“(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür. Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”. (Yusif surəsi, 52-53)
Yusif peyğəmbərin üstün əxlaqında diqqət çəkən əhəmiyyətli bir xüsusiyyət, onun haqlı olduğu vəziyyətdə belə nəfsinə müdafiə etməməsi, ona əsla etibar etməməsi və onun Allahın diləməsindən başqa mütləq pisliyi əmr edən qüvvə olduğunu çox yaxşı bilməsidir. Bu, ancaq dərin iman sahiblərinin yaşaya biləcəyi əxlaqdır. Çünki nəfs şeytanın üsullarına sığınaraq insana hiylə ilə yaxınlaşır və vicdanının səsini dinləməyən insanlara etdiklərini gözəl göstərərək onları pisliyə yönəldir.
Hz. Yusifin nəfsinə qarşı mövqeyi isə onun imani yetkinliyinin hərəkətlərinə əks olunmasıdır. Şübhə yoxdur ki, Allaha bu cür güvənən və təslim olan bir insanın sonu da mütləq xeyir olar. Necə ki, onun həyatı boyunca göstərdiyi bu təslimiyyətin əvəzinə Allah ona dünyada güc və iqtidar vermişdir. Ayrıca, ona dünyada gözəl həyat vermiş və axirətdə də yaxşılıqlarının əvəzini verməklə cənnətlə müjdələmişdir:
Beləliklə, Yusifə yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. İman edənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir. (Yusif surəsi, 56-57)
