Peyğəmbərlərin həyatı boyu dini böyük səbirlə və səylə izah etmələri, hər cür şərtdə heç vaxt geri addım atmamaları, onların vicdanlarına uymalarının nəticəsidir. Məsələn, hz. Nuh Quranda, etdiyi təbliğ ilə nümunə verilən peyğəmbərlərdəndir. Quranda hz. Nuhun qövmünü gecə-gündüz Allahın yoluna çağırdığı, onların məsxərələrinə, zülmlərinə baxmayaraq, hər kəsi Allahın əzabı ilə xəbərdar edib qorxutduğu bildirilir:
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! (Nuh surəsi, 5-10)
Yuxarıdakı ayələrdə bildirildiyi kimi hz. Nuhun danışığından da aydın olacağı kimi hz. Nuh, vicdanının ona əmr etdiyi hər şeyi tətbiq etmişdir. Gecə-gündüz qövmünü dinə dəvət etməsi, bunu edərkən də gizli və açıq formada etməsi onun çox ciddi və səmimi səyini göstərir. Qövmünün hz. Nuha verdiyi cavab isə Quranda belə bildirilir:
Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər. (Qamər surəsi, 9)
Qövmünün azğın rəftarına cavab olaraq Allah hz. Nuha belə vəhy etmişdir:
“…daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”. (Hud surəsi, 36-37)
Allahın köməyi gələnə qədər hz. Nuh qövmünə təbliğ etmişdir. Bu şübhəsiz böyük səbir tələb edir. Hz. Nuhun qarşılaşdığı bütün çətinliklərə baxmayaraq dini təbliğ etməkdən əsla imtina etməməsi onun vicdanının göstəricisidir.
I Quranda zikr edilən peyğəmbərlərin hamısı eyni qətiyyət və səbirlə qövmlərini dinə dəvət etmişlər. Allah bu saleh qullarına Öz qatında hikmət, izah etmə qabiliyyəti və elm verərək onları gücləndirmişdir. Hər birinin təbliği möminlərin hidayətinə vəsilə olarkən, inkar edənlərin də saxtakarlıqlarını ortaya çıxarmışdır. Allah, elçiləri vasitəsi ilə haqqı batilin üzərinə ataraq, batilin beynini darmadağın etmişdir. Bu dəyişməz İlahi qanun ayədə belə açıqlanır:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

