Tarixi mənbələrə əsasən, hz. İsa təqribən 2000 il əvvəl yaşamış Allahın dünyada və axirətdə seçdiyi elçisidir.
Allahın üstün xüsusiyyətlər bəxş etdiyi, əbədi cənnət yurdu ilə müjdələdiyi bu dəyərli elçisinin gətirdiyi haqq dinin adı bu gün yer üzündə qalsa da, özü təhrif olunmuşdur. Allahın hz. İsaya vəhy etdiyi İncilin də sadəcə adı qalıb, ancaq əsli yoxdur. Xristian mənbələri təhrif olunmuşdur. Ona görə, bu gün hz. İsa haqqında doğru məlumatları bu mənbələrdən əldə etmək mümkün deyil. Hz. İsa haqqında doğru məlumatı ancaq Allahın qiyamətə qədər qoruyacağı Qurandan ala bilərik. Quranda hz. İsanın doğulması, həyatı, bu müddətdə başına gələn hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox mövzudan bəhs edilmişdir. Hz. İsanın yəhudilərə necə təbliğ etdiyi də bir çox nümunə ilə xəbər verilmişdir. “Ali İmran” surəsində Rəbbimiz belə buyurur:
Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! (Çünki) bu, düz yoldur”. (Ali İmran surəsi, 50-51)
Hz. İsanın bu dəvətini yəhudilərin çoxu qəbul etməmiş, ancaq az sayda həvari ona tabe olmuşdur. Quranda bu səmimi insanlar haqqında belə bildirilir:
İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali İmran surəsi, 52-53)
Əhdi-Cədidə (İncilin ikinci hissəsi) görə, hz. İsa yanında 12 tələbəsi ilə birlikdə Fələstinin hər tərəfinə səyahət etmişdir. İnsanları Allaha iman gətirməyə dəvət etmək üçün səyahət edərkən Allahın izni ilə müxtəlif möcüzələr göstərmişdir. Xəstə, şikəst insanları, cüzam xəstəliyinə tutulanları sağaltmış, anadangəlmə korların gözlərini açmış, ölüləri diriltmişdir. Bu möcüzələr Quran ayələrində belə xəbər verilir:
“Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali İmran surəsi, 49)
Hz. İsa böyük möcüzələr göstərmiş, insanlar onun möcüzələrindən çox təsirlənmişlər. Ancaq hz. İsa daima bu möcüzələrin Allahın izni ilə baş verdiyini bildirmişdir.
Maneələrə baxmayaraq, təzyiq və zülm altında yaşayan xalqın arasında hz. İsaya inananların sayı artmağa başlamışdı. Bu dövrdə hz. İsa və həvariləri bütün ətraf qəsəbələri və şəhərləri dolaşmışlar. Bu zaman rahiblər illərdir davam etdirdikləri adət-ənənələrinin batil cəhətlərini açıqlayan, səhv yolda olduqlarını izah edən, onları ancaq Allaha iman gətirib Allah üçün yaşamağa çağıran hz. İsaya tələlər hazırlamağa başlayırlar.
Quranda hz. İsanın Allah dərgahına qaldırıldığı və ona bənzər birisinin hz. İsa zənn edilərək öldürüldüyü xəbər verilmişdir. Hz. İsa bütün peyğəmbərlər kimi qövmünü Allaha iman gətirməyə, könüldən təslim olub Allahın rizasını qazanmaq üçün yaşamağa, günahlardan və pisliklərdən çəkinməyə, yaxşı işlər görməyə dəvət etmişdir. Onlara dünya həyatının müvəqqəti, ölümün yaxın olduğunu xatırlatmış, axirətdə hər insanın bütün əməllərinə görə sorğu-sual olunacağını bildirmişdir. İnsanları ancaq Allaha ibadət etməyə və ancaq Allahdan qorxub-çəkinməyə çağırmışdır. İncildə də bu mövzularla bağlı çoxlu sayda öyüd-nəsihətə rast gəlmək mümkündür. Hz. İsa İncildəki ifadə ilə imanı az olanlara öyüd verir, insanlara Allahın hakimiyyətinin yaxın olduğunu müjdələyir və onları Allahdan bağışlanma diləməyə dəvət edir.
