Hz. Osman

İslamı ilk qəbul edənlərdən olan hz

İslamı ilk qəbul edənlərdən olan hz. Osman həyatı boyu Peyğəmbərimizə yaxın olan insanlardan olmuşdur. Xəlifə olmadan əvvəl də İslam əxlaqının yaşanmasında və yayılmasında böyük xidmətləri olmuşdur. Hz. Ömər şəhid edildikdən sonra şura heyəti tərəfindən xəlifə seçilmiş və bu xidmətlərinə yeniliklər əlavə etmişdir. Bədr müharibəsindən başqa Peyğəmbərimiz hz. Məhəmmədin bütün döyüşlərində iştirak etmişdir. Hz. Osmanın xəlifə seçilməsinə heç kim etiraz etməmiş, hər kəs ona beyət etmişdir.

Hz. Əbubəkrin təbliği vasitəsilə müsəlman olan hz. Osman üstün əxlaqı və gözəl danışığı ilə bütün möminlərə nümunə olan dəyərli əshabələrdən biri idi. Çox gözəl və təsirli nitqə sahib olmasından əlavə, yaddaşı çox güclü idi və Quranı əzbərləmişdi. Bundan əlavə hz. Osman vəhy katibliyi edərək də İslama böyük xidmət etmişdir. Yalnız Allahın məmnuniyyətini və Onun sevgisini qazanmağı özünə məqsəd edən hz. Osman Allahın ona nəsib etdiyi maddi gücü tamamilə İslam əxlaqının yayılması və müsəlmanların rifahı üçün sərf etmişdir.

Yaşadığı dövr üçün böyük pul olan iyirmi min dirhəm ödəyərək Ruma quyusunu satın almış, Mədinəi-Münəvvərədə şirin su çatışmamazlığı olduğundan bu quyunu müsəlmanların xidmətinə vermişdir. Bununla bərabər, İslamın ən güclü ordusunun yaradıldığı Təbük səfərində ordunun üçdə birini hz. Osman təchiz etmişdir. Onun bu köməyindən sonra ordunun heç bir ehtiyacının qalmadığı rəvayət edilir. Ayrıca Mədinədə qıtlıq olduğu bir dövrdə hz. Osmanın Şamdan gələn yüz dəvə yükü buğda karvanını satın aldığı, daha sonra da bunları Mədinədəki kasıblara, əshabı-kirama pulsuz payladığı, yüz dəvəni də kəsib kasıblara yedirtdiyi rəvayət edilir.

Hz. Osmanın İslam əxlaqının yayılmasındakı ən böyük xidmətlərindən biri, şübhəsiz, xilafəti dövründə Quranı çoxaldılıb İslam mərkəzlərinə göndərilməsi olmuşdur. Hz. Osman dövründə dini qurum yaradılaraq Quranın nüsxələri çoxaldılmışdır. Hz. Osmana bu böyük və şərəfli xidmətinə görə Quranı yayan mənasında “Naşirül-Quran” ləqəbi verilmişdir.

Hz. Osman gördüyü işlər arasında işsiz insanların işlə təmin olunmasına da diqqət göstərmişdir. İslam torpaqlarında yaşayan insanların rifah səviyyəsinin yüksəldilməsi üçün abadlıq işlərinə əhəmiyyət vermiş, bağ və bağçaların çoxaldılmasına çalışmışdır. Onun xəlifəliyi dövründə İslam torpaqlarında yaşayan çox sayda insan İslam dinini qəbul etmişdir. Bu dövrə aid diqqət çəkən bir başqa nailiyyət isə müsəlmanların zənginləşməsi və keçmişlə müqayisədə daha da rifah içində yaşamaları olmuşdur.

Hz. Osman İslamiyyət və möminlər mövzusunda heç bir fədakarlıqdan çəkinməmişdir. Bunu hərbi və siyasi rəhbərlik anlayışında da göstərmiş və xəlifəliyi dövründə böyük müvəffəqiyyətlər əldə etmişdir. Hz. Osmanın xəlifəliyi zamanında Suriya sahillərində ilk İslam donanması yaradılmışdır. O dövrdə yeni genişlənməyə başlayan və zaman keçdikcə sərhədlərinin böyük hissəsi sahillərdən ibarət İslam dövlətinin qorunması üçün belə bir donanmaya sahib olmaq böyük əhəmiyyət daşıyırdı. Bu düşüncənin həyata keçirilməsi ilə İslam dövləti dənizdə də böyük bir gücə sahib oldu. Yaradılan ilk donanma sayəsində Aralıq dənizində strateji əhəmiyyəti böyük olan Kipr adası alınmışdır.

