İmanın müxtəlif dərəcələri var. Allah ayələrində güclü imana malik olan müsəlmanların xüsusiyyətlərinə diqqət çəkmişdir. Allahdan çox qorxan, Onu çox sevən, həyatının hər anını Onun üçün yaşayan və eyni zamanda Onun əmr etdiyi kimi gözəl əxlaqlı olan təqvalı müsəlmanlar kimi etməyib vicdanına uymayan, heç bir üzrlü səbəbi olmadığı halda, dinsizliyə qarşı Allah yolunda fikri mübarizə aparmaqdan (cəhd etməkdən) çəkinən və ya əsəbiləşmək, hadisələr qarşısında kədərlənmək və təşvişə düşmək kimi Allahın insanları çəkindirdiyi pis əxlaqdan əl çəkməyən, bunlara baxmayaraq, iman gətirdiklərini söyləyən insanlar da var.
Hər müsəlman üçün Allah rizasının ən çoxu, Allah yolunda fikri mübarizə aparmaq, lazım gəldikdə bu mübarizəyə var gücü ilə dəstək olmaq, bu elmi mübarizəyə qoşulmaqdır. Belə bir mübarizə şərt olduqda, üzrlü səbəb olmadan daha az cəhd göstərməyin Allah qatında dəyəri daha azdır.
Həqiqi iman Allaha qeyd-şərtsiz təslim olmağı, Onun əmr və tövsiyələrinə qəti şəkildə riayət etməyi, Allahın əmrlərini yerinə yetirərkən şeytanın hiyləgər tələlərinə və nəfsinin xudbin oyunlarına boyun əyməməyi, Allahın dinini yaşamaq üçün həyatı boyu qətiyyət göstərməyi də ehtiva edir. Ona görə də şeytanın aldadıcı oyunlarına qarşı Allah yolunda lazımi qətiyyəti göstərə bilməyən, Allahın əmr və tövsiyələrinə əməl edərkən bəzən zəiflik göstərən insanların bu vəziyyətini dərhal düzəltməyə çalışmaları, imanı vaxt itirmədən gücləndirmələri, Allah qorxularını və Allah sevgilərini artırmaları, Allaha təslim olaraq və axirətə yönələrək sadəcə Allah rizası üçün yaşamağa başlamaları Allah rizasına ən uyğun, ən doğru davranışdır.
Əlbəttə, zəif imana malik olan şəxs imanını artırmaq üçün bir sıra səbəblərə əl atmalı, məsələn, imanının artmasına səbəb olacaq iman həqiqətlərini öyrənməli, imani mövzularda dərinləşmək ümidi ilə bu mövzuda çox oxumalı, iman həqiqətləri videolarına hər gün baxmalı, Qurandan möhkəm yapışmalıdır.
Bir vacib cəhəti də unutmaq olmaz: əslində, həqiqi imana sahib olmaq istəyən şəxs, hər şeydən əvvəl, Allaha bütün səmimiyyəti ilə yönəlməlidir. İnsan Allahın onu eşitdiyini, onu gördüyünü bilərək Ona bütün qəlbi ilə yönəldikdə və Ondan güclü iman dilədikdə Allahın mütləq onun duasına qarşılıq verdiyini görəcək. Allah bütün duaları eşidən, bütün qullarını tövbə etməyə və Ona yönəlməyə çağırandır. Allahın varlığı çox açıq, qəti və aydındır. Göy üzündəki nəhəng qalaktikalardan insan orqanizmindəki hüceyrənin tərkib hissələrinə qədər kainatın hər tərəfini əhatə edən yaradılış möcüzələri Allahın varlığının dəlillərini açıq-aşkar göstərir. Bu möcüzələrdən sadəcə birinə belə şahid olmaq Allaha tam yəqinliklə iman gətirmək üçün kifayətdir. Digər tərəfdən, Allah insanın öz bədənində də dəlillər yaratmışdır. Əslində, hər insan vicdanən Allahın varlığından çox əmindir. Vicdanın səsini dünyəvi istəklərə meyil edərək boğmamaq, vicdanı təmiz saxlamaq və vicdanın əmr etdiyi kimi yaşamaq əsasdır.
Qəti iman gətirən insan, iman gətirməyən insanlardan həyatı çox fərqli qavrayır və yaşayır. Hər an xoşbəxt və şən olması, heç bir şeyə görə kədərlənməməsi, ümidsizliyə düşməməsi, heç bir səbəblə əhvalının pozulmaması, şər kimi görünən hadisələr başına gəldikdə belə çox rahat və sakit olması iman gətirənlər və iman gətirməyənlər arasındakı fərqi göstərən ən bariz xüsusiyyətlərdir.
