Hz. Əli (r.ə)

Qədərə təslim olmaq və təvəkküldəki sirlər

Təvəkkül sadəcə güclü imanı olan və Allahın gücünü təqdir edən möminlərə xas olan xüsusiyyətdir. Dərk edənlər üçün təvəkküldə vacib sirlər var. Təvəkkül Allaha və yaratdığı qədərə təslimiyyət və güvən deməkdir. Allah insanlar da daxil olmaqla, canlı–cansız bütün varlıqları qədər (tale) ilə yaratmışdır. Məsələn, günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən bir yarpağın, stolunuzun üstündəki toz zərrəciyinin, yolda yeriyərkən ayağınıza dəyən daşın, aldığınız paltarın, soyuducunuzdakı şaftalının, ananızın, atanızın, qohum-əqrəbalarınızın, sinif yoldaşlarınızın, sizin, qısaca desək, hər kəsin və hər şeyin Allah Qatında milyonlarla il öncə müəyyən edilmiş qədəri vardır. Hər varlığın qədəri Allah Qatında “Lövhi–Məhfuz” adlı bir kitabda yazılmışdır. Kimin nə zaman öləcəyi, hansı yarpağın nə vaxt hansı sürətlə yerə düşəcəyi, soyuducunuzdakı şaftalının nə vaxt, haradan çürüməyə başlayacağı, daşın ayağınıza dəyənə qədər keçəcəyi mərhələlər, qısaca desək, böyük-kiçik hər hadisə bu kitabda qeyd olunmuşdur.

Möminlər qədərə iman gətirərlər və Allahın yaratdığı qədərin ən xeyirlisi və ən gözəli olduğunu bilərlər. Buna görə də həyatlarının hər anında təvəkküllüdürlər. Yəni hadisələri Allahın müəyyən hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa olsun, Allahın bunda bir xeyir gördüyünü bilirlər. Məsələn, ölümcül xəstəliyə tutulmaq, çox güclü və amansız bir düşmən ordusu ilə qarşılaşmaq, günahsız olmasına baxmayaraq, iftiralara məruz qalmaq və ya insanın ağlına gələn ən ürküdücü hadisələr belə möminləri həyəcana və ya qorxuya salmaz. Onlar Allahın yaratdığı hər hadisəyə səbir edər və əzmlə gözləyərlər. İman gətirməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında onlar böyük zövq alarlar. Çünki ən ürküdücü görüntülər və danışıqlar belə Allah Qatında əvvəlcədən planlaşdırılmış və insanın imtahanı üçün yaradılmışdır. Bunları səbir və təvəkküllə qarşılayanlar Allaha və Onun yaratdığı qədərə təslim olub güvənənlər Allahın razılığını və sevgisini qazanacaqlar, əvəzində isə sonsuza qədər Cənnətdə yaşayacaqlar. Beləliklə, möminlər həyatları boyu təvəkkülün rahatlığını və imanın sevincini yaşayarlar. Bu, Allahın möminlərə bildirdiyi sirdir. Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir. (Ali-İmran surəsi, 159)

Təvəkkül haqqında Quranda bildirilən  başqa bir mövzu isə tədbir ilə əlaqədardır. Quranın bir çox ayəsində möminlərin müxtəlif vəziyyətlərdə tədbirləri bildirilir. Bununla belə, Allah tədbirlərin Onun yazdığını dəyişdirməyəcəyini, amma bunların ibadət olaraq qəbul ediləcəyini də başqa ayələrində insanlara sirr olaraq verir. Hz. Yaqubun oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardınca təvəkkülü xatırlatması buna nümunədir. Mövzu ilə bağlı ayə belədir:

“O dedi: “Ey oğullarım! (Şəhərə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusuf surəsi, 67)

Hz. Yaqubun sözlərindən də göründüyü kimi möminlər hər məsələdə mütləq tədbir tökürlər. Ancaq Allahın qədərlərində onlar üçün dilədiyini dəyişdirə bilməyəcəklərini bilirlər. Məsələn, bir insan yol-hərəkət qaydalarına diqqət yetirməli, avtomobilini təhlükəli şəkildə sürməməlidir. Bu, özünün və digər insanların həyatı üçün vacib tədbir və ibadətdir. Ancaq Allah əgər bir insan üçün yol qəzasında ölməyi yazmışsa, heç bir tədbir onun ölümünə mane ola bilməz. Bəzən bir insanın aldığı xəbərdarlıq və ya etdiyi bir hərəkət onu ölümdən qurtarmış kimi görünə bilər və ya bir insan həyatında ani bir qərara gələrək həyatının gedişatını tamamilə dəyişə bilər, başqa birisi ölümcül bir xəstəliyə tutulduqda güc və iradə göstərərək xəstəliyə qalib gələ bilər. Ancaq bütün bunlar həmininsanların qədərlərində olduğu üçün belədir.