İman gətirib həyatı boyunca yaxşı əməllər edən möminin qovuşacağı qurtuluş Allahın razılığı və Cənnətidir

Cənnətin çox üstün olan neməti Allahın rizasıdır

Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük uğur və qurtuluşdur. (Tövbə surəsi, 72)

Cənnətin çox üstün olan neməti Allahın rizasıdır. Möminin Allah rizasını qazanmasından dolayı hiss etdiyi sevinc və xoşbəxtlikdir. Sonra Allahın verdiyi hər şey üçün Ondan razı olmağın, Ona daim şükür etməyin verdiyi əsl sevincdir. Quranda cənnət əhlinin vəsfi bu şəkildə diqqəti çəkir:

…Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, möminlər üçün böyük uğur və qurtuluşdur. (Maidə surəsi, 119)

Möminlərin Allahın rizasını qazandıqlarını hiss etməsinin ən qabarıq ifadəsi isə Allahın onlara görünəcək şəkildə təcəlli etməsidir. Dünyada bu durum qeyri-mümkündür. Çünki “gözlər Onu görüb dərk etməz…” (Ənam surəsi, 103). Ancaq Quranda bildirildiyinə görə, Allah axirətdə mömin qullarına aydın bir şəkildə təcəlli edərək görünəcəkdir. Bunun necə olacağı isə Allah dərgahındadır. Ancaq ayələrdə keçən ifadələrə görə, məhşər günü Allah səkkiz mələyin daşıdığı ərşində möminlərin qarşısına gələcəkdir. (Haqqə surəsi, 17)

O an möminlərin “üzləri sevinib güləcək, öz Rəbbinə baxacaqlar” (Qiyamət surəsi, 22-23). Sonra “rəhmli Allahdan onlara salam deyiləcəkdir” (Yasin surəsi, 58). İçində olduqları həqiqət məqamı Allahın ali məqamıdır və möminlər burada “haqq məclisində qadir hökmdar Allahın hüzurunda olacaqlar”. (Qəmər surəsi, 55)

Bütün bunlar möminlərin Allahın rəhmətini və rizasını öz üzərində hiss etməsi mənasına gəlir ki, ən böyük nemət də elə budur. Allahın rizasını qazanmaq heç bir maddi gözəlliklə müqayisə edilməyəcək qədər böyük bir sevinc və xoşbəxtlik gətirir.

Əslində, cənnətin digər nemətlərini qiymətli edən şey yenə də Allahın rizasıdır. Çünki eyni nemətlər dünyada da qismən var və var ola bilər. Amma Allahın rizası daxilində olmadıqda onların mömin üçün bir mənası olmaz.

Bu məqam son dərəcə önəmlidir və iman gətirənlərin bu haqda ciddi düşünməsini tələb edir. Çünki neməti qiymətli edən onun içində daşıdığı ləzzət və zövqün xaricində olan bir şeydir. Əsl dəyər o neməti Allahın “lütf” etməsidir. O nemətdən istifadə edib şükür edən mömin Allahın ikramı ilə nemətləndirildiyini, Allahın onu sevdiyini, qoruduğunu və ona rəhmətindən daddırdığını hiss edər ki, əsl həzzi də bundan alar. Nemət məqsəd deyil, vasitədir. Nemət insanın Allaha daha çox şükür etməsini davam etdirmək üçün mövcuddur. Dolayısilə, cənnətin bütün nemətləri yenə də bir vasitədir. Cənnətdəki möminlər əbədi olaraq Allaha şükür etsinlər deyə yaradılmışdır. Onları qiymətli edən ən önəmli şeylərdən biri də budur. Qısaca, cənnətdəki nemətlər insanın Allaha yaxınlaşması, Onun əbədi dostluğunu, sevgi və razılığını qazanmağın əvəzsiz zövqünə çatması üçün bir vəsilədir. Elə bu səbəblə də Allahın rizası cənnətin ən böyük nemətidir. Və bütün maddi zövqlərdən üstündür.

Cənnətdəki diqqəti cəlb edən nemətlərdən biri olan və Qurani-kərimdə də tez-tez vurğulanan gözəl qadınları (huriləri) nəzərə alaq. Bu qadınlar estetik düşüncənin əslini təmsil edirlər və son dərəcə cəlbedicidirlər. Onlarla birlikdə olmaq öz-özlüyündə böyük bir nemətdir. Necə ki, Qurani-kərimdə bu, təşviq edilir. Onların üzlərinin, dərilərinin və hətta kökslərinin gözəlliyinə diqqət çəkilir. Allah yaratdığı ən böyük maddi nemətlərdən biri olan cinsi münasibət bu möhtəşəm qadınlarla əbədiyyətə qədər mükəmməl şəkildə yaşanır.

blank