Bəzi insanlar Allahın əmr və tövsiyələrinə əsasən yaşadıqda bədbəxt olacaqlarını zənn edərək dindən uzaq qalırlar. Əslində isə məhz din əxlaqından uzaq qalaraq bədbəxt olurlar. Bədbəxtliyin səbəbini də heç cür anlaya bilmir, süni üsullarla bunun qarşısını almağa çalışırlar. Ancaq nə etsələr də, əsl mənada xoşbəxt ola bilmirlər. Əsl xoşbəxtlik ancaq Allaha yönəlməklə mümkündür. Allah bir ayəsində bu vəziyyəti belə ifadə edir:
…Dünya həyatı ilə sevindilər. Halbuki, dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir. (Rəd surəsi, 26)
İman gətirən insanlar isə hər an xoşbəxt və şəndirlər. Xoşbəxt olmaq, sevinmək üçün xüsusi səbəb axtarmağa ehtiyac duymurlar, onlar onsuz da iman gətirməyin, Allahın varlığının dəlillərini hər yerdə görməyin və Allahın cənnət vədini sevinclə gözləməyin daim sevinci içərisindədirlər. İman gətirməyən insanlar da iman gətirənlərin hər an xoşbəxt, şən, təvəkküllü vəziyyətinə təəccüblənir, bunun ardındakı səbəbi heç cür anlaya bilmirlər. Xüsusilə də müsəlmanların başlarına gələn hər çətinliyə xeyir gözü ilə baxmalarını heyrətlə qarşılayırlar. Özlərinin ümidsiz halda kədərləndikləri bir hadisə qarşısında müsəlmanların əks reaksiyası, hər zaman müsbət yönlü, səbirli, təvazökar davranmaları, nə baş versə də, hadisələrdə daima xeyir və hikmət görmələri, çətinliklərlə tez-tez qarşılaşmalarına baxmayaraq, rahat və sakit olmaları onları çox təəccübləndirir.
Möminlər başqalarının heç cür tab gətirə bilməyəcəyi qədər müxtəlif çətinliklərlə qarşılaşırlar. Məsələn, qınanırlar, tənqid edilirlər, ələ salma, iftira kimi müxtəlif psixoloji təzyiqlərə məruz qalırlar. Tarix boyu inkar edənlərin müxtəlif təzyiqlərinə məruz qalan, hətta ölümlə hədələnən peyğəmbərlər və saleh möminlərin vəziyyəti buna nümunədir. Qarşılaşdıqları çətinliklər peyğəmbərlərin Allah yolunda daha da şövqlə mübarizə aparmalarına səbəb olmuşdur. Ona görə qarşılaşdıqları çətinliklər peyğəmbərlərin yolu ilə gedən möminlərin də sevincini artırır, onlar da imanın sevincini əzab və çətinliyin içində daha qüvvətli şəkildə yaşayırlar. Hər şeyin Allah tərəfindən olduğunu bilir, Allahın yaratdığı taleyə tam təslim olurlar. Bu iman Allahın Quranda təriflədiyi, vacib olduğunu vurğuladığı iman formasıdır. Allah bir ayəsində belə buyurur:
Neçə-neçə peyğəmbər vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (kafirlərə) boyun əymədilər. Allah səbir edənləri sevər. (Ali İmran surəsi, 146)
Səmimi, təqvalı müsəlmanın hədəfi Allahdan çox qorxan, Onu çox sevən və hər an Ona bağlı yaşayan müsəlmanlardan olmaq, peyğəmbərlərin yolunu izləmək və imanı ən gözəl şəkildə yaşamaqdır. Bu qısa, fani dünya həyatında müsəlmanın üzərinə düşən ən vacib vəzifələrdən biri gücü çatdığı qədər ən güclü imana, ən güclü Allah qorxusuna və ən dərin Allah sevgisinə sahib olmaqdır. Heç şübhə yoxdur ki, daha artığına gücü çatırsa, daha azı ilə kifayətlənmək vicdanlı bir müsəlmana layiq deyil.
Həqiqət budur ki, səmimi şəkildə Allaha yönələn hər kəs çox yüksək iman dərəcəsinə çata bilər. Bunun üçün insan Allahı ən yaxın dost tutmalı, Ona qarşı hər an hörmət dolu qorxu duymalı, Onun dinindən əsla dönməməlidir. Ciddi səylə Allaha yaxınlaşmağa cəhd göstərən insanı mütləq Allah Özünə dost tutar. Allah bir ayəsində belə buyurur:
Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Bəqərə surəsi, 186)

