Sevgisizliyin kökündə isə eqoistlik var. İnsan ən çox özünü sevir, təkcə öz nəfsini, öz rahatlığını, öz sağlamlığını, öz sevincini, öz komfortunu düşünür. Ətrafındakı heç kimə, heç bir varlığa sevgi və şəfqət gözü ilə baxmayıb, «başqaları niyə vecimə olsun», «yaşamaları və ya ölmələri, sağlam olmaları və ya olmamaları, əzab çəkmələri və ya çəkməmələri məni niyə narahat etsin» deyə düşünür. Tək meyarı isə budur: «kim mənə fayda verə bilər», «kim mənim əhvalımı, kariyeramı, qazancımı artıra bilər». Beləliklə qarşısındakı insana ancaq mənfəət əldə etmək gözü ilə baxır. Hər kəs onun üçün əmək sərf etsin, hər kəs onun üçün nəsə etsin. Sevməsin, amma sevilsin. Diqqət, şəfqət, mərhəmət, incəlik görsün. Xəta və qüsurları göz ardına vurulsun. Amma o heç kimə əmək sərf etməsin, heç kimi bağışlamasın, heç kimə səbir göstərməsin, heç kim üçün fədakarlıq etməsin. Heç kimə görə rahatlığından keçməsin…
Halbuki dünyanı yandırıb yaxan bu böyük bəla asanlıqla aradan qalxa bilər. Bu isə ancaq Allah qorxusu və gözəl əxlaqla mümkündür. Belə ki, Allah qorxusu və gözəl əxlaq olmadan sevginin yaranması mümkün deyil. Çünki sevginin şərtləri və sevgini bəsləyən meyarlar yalnız Allah qorxusuna əsaslanan vicdan və gözəl əxlaqla mümkün ola bilər. Fədakarlıq, səbir, bağışlayıcılıq kimi… Bu xüsusiyyətlərindən biri olmasa, əsl sevgi yaranmır. Məsələn, bağışlayıcılıq olmasa, sevgi olmur. Səbir olmasa, sevgi zaman keçdikcə yox olub gedir. Fədakarlıq olmasa, yenə də sevgi ölür. Sevgi sanki bir çox kiçik çarxın bir yerə gəlməsi ilə meydana gələn saat kimidir. Kiçik çarxlardan biri işləməsə böyük çarx fırlanmır. Sevgi də belədir.
Qısası, sevginin təməlini meydana gətirən mühiti ancaq çox güclü Allah qorxusu və gözəl əxlaq təmin edir. Çünki insanın eqoist nəfsani hissləri Allah qorxusu və gözəl əxlaqla cilovlanır. Sevgisiz, qəddar, eqoist hisslər ancaq Allahdan qorxub səbir və etina ilə gözəl əxlaq göstərildikdə aradan qalxır. Əks təqdirdə insan kabus kimi həyat yaşamağa məhkum olur. Qəlbindəki eqoistliyin qarşılığında eqoistlik görür və əsl sevginin, əsl dostluğun və qardaşlığın nə olduğunu heç vaxt bilmir.

