yaxşılıq edənlərin alacağı qarşılıq
Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür. (Bəqərə surəsi, 110)
İncil
Onlara, yaxşılıq etmələrini, yaxşılıqdan yana zəngin olmalarını, comərd və paylaşmağa istəkli olmalarını buyur. Beləliklə gerçək həyata qovuşmaq üzrə gələcək üçün özlərinə möhkəm təməl olacaq bir xəzinə yığmış olarlar. (1 Timoteyə, 6: 18-19)
Ruzini verən Allahdır
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)
Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rad surəsi, 26)
İncil
Bu səbəblə sizə bunu söyləyirəm: “Nə yeyib içəcəyik?” deyə canınız üçün, ya da “Nə geyəcəyik?” deyə bədəniniz üçün narahat olmayın. Can yeməkdən, bədən də geyimdən daha əhəmiyyətli deyilmi? Göydə uçan quşlara baxın! Nə əkər, nə biçər, nə də anbarlarda yemək yığarlar… Siz onlardan daha qiymətli deyilsinizmi? Hansı biriniz narahat olmaqla ömrünü bir anlıq uzada bilər?.. Elə isə, “Nə yeyək, nə içəcəyik”’ ya da “Nə geyəcəyik?” deyərək narahat olmayın. Xalqlar həmişə bu şeylərin arxasından gedərlər… Siz əvvəl Onun hakimiyyətinin və Ondakı doğruluğun ardından gedin, o zaman sizə bütün bunlar da veriləcək. (Matta, 6: 25-27, 31-33)
Tövrat
Hamısının gözləri Səni gözləyər. Zamanında yeməklərini onlara verən Sənsən. Əlini açaraq hər yaşayanı diləyinə görə doyuransan. Rəbb bütün yollarında ədalətlidir və bütün işlərində inayətlidir. (Zəbur, 145: 15-17)
İbadətdə göstərişdən çəkinmək
Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar (Maun surəsi, 4-6)
İncil
Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın. Onlar, hər kəs özlərini görsün deyə sinaqoqlarda və küçələrin başlarında dikilib dua etməkdən zövq alarlar. Sizə doğrusunu söyləyim, onlar mükafatlarını almışlar. Siz isə, dua edəcəyiniz zaman otağınıza girib qapını örtün… dua edin… (Matta 6: 5-6 )
İsa təlim öyrədərək dedi: “İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı, sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar. Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq”. (Mark, 12: 38-40)
Tövrat
… Dillərində Sən yaxınsan, lakin könüllərindən uzaqsan. (Yeremya, 12: 2)
Səmimi dua
Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (Əraf surəsi, 55)
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)
O, əbədi Yaşayandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mümin surəsi, 65)
Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir! (Bəqərə surəsi, 153)
… “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)
İncil
Hər cür dua və yalvarışla, hər zaman Ruhun rəhbərliyində dua edin… (Efeslilərə, 6: 18)
Özünüzü duaya verin. Duada ayıq-sayıq olun və şükür edin. (Kolosselilərə 4: 2)
Biz isə özümüzü duaya və Allah sözünü yaymağa həsr edək. (Elçilərin İşləri, 6: 4)
Dua etdiyinizdə, bütpərəstlər kimi boş sözlər təkrarlamayın. Onlar, söz çoxluğuyla səslərini eşitdirə biləcəklərini sanarlar. Siz onlara bənzəməyin!.. Bunun üçün siz belə dua edin: “… Adın müqəddəs olsun. Hakimiyyətin gəlsin. Göydə olduğu kimi, yer üzündə də Sənin istədiyin olsun. Bu gün bizə gündəlik çörəyimizi ver. Bizə qarşı günah törədənləri bağışladığımız kimi, Sən də bizim günahlarımızı bağışla. Yoldan çıxmamıza icazə vermə. Pis olandan bizi qurtar. Çünki hökm, güc və ucalıq sonsuza qədər Sənindir.” (Matta, 6: 7-13 )
Tövrat
Ya Rəbb, duamı eşit; yalvarışlarıma qulaq as. Sədaqətinlə, ədalətinlə mənə cavab ver. (Zəbur, 143: 1)
Əllərimi Sənə açıram; Canım quraq yer kimi, Sənə susamış. Mənə tez cavab ver… Səhər inayətini mənə eşitdir; Çünki mən Sənə güvənirəm; Gedəcəyim yolu mənə bildir; Çünki canımı Sənə yüksəldirəm. Düşmənlərimdən məni azad et, ya Rəbb; Sənə sığınıram. Razı olacağın işləri mənə öyrət; Çünki Sən mənim Allahımsan… Düzgünlük diyarında mənə yol göstər… Ədalətinlə canımı sıxıntıdan qurtar. Və inayətinlə düşmənlərimi həlak et… (Zəbur, 143: 6-12)
Allah dua edənlərin duasına cavab verər
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)
İncil
Diləyin, sizə veriləcək. Axtarın, tapacaqsınız. Qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapını döyənə qapı açılar. (Matta, 7: 7-8)
Bunun üçün sizə deyirəm ki, dua ilə dilədiyiniz hər şeyi indidən almış olduğunuza inanın, diləyiniz yerinə yetəcəkdir. (Mark, 11: 24)
Tövrat
