Quran kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.
Quran hər insanın başa düşəcəyi sadə və anlaşılan üsluba, bənzərsiz hikmətə sahibdir. Buna baxmayaraq, Allaha və dinə qarşı səmimiyyətsiz olan, hətta düşmən kimi yanaşan bəzi insanlar Qurana ön mühakimə ilə yanaşır, yanlış məntiq səbəbi ilə ayələri doğru şərh etmirlər. Bəziləri də dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc, bidət və xurafat çıxarırlar. Quranı bilən və Peyğəmbərimizin (səv) həyatını tanıyan iman sahibləri isə bunların xurafat olduğunu anlayır və heç birinə etibar etmirlər. Lakin Allahı və Quranı tanımayanlar cahillikləri üzündən bu xurafatların təsirində qalır, Qurana əsaslanmayan bu batil dini yanlış olaraq gerçək din zənn edirlər. Quran və hədisləri oxumadıqlarına görə də Allahın bəyənib seçdiyi dinin gözəlliklərini görmürlər.
Allahın bütün insanlara hidayət olaraq endirdiyi Qurandakı yazılar bu xətalı yolu izləyənlərin böyük qismini heç maraqlandırmır. Dinlə əlaqədar hər hansı bir mövzunu öyrənmək istədikdə Allahın qiyamətə qədər etibarlı etdiyi Qurandan kənar bir çox yanlış qaynağa baş vurur, lakin Quranı oxumurlar. Bu vəziyyət Quranda “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” (Furqan surəsi, 30) ayəsi ilə ifadə edilir. Halbuki, dinin mənbəyi Quran ayələri və Quranda əmr edilənləri ən gözəl şəkildə tətbiq edən Peyğəmbərimizin (səv) sünnəsi, yəni sözləri, davranışları və hər cür işləridir. Allah Quranı insanların oxuyub anlaması, içində yazılanları öyrənməsi, bütün kainatı yoxdan var edən Rəbbimizi tanıması və Ona necə qulluq edəcəyini bilib çəkinməsi üçün göndərmişdir. Ayələrini hər növ örnək və qissələrlə bir-bir və müxtəlif cür açıqlamışdır. Allahın “…Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq… “ (Ənam surəsi, 38) ayəsində bildirdiyi kimi, Quran nöqsansızdır. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyatla əlaqədar bir çox şey Quranda ən hikmətli şəkildə açıqlanmışdır. Allah “Sizə sizləri xatırladan bir kitab nazil etdik. Məgər başa düşmürsünüz?”(Ənbiya surəsi, 10) ayəsi ilə bizlərə bu həqiqəti bildirir.
Bu kitab Quranın Allahın sözü və insanlar üçün hidayət rəhbəri olduğunu, dünyadakı hər insana xitab etdiyini, hökmlərinin endirildiyi zamandan bu yana bütün dövrləri əhatə etdiyini, dolayısilə, hər insanın üz tutması gərəkən ən əhəmiyyətli qaynaq olduğunu açıqlamaq məqsədilə hazırlanmışdır.
İslam dininin doğru öyrənilməsi və Quran ayələrinin lazımi şəkildə qavranılması insanların düz yolu tapmaları üçün çox zəruridir. Bu mövzunun bütün insanlara çatdırılması isə ağıllı, vicdanlı və sağlam düşüncəli hər müsəlmanın ən önəmli vəzifələrindən biridir.

