Allahın, Quranda diqqət çəkdiyi qadınlardan biri də, Misirdə olan Əzizin arvadıdır. Hz. Yusif, qardaşlarının qurduğu tələ nəticəsində, kölə taciri tərəfindən Misirli Əzizə satılmışdır.
Allah, Hz. Yusifi Əzizin yanına yerləşdirmiş və beləliklə onu Misirdə məskun etmişdir. Hz. Yusif, Əziz və arvadının yanında böyümüş, yetkinlik çağına çatdığında isə, Allah ona Qatından elm və hikmət vermiş, sözlərin şərhini öyrətmiş, onu seçmiş və rəhməti ilə dəstəkləmişdir.
Allah, Hz. Yusifi əhəmiyyətli sınaqdan keçirmişdir. Əzizin arvadı, yanlarında qalan Hz. Yusifdən “murad almaq istəmiş” və bu istəyini reallaşdıra bilmək üçün hiylə quraraq, onu tələyə salmağa çalışmışdır. Bunun üçün otağın qapılarını möhkəmcə bağlamış və Hz. Yusifə istəklərini bildirmişdir. Hz. Yusif isə, haram iş görməkdən Allaha sığındığını deyərək qadından üz çevirmişdir.
Hz. Yusif, qadının bu hərəkətindən imtina etməsi üçün ona Əzizin vəziyyətini xatırlatmış, əfəndisi olduğunu, onu məmnun etdiyini və yaxşı baxdığını deyərək, əfəndisinə qarşı sədaqətsizlik etməyəcəyini ifadə etmişdir. Hz. Yusif qadına həmçinin zalımların qurtuluşa çata bilməyəcəyini də deyərək, bunun zalım davranış olacağını xatırlatmışdır.
Hz. Yusif qətiyyətinə görə qadından uzaqlaşmağa çalışarkən qadının əri ilə qarşılaşmışdır. Əzizin arvadı yenə hiyləgərlik etmiş və Hz. Yusifin iffətli və ixlaslı rəftarına baxmayaraq, özünü təmizə çıxara bilmək üçün, Hz. Yusifə böhtan atmışdır. Hz. Yusifin ona pis niyyətlə yaxınlaşdığını deyərək, Əzizdən onun cəzalandırılmasını istəmişdir. Zindana atılması və cəzalanması üçün Əzizi inandırmağa çalışmışdır.
Əzizə sədaqətsizlik edərək, haram əməl etmək istəməsi, ardından da günahsız olduğunu çox yaxşı bildiyi halda yalan danışaraq Hz. Yusifə böhtan atması, Əzizin arvadının Allah qorxusundan məhrum və zalım xarakterə sahib olduğunu açıq şəkildə ortaya qoymaqdadır. Bütün bunlar eyni zamanda nəfsinin vicdanını necə örtdüyünü də göstərməkdədir.
Hz. Yusif, qadının bu vicdansız böhtanları qarşısında “Onun özü məndən murad almaq istədi.” (Yusif Surəsi, 26) deyərək, Əzizə hadisənin həqiqətini danışmışdır. Qadının yaxınlarından biri isə kimin doğru dediyinin aydın ola bilməsi üçün belə bir təklif etmişdir:
(Yusif) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. (Qadının) ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”. (Yusif Surəsi, 26-27)
Qadının bu mövzunu xatırlatması nəticəsində isə, Hz. Yusifin köynəyinin arxadan cırılmış olduğu görünmüşdür. Buna görə də, Hz. Yusifin qapıya doğru yönəldiyi, qadının isə onun arxasından qaçdığı sübutu ortaya çıxmışdır. Beləliklə, Hz. Yusifin günahsızlığını, arvadının ondan murad almağa çalışdığını, Əzizin özü də açıqca anlamışdır.
Ayələrdən də aydın olduğu kimi, Əziz, Hz. Yusifin haqlı olduğunu vicdani olaraq anlamışdır. Ancaq bu mövzu burada bağlanmamışdır. Qurana görə bu hadisə şəhərdə qadınlar arasında yayılmışdır. Şəhərdəki qadınlar, günahkar olanın Hz. Yusif deyil, Əzizin arvadı olduğunu anlamış və öz aralarında vəzirin arvadını qınamışdılar. Əzizin arvadı isə, özü haqqında danışılanı anladığında, bunu edən qadınlara da hiylə hazırlamışdır.