Çətinlikdə çağırdın və səni qurtardım; Göy guruldaması örtüsündə sənə cavab verdim… (Zəbur, 81: 7)
Allah qorxusu
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)
O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. (Rad surəsi, 21)
Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. (Səcdə surəsi, 16)
Tövrat
Adı Əyyub idi; … kamil və doğru idi, Allahdan qorxar və pislikdən çəkinərdi. (Əyyub, 1: 1)
Rəbb qorxusu təmizdir, əbədidir, Rəbbin hökmləri haqdır, hamısı doğrudur. Çox saf qızıldan da çox etina edilir; Baldan və süzmə pətək balından şirindir. (Zəbur, 19: 9-10)
Rəbbə qorxuyla xidmət edin. Titrəyərək sevinin. (Zəbur, 2: 11)
Nə xoşbəxt Rəbdən qorxana, Onun yolunda gedənə! (Zəbur, 128: 1-2)
Allah ondan qorxana anlayiş verər
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
Tövrat
Hikmətin başlanğıcı Rəbb qorxusudur. Əmrlərini yerinə yetirən hər adamın yaxşı anlayış sahibidir. Onun həmdi əbədidir. (Zəbur, 111: 10)
Mal yığıb saxlamaq
… Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ. O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” – deyiləcəkdir. (Tövbə surəsi, 34-35)
O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. (Hüməzə surəsi, 2-9)
Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rad surəsi, 26)
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali İmran surəsi, 180)
İncil
(Ey zənginlər) Qızıllarınız, gümüşləriniz paslanmışdır. Bunların pası sizə qarşı şahidlik edəcək, ətinizi atəş kimi yeyəcəkdir. Son günlərdə sərvətinizə sərvət qatdınız. (Yaqub, 5: 3)
Yer üzündə özünüzə xəzinələr yığmayın. Burada güvə və pas onları yeyib bitirər, oğrular da girib oğurlayarlar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları yeyib bitirər, nə də oğrular girib oğurlayar. Xəzinəniz də, ürəyiniz də orada olacaq. (Matta, 6: 19-21)
İndiki çağda zəngin olanlara qürurlanmamalarını, gəlib keçici zənginliyə ümid bağlamamalarını buyur. Zövq almamız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bağlasınlar. (1 Timoteyə, 6: 17)
Tövrat
Gümüşü sevən gümüşə və bolluğu sevən məhsula doymaz; bu da boş şeydir. Mal çoxalınca onu yeyənlər də çoxalar və gözlər ilə onları görməkdən başqa sahibi üçün nə fayda var? (Vaiz, 5: 10-11)
Rəbbin qəzəb günündə onları nə gümüşləri, nə qızılları qurtarmayacaq…” (Sefanya, 1: 18)
Doğruların kamalı özlərinə yol göstərər. Lakin xainlərin pozğunluğu özlərini həlak edər. Qəzəb günündə mal işə yaramaz. Lakin yaxşılıq ölümdən qurtarar. (Süleymanın Məsəlləri, 11: 3-4)
Rəbb belə deyir: “Hikmətli adam hikməti ilə, igid öz gücü ilə, zəngin adam zənginliyi ilə öyünməsin, ancaq öyünən bununla öyünsün; anlayışlı olmaqla və dünyada inayət, ədalət, yaxşılıq edən Rəbbi bilməklə öyünsün. Çünki Mən bunları bəyənirəm.” (Yeremya, 9: 23-24)
Mal sevgisini Allaha şirk qoşmamaq
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. (Zumər surəsi, 29)
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)
İncil
Heç kimsə iki ağaya qulluq edə bilməz. Ya birindən nifrət edib o birisini sevər, ya da birinə bağlanıb o birisini xor görər. Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz. (Matta, 6: 24)
Çünki hər cür pisliyin kökü pul sevgisidir. Bəziləri zəngin olmaq həvəsiylə imandan sapdılar və öz-özlərinə çox acı çəkdirdilər. Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Doğruluğun, Allah yolunun, imanın, sevginin, səbrin və itaətliliyin ardından qaç. (1 Timoteyə, 6: 10-11)
Təvazökar olmaq
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Maidə surəsi, 54)
… Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver; (Həcc surəsi, 34)
İncil
Həmişə təvazökar, yumşaq xasiyyətli və səbirli olun. Bir-birinizə sevgiylə, tolerantlıqla davranın. (Efeslilərə, 4: 2)
Yenə də bizə daha çox lütf edər. Bu səbəblə Yazı belə deyir: “Allah qürurlulara qarşıdır, amma təvazökarlara lütf edər.” (Yaqub, 4: 6)
Tövrat
Dinləyin və qulaq asın, qürurlu olmayın! Çünki Rəbb söylədi. (Yeremya, 13: 15)
…Rəbbin hökmlərini yerinə yetirmiş dünyanın bütün təvazökarları, Rəbbi axtarın, yaxşılıq axtarın, təvazökarlığı axtarın… (Sefanya, 2: 3)
Dünyada qürurlananların Allah qatinda alçaldılacağı
Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”. (Əraf surəsi, 13)
Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. (İsra surəsi, 37)
