Qətiyyətlilik – bir məsələdə mətinlik göstərmək, nəticəyə çatmaqda heç bir maneə tanımamaq və əzmlə çalışaraq lazım olanları nəyin bahasına olursa yerinə yetirmək mənasına gəlir. Yuxarıdakı ayədə qeyd olunan qətiyyət sözü də bu mənada işlədilib. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qətiyyətli olmalarını tələb edir.
Lakin insanlar ibadətdə qətiyyətli olmağı çox məhdud çərçivədə dəyərləndirirlər. Çünki onlar ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insana fərz olan hökmlər mənasına gəldiyini zənn edirlər. Halbuki ibadət xidmət mənasına gəlir. Yəni insanların Allah üçün etdiyi hərəkətləri, danışıqları, hal və davranışları bir ibadətdir. Namaz insan üçün mühüm və fərz ibadət olduğu kimi əsəblərə hakim olmaq, gözəl danışmaq, insanlara xəbərdarlıq edib onları pis işlərdən çəkindirmək, zənnə qapılmamaq və ya mübahisə etməmək də bir ibadətdir. Bu səbəbdən də Allahın “ibadətdə qətiyyətli ol” əmri həm feli ibadətlərə, həm də əxlaqa aiddir.
Allah müsəlmanların dinlərinə olan bağlılığının imtahana çəkilməsinə dair nümunə olaraq ən çox inkarçıların sözlü və ya əməli surətdə hücum faktını verir. Yaxud da müsəlmanlara iftira atıldığı, insanların toplu şəkildə üz çevirdiyi, xəstəlik baş verdiyi, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli hal ilə qarşılaşdığı, xüsusən də insan həyatını risk altına alan anlar nümunə kimi verilir. Belə hallar müsəlmanların öz dinlərinə riayət etmək və onu təbliğ etməkdə əzmkar olacaqları hallardır.
Bundan əlavə, Allahın bolluq, sağlamlıq, zənginlik və ya güc verdiyi hallar da var ki, bu hallarda da insanın ruhdan düşməyəcəyi və din əxlaqına əməl etmək məsələsində qətiyyət nümayiş etdirəcəyi çox dəyərli hallardır. Yəni müsəlmanlar həm çətinliklə, həm də asanlıqla imtahana çəkilirlər. Heç bir hal müsəlmanların davranışlarında mənfi dəyişikliklərə yol açmaz.
O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. Elə isə, Ona ibadət et və Ona ibadətdə qətiyyətli ol! Ona oxşar birini tanıyırsanmı?! (Məryəm surəsi, 65)