Hz. İsa hz. Musanın şəriətinə, yəni əsl Tövratın hökmlərinə bağlı qalmış, yəhudilərə də bu hökmlərdən uzaqlaşdıqlarına, hökmləri qeyri-səmimi, göstəriş məqsədilə yerinə yetirdiklərinə görə xəbərdarlıq etmişdir. Əhdi-Cədidə əsasən, ona qarşı çıxan yəhudilərə: “Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o, Mənim barəmdə yazıb” (Yəhya, 5:46) – demişdir. Hz. İsa insanları əsl Tövrata dəvət etmişdir. Matta İncilində hz. İsanın müqəddəs qanuna, yəni hz. Musanın şəriətinə tabe olmaq üçün əmr etdiyi belə bildirilir:
… Mən onları ləğv etmək üçün yox, tamamlamaq üçün gəldim… (Matta, 5:17)
Hz. İsanın gəldiyi dövrdə yəhudilərin içində dini müxtəlif cür izah edən bir çox məzhəb var idi. Yaşadığımız Axırzamanda da bu hadisələr təkrar edir (Tarix daima təkərrür edər, dəyişənsə sadəcə adlardır). İnsanlar Allahın haqq dinini dəyişdirmiş, onu parçalara ayırmış, batil bütpərəst dinlərdən əlavələr edərək müşrik batil dinə çevirmiş və hər məzhəb və təriqət də özünü haqlı, digərlərini haqsız görməkdədir. Hz. İsanın dövründə də Allahın hz. Musaya vəhy etdiyi haqq dindən uzaqlaşmış, batil adətlər və inanclar uydurmuşdular. Bundan əlavə, bütpərəstlik də insanlar arasında yayılırdı. Bütpərəstliyin təsiri altındakı bəzi yəhudi məzhəbləri isə tövhid inancı əvəzinə bu batil inancın simvollarını, heykəllərini qoymağa başlamışdılar.
Quran ayələrindən hz. İsanın dinləri haqqında ixtilafa düşənlərə yol göstərdiyi başa düşülür. İncildəki deyilənlərdə də hz. İsanın, əvvəlcə, saxta din adamlarını, Allaha şərik qoşan müşrikləri, dindar görünərək xalqı aldadanları bu əməllərindən çəkinməyə, səmimiyyətlə Allaha iman gətirməyə dəvət etdiyi başa düşülür. Əhdi-Cədidə əsasən, hz. İsa təbliğ edərkən bir tərəfdən də şiddətli zülm görən xalqa yaxında Allahın hakimiyyətinin qurulacağını deyərək inanclarını canlandırmışdır. Bu zaman hz. İsanın hz. Davudun nəslindən olması xəbəri xalq arasında yayılmış və onun gözlənilən Məsih olduğu inancı dalğa-dalğa yayılmışdır (Matta, 9:28-35). Bütün bunlar isə mənfəətpərəst xurafatçı din adamlarını və Romanın gətirdiyi bütpərəstliyi qəbul edənləri narahat etmişdir.
Əhdi-Cədidə görə, bu insanlar hz. İsanın təbliğinə mane olmaq üçün hər fürsətdən istifadə etmiş, ancaq hər dəfə məğlub olmuşdular. Hz. İsanın onların iddialarını tamamilə təkzib edən cavablar verməsi və hikmətli açıqlamaları din adamlarını çox narahat etmişdir. Bəzi yəhudi rahibləri Tövratın hökmlərini dəyişdirmişdilər, öz mənfəətlərinə uyğun hökmlər əlavə etmişdilər. Hz. İsa yəhudilərə verdiyi öyüdlərlə bu saxta hökmləri aradan qaldırırdı. Hz. İsa hz. Musanın gətirdiyi saf dinə qarışmış batil adətləri, xurafatları, insanların qadağalarını (saxta hökmləri) təmizləyirdi.
Peyğəmbərlər Allahın onlara verdiyi vəzifəni layiqincə yerinə yetirmiş, insanları hidayətə dəvət etmək üçün əllərindəki imkanlardan istifadə etmişlər. Hz. İsa da ona qurulan tələlər, atılan böhtanlar və hücumlara səbir etmiş, Allaha təvəkkül edib təbliğinə davam etmişdir. O, yanında az sayda köməkçisi olmasına baxmayaraq, daima qalib gəlmişdir. Təbliğ zamanı dini əslinə qaytarmaq, xurafat və bidətlərdən təmizləmək üçün bir çox yola əl atmışdır. Rəbbimizin ona verdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına təsirli nitqlər söyləmiş, hikmətli məsəllər çəkmişdir.
Hz. İsa insanları ancaq Allaha iman gətirməyə dəvət etmiş, din əxlaqının hakim olacağını müjdələmiş, batil inanclarla, xurafatçılarla və bütpərəstlərlə mübarizə aparmış, dünyanın imtahan yeri olduğunu nümunələr çəkərək açıqlamış, qövmünün əxlaqını düzəltmək üçün səy göstərmiş, üstün əxlaqı ilə də ətrafındakı insanlara gözəl örnək olmuşdur. Ancaq bütün bu fəaliyyətlər düşmənlərinin daha sərt rəftarına, onu öldürmək üçün tələ qurmalarına yol açmışdır.