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
İncil
Aranızda ən üstün olan, digərlərinin xidmətçisi olsun. Özünü ucaldan alçaldılacaq, özünü alçaldan ucaldılacaq. (Matta, 23: 11-12)
Tövrat
Öyünən adamlara dedim: “Öyünməyin!” Və pislərə: “Başınızı yuxarı qaldırmayın. Dik başla söyləməyin. Çünki nə Günəşin doğulduğu yerdən, nə batdığı yerdən, nə də dağlar çölündən yüksəlmə gəlir. Ancaq hakim olan Allahdır. Birini alçaldar və birini yüksəldər. (Zəbur, 75: 4-7)
Qövmünün arasında çəkişdirməcilik edərək gəzmə!… (Levililər, 19: 16)
Boş danışıqlardan üz çevirmək
Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər. (Qəsas surəsi, 55)
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)
İncil
Bu buyruğun məqsədi, pak ürəkdən, təmiz vicdandan və dərin imandan doğan sevgini oyandırmaqdır. Bəzi kəslər bunlardan sapmış və boş danışıqlara dalmışlardır. (1 Timoteyə, 1: 5-6)
Ağılsızca mübahisələr və soy ağacı didişmələrindən, Müqəddəs Qanun ilə əlaqədar çəkişmə və döyüşlərdən çəkin. Bunlar faydasız və boş şeylərdir. (Titə, 3: 9)
Bayağı və boş sözlərdən çəkin. Çünki bunlara dalanlar Allahsızlıqda daha da irəli gedəcəklər. (2 Timoteyə, 2: 16)
Tövrat
Hikmətli adamın sözləri lətifdir, lakin ağılsızın dodaqları özünü udar. Sözlərinin başlanğıcı ağılsızlıqdır və sözünün sonu pis dəlilikdir. Və ağılsız adam sözü çoxaldar, lakin nə olacağını kimsə bilməz… (Vaiz, 10: 12-14)
Mübahisədən qaçmaq
Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir… (Ənam surəsi, 68)
… İnsan isə ən çox mübahisə edəndir. (Kəhf surəsi, 54)
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. (Zuxruf surəsi, 58)
İncil
Axmaq və cahilcə mübahisələrə girməyi rədd et. Bunların savaş doğurduğunu bilirsən. (2 Timoteyə, 2: 23)
Ağılsızca mübahisələr və soy ağacı didişmələrindən, Müqəddəs Qanun ilə əlaqədar çəkişmə və döyüşlərdən çəkin. Bunlar faydasız və boş şeylərdir. (Titə, 3: 9)
Rəbbin qulu davaçı olmamalıdır. Tərsinə, hər kəsə qarşı mehriban və öyrətməyə qabiliyyətli olmalı, haqsızlıqlara səbirlə dözməlidir. Özünə qarşı olanları yumşaq xasiyyətlə yola gətirməlidir. Gerçəyi anlamaları üçün Allah bəlkə də onlara bir tövbə yolu açar. (2 Timoteyə, 2: 24-25)
İnsanları ən gözəl şəkildə səbirlə xəbərdar etmək, yumşaq davranmaq
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali İmran surəsi, 159)
Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 21-22)
İncil
… Allah sözünü eşitdir. Zaman uyğun olub olmasa da, bu vəzifəni davam etdir. İnsanları səbirlə öyrədərək razı sal, xəbərdar et, istəkləndir. (2 Timoteyə, 4: 1-2)
Yaşlı adamı danlama, atanmış kimi öyüd ver. Gənc kişilərə qardaşlarınmış kimi, yaşlı qadınlara ananmış kimi, gənc qadınlara da tam bir ürək təmizliyiylə bacılarınmış kimi öyüd ver. (1 Timoteyə, 5: 1-2)
İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. (Titə, 3: 1-2)
Qardaşlar, əgər biri cinayət törədərkən tutulsa… belə birini yumşaq ruhla yola gətirin. Siz də haqq yoldan azmamaq üçün özünüzü qoruyun. (Qalatiyalılara, 6: 1)
Ağzınızdan heç pis söz çıxmasın. Eşidənlər faydalansın deyə, ehtiyaca görə, başqalarının irəliləyişinə yarayacaq olanı söyləyin. (Efeslilərə 4: 29)
Pisliyi yaxşılıqla uzaqlaşdırmaq
Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu – (Rad surəsi, 22)
İncil
Pisliyə pisliklə, söyüşə söyüşlə deyil, tərsinə xeyir-duayla cavab verin. Çünki xeyir-duanı miras almaq üzrə çağırıldınız. (1 Peter, 3: 9)
… Boş gəzənləri xəbərdar edin, ürəksizləri cəsarətləndirin, gücsüzlərə dəstək olun, hər kəsə qarşı səbirli olun. Əsla kimsə pisliyə pisliklə cavab verməsin. Bir-biriniz və bütün insanlar üçün hər vaxt yaxşılığı məqsəd qoyun. (1 Saloniklilərə, 5: 14-15)
Bağışlamaq, xoşxasiyyətli olmaq
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 22)
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)
İncil
Beləcə Allahın müqəddəs və sevimli seçilmişləri olaraq mehribanlığı, yaxşılığı, təvazökarlığı, səbir və yumşaqlığı geyinin. Bir-birinizə yumşaq davranın. Əgər birinizin o birindən bir şikayəti varsa, Rəbbin sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. (Kolosselilərə, 3: 12-13)
Tövrat
Səfehin hirsi dərhal müəyyən olar. Lakin bəsirətli adam utancı örtər. (Süleymanın Məsəlləri, 12: 16)
