İdeal müsəlman qadın xarakteri

İmanlı qadının nə qədər dəyərli olduğunu Allah yuxarıda verilən Quran ayəsi ilə diqqət çəkir

“Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.” (Bəqərə surəsi, 221)

İmanlı qadının nə qədər dəyərli olduğunu Allah yuxarıda verilən Quran ayəsi ilə diqqət çəkir. Bir insanın əxlaqını gözəlləşdirən, insanı dəyərli edən həmin insanın sahib olduğu imanı, Allah qorxusu və təqvasıdır. İnsanın sahib olduğu bütün xüsusiyyətləri dəyərli edən onun imanıdır. Bu, Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirdir. İnsanlar bu sirr haqqında diqqətlə düşünüb öyüd almalıdırlar. Quran əxlaqı bütün insanlara olduğu kimi, qadınlara da ən güclü, möhkəm və gözəl şəxsiyyət qazandırır. Allahın, “… Doğrusu, Biz onlara Zikr gətirdik…” (Muminun surəsi, 71) ayəsi ilə bildirdiyi kimi, Quran əxlaqı insanlara “şan və şərəf” qazandırır. Buna görə də bu əxlaqı yaşayan bir qadın hörmət edilən, şərəfli və təmkinli xarakterə sahib olur.

Allah Quranda qadın və kişi üçün fərqli xarakter bildirməmiş, bütün insanları tək bir müsəlman xarakterinə çağırmışdır. Müsəlman Allahdan qorxan, hər işində Allahın razılığını axtaran, dünya həyatının keçici, ölümün isə yaxın olduğunu bilib, axirəti hədəfləyən insandır. Qadın, yaxud da kişi olsun, bütün müsəlmanlar Quran əxlaqını ən gözəl şəkildə yaşamağa cəhd etməlidirlər. Bu əxlaqı yaşayan qadınlar da cahil cəmiyyətdə qadın, ya da kişi xarakterində görülən bütün zəifliklərdən, acizliklərdən və mənfi davranışlardan xilas olar, bunların yerinə imanın gətirdiyi güclü xarakterə sahib olar. İmanlı insanlar yaşadıqları cəmiyyətdən, ailələrindən, ya da dost-tanışlarından gördükləri təlqinlərə baxmayaraq, bunları kənara qoyar və Quranda bildirilən müsəlman xarakterini yaşayarlar. Mömin qadın da xarakterini Allahın bəyəndiyi və məmnun olduğu Quran əxlaqına görə təyin edər.

Hz. Məryəm bu xarakteri yaşayan qadınların ən gözəl nümunələrindəndir. Hz. Məryəm cahiliyyə əxlaqını yaşayan cəmiyyət içərisində bir çox çətin imtahanlarla qarşı-qarşıya qaldı. Bunlara qarşı tək başına mübarizə aparsa da, çox güclü və dözümlü xarakter göstərmişdir. İslam əxlaqının, Allaha könüldən iman gətirməyin, əsl təvəkkül və təslimiyyətin verdiyi güc ilə hər işində həmişə qalib gəlmişdir. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, əsalətini və təmkinini qorumuş, bu xüsusiyyətlər ilə insanlar arasında fərqlənmişdir.

İman gətirən bütün qadınlar hz. Məryəmin bu gözəl əxlaqını və üstün şəxsiyyətini nümunə götürməli və Quranda bildirilən ideal müsəlman xarakterinə çata bilmək üçün səmimi səy göstərməlidirlər.