Peyğəmbərimizin (s.ə.v) hədislərində hz. İsa haqqında çoxlu mühüm məlumatlar verilib. Hədislərdə bu mübarək şəxsin xarici görünüşü haqqında bəzi məlumatlar var. Hədislərə əsasən, hz. İsa orta boylu, qırmızıya çalan ağ dərili, çox gözəl görünüşlü insandır. Saçı uzundur, çiyinlərinə tökülür. Yun paltar, ayağına ağac qabığından hazırlanmış səndəl geyinir. Hz. İsa dünyadan üz çevirib, axirəti istəyir, Allaha ibadətlə vaxt keçirirdi. Hər görənin heyran qaldığı bu mübarək insan hədislərdə belə izah edilir:
“Mən bu gecə yuxuda özümü Kəbədə gördüm. Birdən qarabuğdayı bir nəfər gördüm. Sanki o qarabuğdayı insanlar arasında ən gözəli idi, saçı iki kürəyinin arasına tökülmüşdü. Təmizlənmişdi, saçından su damcılayırdı. İki əlini iki nəfərin çiyninə qoyaraq Beyti təvaf edirdi. “Bu kimdir?” deyə soruşdum. Onlar: “Bu, Məryəmin oğlu Məsihdir” dedilər.”
“… Elə isə, onu gördükdə tanıyacaqsınız. O, orta boylu, ağ-çəhrayı dərili insandır, sarı geyimdə olacaq.”
Allahın seçib göndərdiyi hər peyğəmbər kimi, hz. İsa da bütün üstün əxlaqi xüsusiyyətlərə malikdir. Onu digər insanlardan fərqləndirən ən əsas xüsusiyyətlərindən biri insanların onu görən kimi yüksək əxlaqından və şəxsiyyətindən təsirlənmələridir. Hz. İsa Allaha təvəkkülü və imanı ilə çox qətiyyətli, cəsarətli, cəmiyyətin təsiri altında qalmayan, əksinə, hər kəsə təsir edən, güclü insandır.
Digər peyğəmbərlər kimi hz. İsa da ədalətdən ayrılmayan, təvazökar, şəfqətli, səmimi, dürüst, fədakar insan kimi Allahın seçdiyi peyğəmbərlərdəndir. Bir ayədə Allah hz. İsa haqqında belə buyurur:
Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh ilə qüvvətləndirdik… (Bəqərə surəsi, 253)
Hz. İsanın həyatına baxdıqda bu üstün əxlaqi xüsusiyyətlərini görmək mümkündür. Hz. İsa həqiqi dini insanlara təbliğ edən hidayət rəhbəridir. O, həm Allahın bütün əmr və tövsiyələrinə ciddi riayət edən, həm də doğru dini təbliğ edərək insanları xurafatlardan təmizləyən yol göstəricidir. Quranda hz. İsanın Allahın bildirdiyi ibadətləri və digər əmrləri ciddi şəkildə yerinə yetirdiyi belə bildirir:
Dedi: “Həqiqətən də, mən Allahın quluyam! O, mənə kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi… (Məryəm surəsi, 30-32)
Hz. İsa yer üzündə olduğu müddətdə doğrunu yanlışdan ayırmış, hikmətli, təsirli danışmışdır. Düşmənlərinin onu alçaltmaq üçün pis niyyətlə verdiyi suallara hikmətli, ağıllı cavablar vermiş, düşmənlərinin bütün cəhdlərini boşa çıxarmışdır. O, qövmünün əks münasibətinə baxmayaraq, həmişə təvəkküllü olmuş, Allaha güclü imanı və ixlası ona güc vermiş, Allahın varlığını ən təsirli yollarla təbliğ etmişdir.
Hz. İsa digər peyğəmbərlər kimi təbliğində açıq-aydın, xalqın başa düşəcəyi üslubdan istifadə etmişdir. Verdiyi hikmətli nümunələr insanların vicdanını hərəkətə keçirmiş, onları dərin düşünməyə, Allahın rizasına uyğun davranmağa təşviq etmişdir. Hz. İsanın təbliğindən onun Allaha sevgisi, dərin imanı və Allahın əmrlərini yerinə yetirmə cəhdi məlum olur. Təbliğ üslubu onun Allahın seçib-bəyəndiyi, insanlardan üstün etdiyi mübarək insan olduğunu göstərir.