Tez hirslənən ağılsızlıq edər… (Süleymanın Məsəlləri, 14: 17)
Gec hirslənən adamın anlayışı çoxdur, lakin zəif ruha sahib adam pozğunluğu üstün tutar. (Süleymanın Məsəlləri, 14: 29)
Yaxşılığı əmr edərkən özünü unutmamaq
Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız? (Bəqərə surəsi, 44)
İncil
Sən niyə qardaşının gözündəki çöpü görürsən, amma öz gözündəki tiri fərq etmirsən? Sənin gözündə tir varkən necə olur ki qardaşına: “İcazə ver gözündəki çöpü çıxarım” deyirsən? Səni ikiüzlü! Əvvəl öz gözündəki tiri çıxar, o zaman qardaşının gözündəki çöpü çıxarmaq üçün daha yaxşı görərsən. (Matta, 7: 3-5)
Bu kimi şeyləri edənləri mühakimə edən, amma eynisini edən ey adam, Tanrının mühakiməsindən qaça biləcəyinimi sanırsan? (Romalılara, 2: 3)
“Allah diləsə edəcəyəm” demək
Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşallah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de. (Kəhf surəsi, 23-24)
İncil
Dinləyin indi! “Bu gün ya da sabah filan şəhərə gedəcəyik, orada bir il qalıb ticarət edəcəyik və pul qazanacağıq” deyən sizlər, sabah nə olacağını bilmirsiniz. Həyatınız nədir ki? Qısa bir müddət görünən və sonra itən bir buxar kimisiniz. Bunun yerinə: “Rəbb diləsə yaşayacağıq, onu-bunu edəcəyik” deməlisiniz. (Yaqub, 4: 13-15)
Salam vermək
… Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın…. (Nur surəsi, 61)
İncil
Onun evinə girərkən, evdəkilərə rifah diləyin. (Matta, 10: 12)
Qorxmamaq və qəmlənməmək
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)
Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Taha surəsi, 45-46)
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali İmran surəsi, 173-175)
İncil
Haqq üçün əzab çəksəniz də, sizə nə xoşbəxt! İnsanların qorxduqlarından qorxmayın və təlaşlanmayın. (1 Peter, 3: 14)
Tövrat
Qüvvətli və ürəkli olun, qorxmayın və onların üzlərindən qorxmayın, çünki səninlə birlikdə gedən Allahın Rəbdir, səni boşa çıxarmaz və səni buraxmaz. (Qanunun Təkrarı, 31: 6)
Və sənin qarşında gedən Rəbdir. O səninlə olacaq, səni boşa çıxarmaz və səni buraxmaz, qorxma və ruhdan düşmə. (Qanunun Təkrarı, 31: 8)
Güclü və ürəkli olun! Aşur Kralından və yanındakı böyük ordudan qorxmayın, ruhdan düşməyin. Çünki bizimlə olan onunla olandan daha üstündür. (2 Salnamələr, 32: 7)
Allah qorxusunun, gözəl əxlaqın əhəmiyyəti
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız. (Əraf surəsi, 26)
İncil
(Ey qadınlar) Bəzəyiniz, hörgülü saçlar, qızıl zinətlər və gözəl geyimlər kimi, xaricdən olmasın. Gizli olan iç varlığınız, sakit və yumşaq bir ruhun solmayan gözəlliyiylə bəzəyiniz olsun. Bu, Allahın Qatında çox qiymətlidir. (1 Peter, 3: 3-4).
Tövrat
… Allahdan qorx və Onun əmrlərini tut, çünki insanın bütün vəzifəsi budur. Çünki yaxşı olsun pis olsun, hər gizli şeylə birlikdə hər işə Allah hökm verəcək. (Vaiz, 12: 13-14)
Yalandan qaçmaq
… Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin; (Həcc surəsi, 30)
İncil
Bunun üçün yalanı üzərinizdən sıyırıb atın… (Efeslilərə, 4: 25)
Tövrat
Oğurlamayın, hiylə ilə davranmayın və bir-birinizə yalan danışmayın. (Levililər, 19: 11)
Yalan xəbər daşımayın. Haqsız şahid olmaq üçün pisə əl verməyin. Pislik üçün çoxluğun arxasında olmayın və bir iddiada ədaləti pozmaq üçün çoxluğun ardınca saparaq yalan söyləməyin. (Çıxış, 23: 1-2)
Göndərilən peyğəmbəri qısqanmaları
Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar. (Sad surəsi, 8)
Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. (Bəqərə surəsi, 247)
Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?” (Zuxruf surəsi, 31)
İncil
Sept günü olunca İsa sinaqoqda dərs verməyə başladı. Söylədiklərini eşidən bir çox adam çaşıb qaldı. “Bu adam bunları haradan öyrəndi?” deyə soruşurdular. “Özünə verilən bu müdriklik nədir? Necə belə möcüzələr edə bilir? Məryəmin oğlu, Yaqub, Yose, Yahuda və Simunun qardaşı olan dülgər deyilmi bu? Bacıları burada, aramızda yaşamırmı?” Və inciyib onu rədd etdilər. (Mark, 6: 2-3)
İman etmək üçün möcüzə istəmələri
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır. (Rad surəsi, 7)
Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam”. (İsra surəsi, 90-93)
İncil
O zaman İsa adama: “Sizlər, əlamət və möcüzələr görmədikcə iman etməyəcəksiniz” dedi (Yuhanna, 4: 48).
