Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” – demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik:) “Allahın verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!” (Bəqərə surəsi, 60)
Bu ayənin zahiri mənası qədər batini və müasir dövrə olan işarələri də olduqca maraqlıdır. Tarix boyunca su, həyatın əsası kimi qəbul edilib. Musa peyğəmbərin duası ilə daşdan su çıxması, Allahın bir möcüzəsi olmaqla yanaşı, bu gün də bəşəriyyətin texnoloji inkişafı ilə əlaqələndirilə bilər. Günümüzdə yeraltı sular üçün qayalara xüsusi qazma alətləri ilə aparılır, yüzlərlə metr dərinlikdən içməli su çıxarılır. Bu da o dövrdəki “əsanı daşa vur” əmri ilə bir oxşarlıq təşkil edir. Hər ikisində məqsəd eyni: Allahın yaratdığı təbii qaynaqlardan faydalanmaq.
Ayədə keçən “on iki çeşmə” ifadəsi yalnız fiziki su qaynaqlarını deyil, eyni zamanda idarə və ədalət bölgüsündə bərəkətin simvolu olaraq da şərh edilir. Bu, son dövrlərdə “on iki imam”, “on iki nazir”, “on iki şura üzvü” kimi anlayışlarla Mehdiyyət və ədalətli idarəçiliklə əlaqələndirilir. Hətta saat formatlarının belə 12 hissəyə ayrılması, kainatdakı simmetrik nizamın bir işarəsi kimi dəyərləndirilə bilər.
Bəqərə surəsinin 61-ci ayəsində İsrail oğullarının Musa peyğəmbərə etdikləri müraciət belə qeyd olunur:
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən – tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” – demişdiniz… (Bəqərə surəsi, 61)
Ayədən görünür ki, İsrail oğulları ilahi nemətlər – manna və göyərçin əti kimi xüsusi ruzilərdən imtina edib, daha sadə, torpaq məhsullarına yönəlmək istəyirlər. Hz. Musa isə bunu tənqid edir: “Siz xeyirli olanı, daha dəyərsiz olanla əvəz etmək istəyirsiniz?”
Burada dərindən düşünməli bir məqam var. Həqiqətən də bəzi qidalar bioloji cəhətdən faydalı görünsə də, onların insanda yaratdığı yan təsirlər nəzərə alınmadan istifadə olunması tövsiyə edilmir. Məsələn, soğan və sarımsaq – hər nə qədər antibakterial xüsusiyyətlərə malik olsa da – onların yaratdığı pis qoxu, allergik reaksiyalar və mədə narahatlığı bir çox insan üçün ciddi problemlərə səbəb ola bilər.
Peyğəmbərimiz Hz. Məhəmməd bu iki qidanı yemədiyi və məscidə gələnlərin də yemədən gəlməsini tövsiyə etdiyi nəql olunur. Bu da bizə göstərir ki, hər bir qidanın təkcə maddi deyil, mənəvi və ictimai tərəfləri də nəzərə alınmalıdır.
Ayədə toxunulan digər əhəmiyyətli mövzu, heyvani və bitki proteini arasında olan fərqdir. Bildirçin əti kimi heyvani qidalar – orqanizm üçün zəruri olan bütün amin turşularını ehtiva etdiyindən – insan sağlamlığı üçün daha uyğun sayılır. Halbuki, yalnız mərcimək, paxla və digər bitki mənşəli qidalarla qidalanmaq bəzi əsas protein maddələrinin çatışmazlığı səbəbindən bədəndə zəiflik və enerji azlığı yarada bilər.
Musa peyğəmbərin qövmünə verdiyi mesaj burada daha da aydın olur: “Sizə verilən ilahi və sağlam ruzidən razı olun, onu yüngül, ancaq az faydalı seçimlərlə əvəz etməyin.”
Ayələrdəki tənqid yalnız fiziki qida üzərində deyil, insanların nankor davranışları və üsyankar ruh halı üzərində qurulmuşdur. Ayənin davamında belə buyurulur:
“Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, elçiləri haqsız yerə öldürür və (Allaha) asi olub həddi aşırdılar.”
Ayədə bizə göstərir ki, maddi imkanlar nə qədər çox olsa da, əgər insan Allahın verdiyi nemətlərə şükür etmirsə, ilahi qanunlara qarşı çıxırsa – nəticədə maddi-mənəvi zəlilliyə uğrayacaq. Bunu tarixdə Misir nümunəsində də görürük. İlahi rəhbərlikdən imtina edənlər orada kölə kimi yaşayıb zəlil oldular. Halbuki Musa peyğəmbərlə birlikdə qalsaydılar, şərəfli bir həyat onların olardı.
Bu ayələr bizə təkcə qədim bir qövmün hekayəsini danışmır. Hər dövrdə olduğu kimi bu gün də insanların təbii nemətlərə, sağlam qidalanmaya, şükür və itaətə ehtiyacı var. Texnologiya ilə su çıxarma, qida seçimi, həyat keyfiyyəti və mənəvi dəyərlər bir bütöv olaraq Allahın qoyduğu sistemin parçalarıdır. Bu sistemi anlamaq, qorumaq və tənzimləmək bizə verilmiş mühüm bir məsuliyyətdir.
Hər bir ayə, həm fərdi həyatımıza, həm də cəmiyyətin quruluşuna dair dərin hikmətlər ehtiva edir. Yeganə ehtiyacımız olansa, diqqətlə oxumaq və düşünməkdir.