Qurduğu bu hiylə ilə, Allahın ayədə diqqət çəkdiyi kimi, özünün, üstün gözəlliyə sahib olan Hz. Yusifdən murad almaq istəməkdəki haqlılığını qadınlara sübut etməyə çalışmışdır. Bu şəkildə, onları da öz vəziyyətinə salmaq və öz günahına ortaq etmək istəmişdir. Qadınları yanına dəvət etmiş və gəldiklərində də hər birinin əlinə meyvə soymaları üçün bir bıçaq vermişdir. Ardından da Hz. Yusifi yanlarına çağıraraq verəcəkləri reaksiyanı görmək istəmişdir. Qadınlar Hz. Yusifin gözəlliyini gördüklərində özlərini itirmiş və heyranlıqdan bıçaqla əllərini kəsmişlər.
Hz. Yusifin gözəlliyi bu qadınlara Allahı xatırlatmış və onlar da bu fövqəladə gözəllik qarşısında Allahı təsbeh etmişlər. Onun gözəlliyini fövqəlinsan gözəllik olaraq şərh etmiş və hətta mələk olduğunu da iddia etmişlər.
Əzizin arvadı, yanındakı qadınlara özünün günahkar olduğunu, Hz. Yusifin isə iffətini qorumaq istədiyini açıq şəkildə etiraf etmişdir. Ancaq bununla bərabər qadınların qarşısında, Hz. Yusifə qarşı olan çirkin təklifini bir daha təkrarlamışdır.
Bununla da, qadının nə qədər zalım və çirkin əxlaq sahibi olduğunu bir daha ortaya qoymaqdadır. Qadın Misirdəki mövqeyinə və zənginliyinə güvənərək Hz. Yusifi harama girməyə məcbur etməkdədir. Bu son dərəcə iffətsiz bir təklifdir. Hz. Yusif isə, qadının bu davranışından Allaha sığınmışdır.
Allah Yusif Peyğəmbərin duasını qəbul etmiş və onların hiyləli nizamlarını özündən uzaqlaşdırmışdır.
Həm Əzizin, həm də arvadının təklifinə şahid olan digər qadınlar, Hz. Yusifin günahsızlığına çox açıq bir şəkildə şahid olduqları halda, bu mövzuda haqqa uyğun davranmamış və vicdansızca hərəkət etmişlər. Bunun nəticəsində, Hz. Yusif zindana atılmış və neçə illər orada qalmışdır. Allah, qadınların hiyləsini peyğəmbərdən uzaqlaşdırmış və ixlas və səmimiyyətinə görə, daha sonra Hz. Yusifi zindandan çıxararaq, günahsızlığını insanlara göstərmiş və onu Misirə rəhbər etmişdir.
Bütün bu hadisələrin düşünüb ibrət götürüləcək bir çox cəhəti vardır. Əzizin arvadının və digər qadınların hərəkətləri, Allahdan qorxmayan insanların azğınlıqda nə qədər qərarlı və çirkin cəsarətə sahib ola bildiklərini və necə hiylələr qura bildiklərini açıq-aydın ortaya qoymaqdadır. Allah qorxusu olmayan bir insan, asanlıqla hər cür vicdansızlıq edə bilməkdə, nəfsinin istəkləri üçün insanlara tələ qurmaqda, böhtan atmaqda tərəddüd etməməkdədir. Allahın ayədə, Əzizin “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.” Sözü ilə diqqət çəkdiyi kimi, Allah qorxusu olmadığında, “hiylə qurmaq” qadın əxlaqında rahatlıqla yer ala bilir.
Ancaq unutmamaq lazımdır ki, Hz. Yusif nümunəsində olduğu kimi, Allah insanların hiylələrini daim pozacağını bildirməkdədir. Pis əxlaq, daim insanın özünə zərər verər. Allah qorxusu və dürüstlük isə, həmişə Allahın köməyi və neməti ilə qarşılıq tapar.