Bunun üzərinə: “Görüb sənə iman etməmiz üçün necə bir möcüzə gətirəcəksən? Nə edəcəksən?” dedilər. (Yuhanna, 6: 30)
Peyğəmbərlərə atılan cadugərlik böhtanı
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zəriyət surəsi, 52-53)
İncil
Yaxınları bunu eşidincə: “Ağlını itirmiş” deyərək onu almağa gəldilər. Qüdsdən gələn din alimləri isə: “Beelzebub onun içinə girmiş və cinləri, cinlərin rəisinin gücüylə qovur” deyirdilər. (Mark, 3: 21-22)
Peyğəmbərlər boş danışmazlar
Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi – (Nəcm surəsi, 2-5)
“… Mən bunları öz-özümdən etmədim…” (Kəhf surəsi, 82)
İncil
Mən öz-özümdən heç bir şey edə bilmərəm. Eşitdiyim kimi mühakimə edərəm və mənim mühakiməm ədalətlidir. Çünki məqsədim öz istədiyimi deyil, məni göndərənin istədiyini etməkdir. (Yuhanna, 5: 30)
Beləcə peyğəmbərlərin sözləri bizim üçün daha da böyük qətilik qazandı. Gün ağarıb səhər ulduzu ürəklərinizdə doğulana qədər, qaranlıq yerdə işıq saçan çırağa bənzəyən bu sözlərə qulaq assanız, yaxşı edərsiniz. Əvvəlcə bunu bilin ki, Müqəddəs Yazılarda olan heç bir peyğəmbərlik sözü kimsənin xüsusi şərhi deyil. Çünki heç bir peyğəmbərlik sözü insanın istəyindən qaynaqlanmadı… (2 Peter, 1: 19-21)
Tövrat
… Onlar üçün qardaşları arasından sənin kimi bir peyğəmbər çıxaracağam və sözlərimi ona dedirdəcəyəm və ona əmr edəcəyim hər şeyi onlara söyləyəcək. (Qanunun Təkrarı, 18: 18)
Dünya həyatının keçiciliyi
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)
Tövrat
Sənin qarşında qəribik, yadıq atalarımız kimi. Yer üzündəki günlərimiz bir kölgə kimidir, qalıcı deyil. (1 Salnamələr, 29: 15)
İnkar edənlərin qiyamət günü kor olaraq həşr edilməsi
Bu dünyada kor olan kəs axirətdə də kor olacaq və üstəlik haqq yoldan daha çox azacaqdır. (İsra surəsi, 72)
… onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. (Taha surəsi, 124)
Tövrat
… Və insanlara çətinlik verəcəyəm və korlar kimi gedəcəklər, çünki Rəbbə qarşı günah törətdilər… (Sefanya, 1: 17)
Hesab vermə
Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir. (Həcc surəsi, 7)
Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! (İnşiqaq surəsi, 3-12)
Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. (Zumər surəsi, 68-70)
İncil
Və onlar məzarlarından çıxacaqlar. Yaxşılıq etmiş olanlar yaşamaq, pislik etmiş olanlar mühakimə olunmaq üzrə diriləcəklər. (Yuhanna, 5: 29)
Tövrat
Çünki bütün millətlər üçün Rəbbin günü yaxındır. … Sən necə etdinsə, sənə elə ediləcək; işlədiyinin qarşılığı öz başına gələcək. (Avdiya, 1: 15)
İnsan tək başına hesab verəcək
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)
İncil
Beləcə hər birimiz öz adına Allaha hesab verəcək. (Romalılara, 14: 12)
Allah hər kəsə etdiyinin qarşılığını verəcək
Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir! (Casiyə surəsi, 28)
Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə surəsi, 281)
İncil
Allah hər kəsə, etdiklərinin qarşılığını verəcək. Dayanmadan yaxşılıq edərək ucalığı, ləyaqətliliyi və ölümsüzlüyü axtaranlara sonsuz həyatı verəcək. Amma eqoist olanların, həqiqətə uymayıb haqsızlığın arxasından gedənlərin üzərinə qəzəb və hiddət yağdıracaq. (Romalılara, 2: 6-8)
Tövrat
Çünki bütün millətlər üçün Rəbbin günü yaxındır… sən necə etdinsə, sənə elə ediləcək. İşlədiyinin qarşılığı öz başına gələcək. (Avdiya, 1: 15)
Dünyəvi zənginlik axirətdə insana bir fayda verməyəcək
Kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar. (Ali İmran surəsi, 10)
Tövrat
Rəbbinin qəzəb günündə onları gümüşləri də, qızılları da qurtara bilməyəcək… (Sefanya, 1: 18)
Allahın insanlara möhlət verməsi, müəyyən bir vaxta qədər təxirə salması
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)
Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)
İncil
Bəzilərinin gecikmiş hesab elədiyi kimi Rəbb, vədini yerinə yetirməkdə gecikməz, amma sizə qarşı səbir edir. Çünki heç kimin məhv olmasını istəmir, hər kəsin tövbə etməsini istəyir. (2 Peter, 3: 9)
Göndərilən elçilərə və inananlara zülm edilməsi
Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik. Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər. (Hicr surəsi, 10-11)
Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir. (Ənkəbut surəsi, 18)
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)
Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)
İncil
Nə xoşbəxt düzgünlük üçün zülm görənlərə! Allahın rəhməti onlarındır. Mənə olan bağlılığınızdan ötəri insanlar sizə söyüb zülmetdikləri, yalan yerə sizə qarşı hər cür pis söz söylədikləri zaman nə xoşbəxt sizə! Sevinin, sevinclə coşun! Çünki göylərdəki mükafatınız böyükdür. Sizdən əvvəl yaşamış peyğəmbərlərə də belə zülm edirdilər. (Matta, 5: 10-12)
İnsanlardan çəkinin. Sizi məhkəmələrə verəcəklər, sinaqoqlarında qamçılayacaqlar. Hətta Məndən ötəri qubernatorların və kralların önünə çıxarılacaqsınız. Beləcə onlara və xalqlara şahidlik edəcəksiniz. (Matta, 10: 17-18)
