Bir insan tərəfsiz olaraq sünni hədislərini, şiə hədislərini və Quranı araşdırsa orada iki Elçi obrazı görəcək.
1) Qurandan əlavə hökmlər qoyan, Quranın ayələrini hədis ilə nəsx edən, səhabələrini cənnətlə müjdələyən, (haşa) Allah ilə ortaq idarə edən bir elçi. 2) Ancaq özünə vəhy olunana tabe olan, Qurandan kənar bircə hökm verməyən, ancaq Quranı yaşayan, Allaha hökmündə ortaq olmayan, özünü heç bir elçidən üstün və aşağı görməyən, bizim üçün nümunələr olduğu bildirilən bir elçi.
Allah Peyğəmbərinə belə buyurur:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)
Allah bir başqa ayədə iman edənlərə onları narahat edən mövzuda sual verməməyi əmr edir. Çünki hər suala verilən cavab eyni zamanda yeni hökmlər gətirir. Allah hökmləri yalnız Özü verdiyi üçün bu suallara yenə Quranın cavab verəcəyini bildirir. Bu ayədən də anlaşıldığı kimi, Peyğəmbərimiz sualların cavabını qətiyyən özündən verməmiş, mütləq Qurana baxmışdır.
Ey iman gətirənlər, sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın! Əgər Quran nazil edilərkən onlar haqqında soruşsanız, onlar sizə açıqlanar. Allah onları (indiyə qədər bu cür suallar verənləri) bağışlamışdır. Allah bağışlayandır, həlimdir. (Maidə surəsi, 101)
İndi isə aşağıda nümunə verəcəyim ayələrdə Allahın Rəsulunun insanların suallarına ancaq Quranla cavab verdiyini görəcəksiniz.
1. Səndən yeni doğan aylar barəsində SORUŞURLAR. DE: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir” (Bəqərə surəsi, 189)
2. Səndən nə verəcəklərini SORUŞURLAR. DE: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir” (Bəqərə surəsi, 215)
3. Səndən haram ayında vuruşmaq barəsində SORUŞURLAR. DE: “Bu ayda vuruşmaq böyük günahdır” (Bəqərə surəsi, 217)
4. Səndən içki və qumar barəsində SORUŞURLAR. DE: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür” (Bəqərə surəsi, 219)
5. Səndən nə xərcləyəcəklərini SORUŞURLAR.
DE: “Ehtiyacınızdan artıq qalanını” (Bəqərə surəsi, 219)
6. Səndən yetimlər haqqında SORUŞURLAR.
DE: “Onlara yaxşılıq etmək xeyirlidir” (Bəqərə surəsi, 220)
7. Səndən heyz barəsində SORUŞURLAR.
DE: “Bu, əziyyət verici bir haldır” (Bəqərə surəsi, 222)
8. Səndən hansı şeylərin halal edildiyini SORUŞURLAR.
DE: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur” (Maidə surəsi, 4)
9. Səndən o saat barəsində SORUŞURLAR.
DE: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir” (Əraf surəsi, 187)
10. Səndən qənimətlər haqqında SORUŞURLAR.
DE: “Qənimətlər Allaha və rəsuluna aiddir” (Ənfal surəsi, 1)
11. Səndən ruh haqqında SORUŞURLAR.
DE: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir” (İsra surəsi, 85)
12. Səndən Zülqərneyn barəsində SORUŞARLAR.
DE: “Onun barəsində sizə bir əhvalat danışacağam” (Kəhf surəsi, 83)
13. Camaat səndən o saat barədə SORUŞAR.
DE: “Onu ancaq Allah bilər” (Əhzab surəsi, 63)
14. Səndən fətva istəyirlər.
DE: “Valideyni və övladı olmayan kəsin barəsində fətvanı sizə Allah verir” (Nisa surəsi, 176)
Onlara bir ayə gətirmədiyin zaman: “Sən onu özündən uydurmalı deyildinmi?” – deyərlər. De: “Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu Quran Rəbbiniz tərəfindən göndərilmiş dəlillərdir, iman gətirən bir qövm üçün də hidayət və mərhəmət mənbəyidir”. (Əraf surəsi, 203)
Ayəyə diqqət edin. Hansısa suala Rəsul vəhy gözləyəndə müşriklər onu özündən uydurmağa sövq etməyə cəhd edirlər. Əgər hədisçilərin dediyi kimi olsaydı, ayə gəlmədən də Rəsul onların sualına cavab verərdi. Bu da bir daha rəvayətlərin uydurma olmasına sübutdur.