Bu ilk dəniz zəfərindən sonrakı illərdə digər Aralıq dənizi adalarına da səfərlər təşkil edilmişdir. Ancaq istər bu dəniz səfərlərində, istərsə də quru döyüşlərində hz. Osman İslam əxlaqının tələbi olaraq həmişə ədalət və mərhəmət nümayiş etdirmiş, bunu rəhbərliyi altında olanlara və fəth etdiyi ölkələrdə yaşayan xalqa da ən yaxşı şəkildə hiss etdirmişdir. Hz. Osman dövründə Debilin fəthi əsnasında şəhərdə yaşayan xristianlar, musəvilər və atəşpərəstlərə verilən əmənnamədə məbədlərin qorunacağına zəmanət verilmişdir. Həmçinin dağılan kilsələrin təmir edilməsinə, yeni sinaqoqların və monastırların tikilməsinə də icazə verilmişdir. Hz. Osman dövründə İran, Qafqaz və Afrikada da fəthlər davam etmişdir. Bizans imperiyası üzərində böyük zəfərlər qazanılmış, ələ keçirilən torpaqlarda nizam və ədalət təsis edilmişdir. Qafqaz, Xorasan, Mərakeş, Kirman, Afrika və daha bir çox ərazilər İslam dövlətinin xəritəsinə daxil edilmişdir.

Bu mübarək şəxsin şəhadəti, xüsusilə, Bəsrə, Kufə və Misir kimi şəhər və ölkələrdə çıxan bəzi qarışıqlıqlar nəticəsində meydana gəlmişdir. Bu qarışıqlıqlar nəticəsində hz. Osman hicrətin 35-ci ilində (miladi 657) bəzi üsyançılar tərəfindən evində şəhid edilərək Allah qatında şərəfli bir mərtəbəyə çatmışdır.

Peyğəmbərimizin hədislərində “yüksək əxlaq sahibi” deyə vurğulayaraq üstün əxlaqını təriflədiyi hz. Osman təxminən on il davam edən xəlifəliyi müddətində təvazökar, ədalətli rəhbərlik nümayiş etdirərək Peyğəmbərimizin yolu ilə getmişdir. İslam torpaqlarını istər qurudan, istərsə də dənizdən edilən uğurlu səfərlərlə böyüdərək, Quran əxlaqının daha geniş əraziyə yayılmasına səbəb olmuşdur. Xəlifəliyindən əvvəl və sonra Allahın izni ilə İslam əxlaqının yayılmasına xidmət edən hz. Osman bütün müsəlmanlara Quran əxlaqının yayılması mövzusunda gözəl əxlaqı ilə nümunə olmuşdur.

Peyğəmbərimizin hz. Osman haqqındakı sözləri

“Osman ümmətimin ən həyalısı və ən çox kərəm sahibidir.”

“Hz. Lutdan sonra ailəsi ilə hicrət edənin ilki Osmandır”.

“Ey Allahım! Qiyamət günü Osmanın qəm və kədərini yox eylə. Çünki o, bizim nə qədər kədərlərimizi dəf etdi.”

“Osman məndən, mən də Osmandanam”.

Hz. Osmanın xəlifə olduğu zaman dövlət vəzifə sahiblərinə yazdığı məktubdan…

“Allah heç bir şeyi boş yerə yaratmamışdır. Hər şeyi haqq olaraq yaratmışdır. O, haqdan başqasını qəbul etməz. Aldığınız şeyləri haqlı olaraq alın; verdiyiniz şeyləri də layiq olana verin. Xüsusilə dürüstlüyə qayğı göstərin. Dürüst davranın və dürüstlüyü pozan siz olmayın. Çünki onu pozan kimsəyə sonradan gələnlərin günahını da yüklənər. Sədaqətə diqqət yetirin, yetimin haqqına təcavüz etməyin, andınıza da sadiq qalın. Yaxşı bilin ki, Allah yetimə zülm edənin düşmənidir”.