Elçiləri içəri çağırdıb qamçılatdılar və İsanın adını çəkməmələrini buyurduqdan sonra buraxdılar. Elçilər, İsanın adı üçün təhqirə layiq görüldükləri üçün, Ali məhkəmənin hüzurundan sevinc içində ayrıldılar. Hər gün məbəddə və evlərdə dərs verməkdən və Məsih İsayla əlaqədar müjdəni yaymaqdan geri qalmadılar. (Elçilərin İşləri, 5: 40-42)
Tövrat
Səndən nifrət edənlər utanacaq. Və pislərin çadırı yox olacaq. (Əyyub, 8: 22)
Allah yolunda hicrət edib zülm görənlərin mükafatı
Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! (Nəhl surəsi, 41)
İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır. (Ənfal surəsi, 74)
Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”. (Ali İmran surəsi, 195)
İncil
İsa: “Sizə doğrunu söyləyim. Mənim və müjdənin uğuruna evini, qardaşlarını, ana ya da atasını, uşaqlarını ya da torpaqlarını buraxıb indi, bu çağda çəkəcəyi zülmlərlə birlikdə yüz qat daha çox evə, qardaşa, anaya, uşağa, torpağa və gələcəkdə sonsuz həyata qovuşmayacaq heç kim yoxdur. (Mark, 10: 29-30)
Bütün bunlar, Allahın ədalətli mühakiməsinin bir əlamətidir. Nəticə olaraq, uğrunda acı çəkdiyiniz Allahın hakimiyyətinə layiq sayılacaqsınız. Allah adil olanı edəcək, sizə çətinlik verənlərə çətinlik ilə cavab verəcək, çətinlik çəkən sizləri isə bizimlə birlikdə rahatlaşdıracaq… (2 Saloniklilərə, 1: 5-8)
İman edənlərin sayının az olması
Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusif surəsi, 103)
Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır. (Rad surəsi, 1)
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
İncil
Dar qapıdan girin. Çünki adamı müsibətə aparan qapı və yol enlidir. Bu qapıdan girənlər çoxdur. Həyata aparan qapı isə dar, yol da çətindir. Bu yolu tapanlar azdır. (Matta, 7: 13-14)
Allahın iman edənləri xüsusi olaraq seçməsi
De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız? (Nəml surəsi, 59)
İncil
Amma biz, ey Rəbbin sevdiyi qardaşlar, sizlər üçün hər zaman Allaha təşəkkür borcluyuq. Çünki Allah sizi… müqəddəs edib həqiqətə inanaraq xilas olmanız üçün əvvəldən seçdi. (2 Saloniklilərə, 2: 13)
Tövrat
… Allahın Rəbb, onları Özünə xidmət etmək üçün və Rəbbin adı ilə mübarək etmək üçün onları seçdi… (Qanunun Təkrarı, 21: 5)
Allahın iman edənlərə lütfü
…. “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi… (Nisa surəsi, 94)
İncil
İman yoluyla, lütflə xilas oldunuz. Bu sizin müvəffəqiyyətiniz deyil, Allahın hədiyyəsidir. Kimsənin öyünməməsi üçün yaxşı işlərin mükafatı deyil. (Efeslilərə, 2: 8-9)
Tövrat
Sən çətinlikdə ikən və bütün bu şeylər başına gəldiyi zaman, son günlərdə Allahın Rəbbə dönəcəksən və Onun sözünü dinləyəcəksən, çünki Allahın Rəbb çox mərhəmətli Allahdır. Səni buraxmaz, həlak etməz və atalarına and içdiyi onlarla olan əhdini unutmaz. (Qanunun Təkrarı, 4: 30-31)
Dünyəvi heç bir iş inananların Allahın razılığını axtarmalarına maneə törətməz
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)
İncil
… Allahın sözünü yayma işini buraxıb maddi işlərlə məşğul olmağımız doğru olmaz. (Elçilərin İşləri, 6: 2)
İman edənlərlə birlikdə olmaq
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)
İncil
… Təmiz ürəklə Rəbbə yalvaranlarla birlikdə doğruluğun, imanın, sevginin və rifahın ardınca qaç. (2 Timoteyə, 2: 22)
İman edənlərin qardaşlığı
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər… (Tövbə surəsi, 71)
İncil
Bir-birinizi qardaşlıq sevgisiylə, şəfqətlə sevin. Bir-birinizə hörmət göstərməkdə yarışın. (Romalılara, 12: 10)
Tanrının istəyini kim yerinə yetirsə, qardaşım, bacım və anam odur. (Mark, 3: 35)
Allahın dininə möhkəm sarılmaq
Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Əraf surəsi, 170)
Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan. (Zuxruf surəsi, 43)
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın… (Ali İmran surəsi, 103)
İncil
O halda qardaşlarım, dözün! İstər sözlə, istər məktubla olsun, sizə çatdırdığımız təlimlərə möhkəm yapışın. (2 Saloniklilərə, 2: 15)
Həm başqalarını sərt təlimlə cəsarətləndirmək, həm də qarşı çıxanları razı salmaq üçün imanlılara öyrədilən etibarlı sözə möhkəm sarılmalıdır. (Titə, 1: 9)
İman edənlərin həyatı və ölümü Allah üçündür
De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. (Bəqərə surəsi, 156)
İncil
Heç birimiz özümüz üçün həyatda deyilik, heç birimiz də özümüz üçün ölmərik. Yaşasaq, Rəbb üçün yaşayarıq, ölsək Rəbb üçün ölərik. Beləcə yaşasaq da, ölsək də Rəbbə aidik. (Romalılara, 14: 7-8)
Atalarının dininə uymaları
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)
İncil
Siz Allahın hökmlərini bir tərəfə qoymuş, insanların ənənəsinə uyursunuz. İsa onlara bunu söylədi: “Öz ənənənizi davam etdirmək üçün Allahın hökmlərini bir kənara qoymağı necə də gözəl bacarırsınız! (Mark, 7: 8-9)
Tövrat
