İnsanın ibrət aldığı, dərs götürdüyü hadisələrin ruhunda əmələ gətirdiyi təsiri unutmaması çox vacibdir.
İnsanların həyatında çox nadir baş verən bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri insanlarda aylarla, hətta illərlə davam edir. Həmin hadisəyə aid görüntü və səslər gözlərinin önündən və qulaqlarından həyatının sonuna qədər getməz. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən insanın keçirdiyi böyük peşmançılıq, bəzən çox utandığı hadisə, bəzən də bir tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.
İnsanlar, əsasən, başlarına gələn bu hadisələrdə bəzi çox vacib həqiqətləri qavrayır və həyatına istiqamət verəcək bəzi qərarlar verirlər. Başlarına gələndən nəticə çıxarır və qəlblərində bütün bunları əsla unutmamağa niyyət edirlər. Başlarına gələnlərdən aldıqları dərs və ibrətlərin həyatının sonuna qədər onlara fayda gətirən hadisələr olduğunu dərk edirlər.
Böyük hadisələrlə yanaşı, insanın başına gələn bəzi kiçik, adi hadisələr də insanların mühüm qərarlar verməsinə səbəb olur. Öz-özünə “bir daha bunu heç etməyəcəyəm”, “buna çox diqqət edəcəyəm”, “bu sözdən və ya üslubdan heç istifadə etməyəcəyəm”, “bu yanlış düşüncə tərzini tamamilə beynimdən siləcəyəm” kimi qərarlar verir. Ancaq insan çox unutqan varlıqdır. Gün ərzindəki kiçik hadisələrdə də, həyatında mühüm yer tutan böyük hadisələrdə də aldığı dərsləri və verdiyi qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmamaq qərarı verdiyi bir məsələni bəzən bir-iki gün, bəzən bir-iki saat, bəzən də 5-10 dəqiqədə diqqətinin dağılması ilə dərhal unudur.
Bəzən bu vəziyyət insanın həyatında dəfələrlə təkrar olunur. Mühüm bir hadisə və ya etdiyi səhv hər hansı məsələdə ona ibrət olur və bu insan həmin məsələdə diqqətli olmaq üçün həyati əhəmiyyətli qərar verir. Ancaq gündəlik həyatına geri dönməsi ilə bunu dərhal unudur.

