Allah ilk insan olan hz. Adəmi yaratdıqdan sonra mələklərə və cin olan İblisə ona itaət (səcdə) etmələrini əmr edər. Allah qatında zaman olmadıına görə bütün zaman eyni anda görülər, yəni zamanı xətkeşə bənzətsək, əvvəli ilə sonuna qədər eyni anda görmək mümkündür. Mələklər tarixdə insanların nə qədər qəddarlıqlar etdikləri, zalımlıq və nankorluqlar etdiklərini gördüklərinə görə mələklər əvvəlcə səhv edər və bundan narazı olduqlarını bildirərlər. Halbuki, Allahın hər işinin sonsuz hikmət olduğunu bilmələri və heç bir narazılıq etmədən itaət etmələri lazımdır. Bu xətalarına baxmayaraq Allah onlara əzab verməz və Adəmin yaradılışındakı hikməti göstərər. Bundan sonra da böyük xətalarından əl çəkib tövbə edərək Allaha sığınar və Onun əmrinə itaət edərlər.
Şeytan isə mələklərdən fərqli olaraq təkəbbürlüdür. Özünü üstün varlıq kimi görür və buna görə də, Adəmin ondan üstün tutulmasına qarşı çıxır. Eyni şəkildə Allah Adəmin yaradılışındakı hikməti açıqlamaqla mələklərin əksinə olaraq Allaha itaət etməz.
Yəni doğrunu görür, vicdanla anlayır, ancaq təkəbbüründən qəbul etmir. Məqsədi doğrunu tapmaq və doğru davranmaq deyil, öz eqoistliyini göstərməkdir.
Bu davranışına guya məntiqi zəmin yaratmaq üçün də ortaya özünün atəşdən yaradılmış olduğu fikrini atır. Ancaq bunun heç bir önəmi yoxdur; hər şey Allah tərəfindən yaradıldığına görə Allah istədiyini digərindən üstün tuta bilər. Ən əsas budur ki, şeytan da bunu bilir, ancaq doğrunu deyil, özünü qane edən nəticəni axtardığı üçün guya bunları görmür və atəş-torpaq müqayisəsi ilə azğın məntiq irəli sürür. Bu məntiqi müdafiə etdiyi üçün də tez-tez mübahisə edir. Və Allah onu lənətləyir. Quranda bu hadisə belə açıqlanır:
Allah buyurdu: “Elə isə oradan aşağı en! Orada təkəbbürlənmək sənə yaraşmaz. Dərhal (oradan) çıx! Şübhəsiz, sən zəlil olanlardansan”. (İblis) dedi: “(İnsanların yuxudan) oyanacaqları günə qədər mənə möhlət ver!” Allah buyurdu: “Şübhəsiz, sən möhlət verilənlərdənsən”. (İblis) dedi: “Sən məni azdırdığın üçün, mən də hökmən onları azdırmaq məqsədilə Sənin doğru yolunun üstünə oturacağam. Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən”. Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf surəsi, 13-18)
Quranın başqa ayələrində isə eyni hadisədən belə bəhs edilir:
Bir vaxtlar mələklərə (və İblisə): “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” – dedi. (Sonra) belə dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini mütləq özümə tabe edəcəyəm!” Allah buyurdu: “Get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, sizin cəzanız tam bir cəza olan cəhənnəmdir. Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz. Şübhəsiz, (ixlaslı) qullarım üzərində sənin heç bir hökmranlığın olmayacaqdır”. (Onlar üçün) qoruyucu olaraq Rəbbin yetər. (İsra surəsi, 61-65)
Kainatdakı ilk mübahisə şeytanın Allah tərəfindən lənətlənməsi və qovulması ilə nəticələnmişdir. Şeytan isə Adəm oğullarını özü kimi azdırmaq üçün Allahdan möhlət almışdır.
Bəs şeytan insanları necə yoldan çıxara bilər? Şübhəsiz ki, bunun müxtəlif yolları olacaqdır. Həmçinin şeytan insanlara “önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyini” (Əraf surəsi, 17) deməklə müxtəlif üsullardan istifadə edəcəyini bildirmişdir.