Sözlərimi dinləmək istəməyən atalarının fəsadlarına döndülər və başqa ilahlara qulluq etmək üçün onların ardınca getdilər… (Yeremya, 11: 10)
Dində təriqətlərə ayrılmamaq
Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi… (Şura surəsi, 13)
O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir. (Rum surəsi, 32)
Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər. (Beyyinə surəsi, 4)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
İncil
… Hamınız uyğunluq içində olun, aranızda bölünmələr olmadan eyni düşüncədə və eyni mühakimədə birləşin. (1 Korinflilərə, 1: 10)
İnsanın yaradılışı
Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14)
Tövrat
Sən hər yanımdan mənə forma verdi, məni yaratdı… Sən, palçıq kimi mənə forma verdin… Mənə dəri və ət geydirdin, sümüklərlə və sinirlərlə məni hördün. (Əyyub, 10: 8-11)
Allahın məni yaratdı. Və Qadirin nəfəsi məni diriltdi. (Eyüp, 33: 4)
Məhz, mən də sənin kimi Allahın quluyam. Mən də palçıqdan yarandım. (Əyyub, 33: 6)
Nəfs daim pisliyi əmr edər
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. (Şəms surəsi, 7-9)
… nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)
Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər… (Yusif surəsi, 53)
İncil
Bu səbəblə bədənin ehtiraslarına uymamaq üçün günahın ölümlü bədənlərinizdə hökm sürməsinə icazə verməyin. (Romalılara, 6: 12)
Mənliyin işləri açıqdır. Bunlar cinsi əxlaqsızlıq, pislik, pozğunluq, bütpərəstlik, cadugərlik, düşmənlik, çəkişmə, qısqanclıq, qəzəb, eqoist ehtiraslar, ayrılıqlar, bölünmələr, sərxoşluq, dəlicə əyləncələr və bənzəri şeylərdir. Sizi daha əvvəl xəbərdar etdiyim kimi yenə xəbərdar edirəm, belə davrananlar Allahın hökmünü miras ala bilməyəcəklər.” (Qalatiyalılara, 5: 19-21)
İsa belə davam etdi: “İnsanı çirklədən, insanın içindən çıxandır. Çünki pis düşüncələr, cinsi əxlaqsızlıq, oğurluq, cinayət, zina, acgözlük, pislik, hiylə, pozğunluq, qısqanclıq, böhtan, qürur və ağılsızlıq daxildən, insanın ürəyindən qaynaqlanar. Bu pisliklərin hamısı daxildən qaynaqlanar və insanı çirklədər.” (Mark, 7: 20-22)
Pis əxlaq xüsusiyyətləri
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya – o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər. (Qələm surəsi, 10-15)
Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi, 59)
İncil
Hər cür haqsızlıq, pislik, acgözlük və kinlə doldular. Qısqanclıq, öldürmə ehtirası, çəkişmə, hiylə və pis niyyətlə doludurlar. Dedi-qoduçu, həyasız, qürurlu, öyünən, pislik çıxaran, ana-ata sözü dinləməyən, anlayışsız, sözündə durmaz, sevgidən məhrum və mərhəmətsiz insanlardır. (Romalılara, 1: 29-31)
Tövrat
Və ataları kimi inadçı və üsyankar, sərt ürəkli və ruhu Allaha sədaqətsiz bir nəsil olmasınlar. (Zəbur, 78: 8)
Lakin bu adam, zorbalıq edən, qan tökən, və bunlardan birini işləyib o vəzifələrdən heç birini etməyən, ancaq dağların üzərində yeyən və qonşusunun arvadını murdar edən, miskinə və yoxsula haqsızlıq edən, soyğunçuluq edən, girovu geri verməyən və gözlərini bütlərə dikən, məkruh şeyi edən. (Yezekel, 18: 10-12)
Hiyləgərlərin düşüncələrini pozar və hiyləgərlik edə bilməz. Hikmətliləri öz hiylələrində tapar. Və əyrilərin öyüdü dərhal yıxılar. (Əyyub, 5: 12-13)
Göz, ürək və qulaqların laqeydləşməsi
Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 5)
Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)
Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər. (Ənam surəsi, 25)
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)
İncil
Çünki bu xalqın ürəyi duyğusuzlaşdı, qulaqları kar oldu. Gözlərini də bağladılar. Belə ki, gözləri görməsin, qulaqları eşitməsin, ürəkləri anlamasın və Mənə dönməsinlər. Dönsəydilər, onları təkmilləşdirərdim. (Matta, 13: 15)
Gözləriniz olduğu halda görmürsünüzmü? Qulaqlarınız olduğu halda eşitmirsinizmi?.. (Mark, 8: 18-19)
Bu xalqa gedib bunu söylə: “Eşidəcəksiniz, amma heç anlamayacaqsınız, baxacaqsınız, amma heç görməyəcəksiniz. Çünki bu xalqın ürəyi duyğusuzlaşdı, qulaqları kar oldu. Gözlərini də bağladılar. Belə ki, gözləri görməsin, qulaqları eşitməsin, ürəkləri anlamasın və Mənə dönməsinlər… (Elçilərin İşləri, 28: 26-27)
İnkarçıların özlərini ağıllı sanmaları
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)
İncil
Ağıllı olduqlarını iddia edərkən ağılsız oldular. (Romalılara, 1: 22)
İman etməyənlərin rəzil edilməsi
Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar. (Yunis surəsi, 100)
İncil
Bunun üçün Allah öz aralarında bədənləri rəzil olsun deyə, ürəklərinin şəhvətləri içində onları pisliyə təslim etdi… (Romalılara, 1: 24)
Gözəl əxlaqa sahib olmayanlarla dost olmamaq
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)
Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhənə surəsi, 9)
İncil
