Hz. Məryəm

Hz. İsanı Allahın “Ol” əmri ilə atasız olaraq dünyaya gətirən hz

Hz. İsanı Allahın “Ol” əmri ilə atasız olaraq dünyaya gətirən hz. Məryəm, Quranda aləmlərin qadınlarına nümunə olaraq verilən saleh mömindir. Hz. Məryəm böyük diqqətlə, ayənin ifadəsi ilə “gözəl bitki kimi” yetişdirilmişdir. (Ali İmran surəsi, 37) Dövrümüzdə geniş yayılan “qadın” xarakterindən tamamilə fərqli xarakterə, əxlaq və vicdan üstünlüyünə sahibdir. Quranda Allah hz. Məryəmin aləmlərin qadınlarına üstün qılındığını belə bildirir:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran surəsi, 42-43)

Hz. Məryəmin Quranda ən diqqət çəkən cəhətlərindən biri isə, iffətinə olan həssaslığıdır. Hz. Məryəm iffətinə; cəmiyyət qaydaları, adət, ənənə olaraq deyil, Allaha olan bağlılığı və Onun hökmlərinə olan diqqəti səbəbiylə düşkün idi.

Quranda hz. Məryəmin hz. İsaya hamilə qalması və onu dünyaya gətirməsi ətraflı olaraq izah edilir. Bildirildiyinə görə, Cəbrayıl hz. Məryəmə atası olmayan, Allahın ruhundan üflədiyi oğlan uşağının müjdəsi ilə gəlmişdi. Bu, Allahdan ona çox böyük müjdə idi, çünki bu uşaq bütün aləmlərə göndəriləcək olan peyğəmbər idi.

Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm surəsi, 19)

Allahın köməyi və qoruması altında doğumunu tək başına reallaşdıran hz. Məryəm tayfasının yanına qayıdarkən güclü xarakter göstərərək yenə aləmlərə nümunə oldu. Hz. Məryəm və ailəsi yaşadıqları şəhərdə dindar, iffətli və inanclı insanlar olaraq tanınırdılar. Lakin hz. Məryəm aradan uzun müddət keçdikdən sonra, qövmünə yanında bir uşaqla qayıtdıqda bütün qövmünü ona qarşı olduğunu gördü. Hz. İsanın Allahın hz. Məryəmə verdiyi müjdə olduğuna inanmayanlar, ona böhtan atanlar, günahlandıranlar, hətta zərər verməyə çalışanlar da oldu.

Lakin hz. Məryəm insanların rızasına görə deyil, yalnız Allahın rızasına görə hərəkət etdiyi üçün bu vəziyyət ona təsir etmədi. Halbuki cahil cəmiyyətlərdə, sırf insanlardan görəcəyi reaksiyalara görə vicdanından uzaqlaşan, namazını, ibadətlərini yerinə yetirməyən, hətta haramları belə göz ardı edən bir çox insan vardır.

Allah hz. Məryəmə, qövmünün ittihamlarıyla ünsiyyətdə olmaması üçün heç kimlə danışmamasını və sual soruşanlara da susma orucu tutduğunu bildirməsini vəhy etmişdir. Və bunun ardından da atılan bütün böhtanları insanlara geri aldıracaq möcüzə yaratmışdır; beşikdə olan hz. İsa “susma orucu” tutan hz. Məryəmin yerinə açıqlama verməyə başlamışdır:

Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 29-33)

Beləcə hz. Məryəm qövmünə qarşı Allahın verdiyi möcüzə ilə ən gözəl şəkildə dəstəklənmişdir. Quranda hz. Məryəmlə əlaqədar olaraq izah edilən bu hekayə, müsəlman qadının sahib olacağı güclü, cəsarətli, Allaha könüldən bağlı, tək başına mübarizə apara bilən və son dərəcə iffətli rəftarı göstərir.

Bu hekayədə diqqət ediləcək mövzulardan biri də budur: Quranda kişi və ya qadın fərqi yoxdur. Bütün elçilər və Allahın nümunə göstərdiyi bütün təqvalı insanlar eyni üstün xüsusiyyətlərə sahibdirlər. Bu insanların ortaq xüsusiyyəti isə vicdanlarının onlara əmr etdiklərini qeyd-şərtsiz tətbiq etmələridir. Bunun nəticəsində isə aləmlərə nümunə olaraq əxlaq gözəllikləri ortaya çıxır.