Başlıca üsullardan biri şübhəsiz ki, şeytanın öz xüsusiyyətlərini insanlara keçirməsidir. Şeytana uyanlar da onun kimi təkəbbürlü, üsyankar, nankor və zəlil olacaqlar.
Digər məqsədləri isə eynilə şeytan kimi mübahisəni sevməsidir. Şeytan doğrunu gördüyü halda onu qəbul etmədiyi və öz eqoist xarakterinə uyğun olan hər şeyi mübahisə yolu ilə doğru kimi göstərməyə çalışdığı kimi onlar da təkəbbürlərini qorumaq üçün mübahisə edəcəklər. Mübahisə onlar üçün həyatın bir mənası olacaq, öz aralarındakı dialoqları “doğrunu tapmaq üçün fikir mübarizəsi” yerinə hər zaman “mənafelərini qane edən hər şeyin nə olursa olsun, səhv belə olsa müdafiə etmək üçün dirənmə, inad göstərmə” məntiqi üzərində quracaqlar.
Din insanın eqoistliyinə ağır gələcək və bəzi dünyəvi mənafeləri ilə toqquşacaq. Bu səbəbdən şeytanın mübahisə sevən xüsusiyyətinə sahib olan insanlar onlara din izah edildiyi zaman da mübahisə yolunu seçəcəklər.
Vicdanları tərəfindən qəbul edilən dini bu istəklərinə görə inkar edəcək, bu davranışlarına guya “məntiq” qata bilmək üçün də eynilə şeytan kimi mübahisə yolunu seçəcəklər.
Şeytan isə insanları Allahın haqq yolundan azdırmaq və bütün həyatını tüfeyli bir şəkildə keçirmələri üçün mübahisəni əlindən gəldiyi qədər qızışdırar və genişləndirər. İnsanların zehnini Allah ilə və axirətlə deyil, heç bir faydası olmayan boş mövzularla doldurmağa çalışdığı kimi eyni şəkildə mübahisə və çəkişməni də insanlara xoş və gözəl göstərir. Buna görə də, Allah möminləri şeytanın bu mübahisəni qızışdırmasına qarşı xəbərdar etməkdə və Rəsula “Bəndələrimə de ki: “Gözəl sözlər desinlər”. Şeytan insanın açıq düşmənidir” (İsra surəsi, 53) hökmünü verir. Möminlər bu hökmə uymaqla öz aralarında heç bir mübahisəyə izin verməz və beləcə şeytanın bu xüsusiyyətindən qorunmuş olurlar.
Mübahisə möminlər üçün darıxdırıcı bir şeydir. İnkarçılar isə “… Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər” (Nəmi surəsi, 24) ayəsində də bildirildiyi kimi, şeytanın “bəzəkli sözləri” ilə aldadılmışlar. Şeytan həmişə onları mübahisəyə yönəldir və onun “bəzəkli sözləri” ilə həm bundan şeytani zövq alır, həm də bunu doğru və normal bir şey kimi qəbul edirlər.
Yaşadığımız həyatda demək olar ki, hər gün buna bənzər bir çox nümunələr müşahidə etmək mümkündür. Gündəlik həyatda hər növ mövzuda bir çox mübahisənin şahidi oluruq. Müxtəlif televiziya kanallarında, internetdə yaxud da küçədəki insanlar arasında aparılan bu mübahisələrin təməl xüsusiyyəti onların bir neçə saatdan sonra heç bir konkret nəticə əldə etmədən bitməsidir. Axır vaxtlar bu mübahisələrdə din mövzusu mühüm yer tutaraq ön plana çıxmışdır. İnsanların çoxu kifayət qədər məlumatı ya da yolgöstərici kitabı olmadığı halda Allah haqqında mübahisələr edirlər. Bəziləri isə insanları doğru yoldan çəkindirmək üçün mübahisəyə girir.