Amma qardaş olaraq tanınan biri əxlaqsız, acgöz, bütpərəst, söyüşkən, əyyaş ya da soyğunçu isə onunla yoldaşlıq etməmənizi, belələri ilə yemək belə yeməmənizi indi sizə yazıram. (1 Korinflilərə, 5: 11)
Aranızda heç bir cinsi əxlaqsızlıq, pislik ya da acgözlük belə xatırlanmasın. Bu, müqəddəslərə yaraşmaz… Heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Tanrının qəzəbi söz dinləməyənlərin üzərinədir. Onun üçün belələriylə oturub qalxmayın. (Efeslilərə, 5: 3, 6-7)
Allah dərgahında bir gün sizin saydığınız min il kimidir
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)
İncil
… Rəbbin gözündə bir gün min il və min il bir gün kimidir. Bəzilərinin gecikmiş saydığı kimi Rəbb, vədini yerinə yetirməkdə gecikməz, amma sizə qarşı səbir edir. Çünki heç kimin məhv olmasını istəmir, hər kəsin tövbə etməsini istəyir. (2 Peter 3: 8-9)
Heç kim başqasının günahını daşımaz
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik. (İsra surəsi, 15)
Tövrat
Günah işləyən can, öləcək olan odur. Atanın fəsadını oğul daşımaz və oğlun fəsadını ata daşımaz. Salehin əməli özünə, pisin pisliyi də özünə qalar. (Yezekel, 18: 20)
İnsanların öz əlləriylə qazandıqları günahların səbəbiylə cəzalandırılmaları
Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. (Şura surəsi, 30)
Tövrat
Başımıza gələnlərə etdiyimiz pisliklər və böyük günahımız səbəb oldu. Sən, ey Allahımız! Bizi layiq olduğumuzdan daha az cəzalandırdın və bizə sürgündən xilas olan bu cür bir azlıq buraxdın. (Ezra, 9: 13)
Təvəkkül
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran surəsi, 160)
Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir tayfa sizə əl qaldırmaq fikrinə düşdükdə Allah onları sizdən əl çəkməyə məcbur etmişdi. Allahdan qorxun! Qoy möminlər Allaha təvəkkül etsinlər! (Maidə surəsi, 11)
Tövrat
Özünə Allah qorxusunu öyrədən Zəkəriyyanın günlərində Allaha yönəldi. Rəbbə yönəldiyi müddətcə Allah onu müvəffəqiyyətli etdi. (2 Salnamələr, 26: 5)
Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına güvənmə.. (Süleymanın Məsəlləri, 3: 5)
Ey orduların Rəbbi! Sənə güvənən adam nə xoşbəxtdir! (Zəbur, 84: 12)
Doğru yol göstərmək Allaha aiddir
Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. (Nəhl surəsi, 9)
Tövrat
Bütün yollarında Onu tanı, O da sənə doğru yol göstərsin. (Süleymanın Məsəlləri, 3: 6)
Qiyamət günü
O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman –o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. (Qiyamət surəsi, 6-11)
Ulduzlar sönəcəyi zaman; Göy yarılacağı zaman; Dağlar dağılacağı zaman; Elçilərə vaxt təyin olunacağı zaman – (Mürsəlat surəsi, 8-11)
Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm. (Taha surəsi, 15)
Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir”. (Əraf surəsi, 187)
O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da didilmiş yuna bənzəyəcəklər. Dost dostunun halını xəbər almayacaq. (Məaric surəsi, 8-10)
Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır. (Rəhman surəsi, 37)
İncil
Amma o günlərdə, o çətinlikdən sonra, Günəş qaralacaq, Ay işıq verməyəcək, ulduzlar göydən düşəcək… (Mark, 13: 24-25)
Diqqət yetirin, ayıq olun, dua edin. Çünki o anın nə vaxt gələcəyini bilə bilməzsiniz. (Mark, 13: 33)
Özünüzə diqqət yetirin! Ürəkləriniz pozğunluq, sərxoşluq və bu həyatın qayğılarıyla ağırlaşmasın. O gün, üzərinizə bir tələ kimi birdən enməsin. Çünki o gün bütün yer üzündə yaşayan hər kəsin üzərinə gələcəkdir. (Luka, 21: 34-35)
… O gün göylər böyük bir səs-küylə ortadan qalxacaq, maddi elementlər yanaraq yox olacaq, yer və yer üzündə olan hər şey yanıb bitəcək. Hər şey bu şəkildə yox olacağına görə, necə insan olmalısınız? Allahın gününü gözləyib o günün gəlişini tezləşdirərək müqəddəslik içində yaşamalı və Allah yolunu izləməlisiniz. O gün göylər yanaraq yox olacaq, maddi elementlər şiddətli atəşdə əriyəcək. (2 Peter, 3: 10-12)
Tövrat
… Rəbbin günü yaxındır. Günəş ilə Ay qaralır və ulduzlar işıqlarını gizləyirlər… (Yoel, 3: 14-15)
… Rəbbin günü yaxındır, hər şeyə Qadir olan tərəfindən bir müsibət kimi gəlir. Bundan ötəri bütün əllər açılacaq, hər insan ürəyi əriyəcək və çaşacaqlar. Onları ağrılar və əzablar tutacaq. Doğan qadın kimi ağrı çəkəcəklər, çaşqın-çaşqın bir-birlərinə baxacaqlar, üzlərini alov bürüyəcək. Məmləkəti səhra etmək üçün və onun içindən günahkar olanlarını həlak etmək üçün, məhz, Rəbbin günü, acımayan gün, qəzəblə və qızğın hiddətlə gəlir. Çünki göylərin ulduzları işıqlarını verməyəcəklər. Günəş doğduqda qaralacaq və Ay parlaq işığını verməyəcək. (İşaya, 13: 6-10)
Ah o gün! Çünki Rəbbin günü yaxındır və hər şeyə Qadir olan tərəfindən bir müsibət kimi gəlir. (Yoel, 1: 15)
Rəbbin böyük günü yaxındır, yaxındır və Rəbb gününün səsi çox tez gəlir! İgid orada ağrı-acıyla qışqırar. O gün qəzəb günüdür, çətinlik və darlıq günüdür, xaraba qoyma və viran etmə günüdür, qaranlıq və qaraltı günüdür, buludlar və tünd qaranlıq günüdür. (Sefanya, 1: 14-15)

