Hz. İsanın doğulması, həyatı və Allah dərgahına qaldırılması, Rəbbimizin təqdiri ilə möcüzəvi şəkildə baş vermiş, bu mübarək peyğəmbərin möcüzəvi həyatı Quranda hərtərəfli təsvir edilmişdir. Allah Quranda bir çox peyğəmbərin hekayəsini bizə bildirir. Ancaq hz. İsa müxtəlif cəhətləri ilə digər peyğəmbərlərdən fərqli mövqeyə malikdir. Allahın üstün elmlərlə dəstəklədiyi bu dəyərli elçisi Allahın lütfü ilə hələ beşikdə ikən danışmış və Allahın lütfü ilə dünyada qaldığı müddətdə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir.
Onun xüsusi mövqeyinin digər dəlili də Allah dərgahına qaldırılması və yenidən dünyaya göndəriləcəyinin Quranda bildirilməsidir.
Quranda inkarçıların hz. İsanı öldürmək məqsədilə tələ qurduğu xəbər verilir. Rəvayətlərə görə, hz. İsanın yanındakılardan birinin (Yahuda, 13-cü həvarisi) xəyanəti ilə Allahın elçisini həbs edib romalılara təslim etmək istəyiblər. Bu tələnin sonu Quranda belə bildirilir:
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 54)
Ayədə də bildirildiyi kimi, hz. İsanı öldürməyə çalışmış, tələ qurulmuşdur. Ancaq onlar hz. İsanı öldürə bilməmişlər, onun bir bənzərini hz. İsa zənn edərək öldürmüşlər. Allah hz. İsanı diri olaraq Öz dərgahına yüksəltmiş, inkarçıların tələsini boşa çıxarmışdır:
Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Həqiqətdə onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa surəsi, 157-158)
Romalıların hz. İsanı çarmıxa çəkərək öldürməsi xristianlar arasında yayılıb. Bu yanlış məlumata əsasən, hz. İsanı həbs edən romalılar onu çarmıxa çəkib öldürüblər. Tarixdə bəzi xristian məzhəbləri bunu inkar etsə də, dövrümüzdə, demək olar ki, bütün xristian aləmi hz. İsanın öldürüldüyünü qəbul edir, öldükdən sonra dirilərək göyə yüksəldiyinə inanır. Ancaq Quran ayələrində hz. İsanın ölmədiyi və öldürülmədiyi, inkarçılara onun bənzərinin göstərildiyi, hz. İsanın diri olaraq Allah dərgahına yüksəldildiyi bildirilir:
Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” (qatəlna)– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər (ma qatələhu), nə də çarmıxa çəkdilər (ma saləbə). Onlara ancaq (İsanın) bənzəri göstərildi (şubbihə). Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Həqiqətdə onu (İsanı) öldürməmişdilər (ma qatələhu). (Nisa surəsi, 157)
Həmin ayənin davamında hz. İsanın ölmədiyi belə bildirilir:
Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rəfəa). Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa surəsi, 158)
Allah insanlara hz. İsanın bənzərini göstərmiş və hz. İsanı inkarçıların qurduğu tələdən qoruyaraq Öz dərgahına yüksəltmişdir. Habelə, Allah hz. İsanın öldüyünü iddia edənlərin, əslində, bu barədə məlumatı olmadığını da bildirir.
Hz. İsanın yer üzünə yenidən gələcəyi müsəlmanlar üçün çox vacibdir. O, Allahın möcüzəsi ilə atasız doğulmuş, İsrail oğullarını doğru yola dəvət etmiş, onlara çoxlu möcüzələr göstərmiş peyğəmbərdir. Məsihdir və Qurana əsasən, Allahın sözüdür (Nisa surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə Allaha inanan, eyni əxlaqi dəyərlərə malik, Qurana görə bir-birlərinə sevgi-dostluq baxımından ən yaxın olan (Maidə surəsi, 82) xristianlarla müsəlmanlar arasındakı ixtilaflar aradan qalxacaq və dünyanın bu iki böyük cəmiyyəti birləşəcəkdir.
Yer üzündəki üçüncü İlahi dinin mənsubları, yəni musəvilər də həqiqi Məsihləri olan hz. İsaya iman gətirərək hidayət tapacaqlar (Nisa surəsi, 159). Beləliklə, üç ilahi din birləşəcək, yer üzündə Allaha iman və Onun peyğəmbəri hz. İsaya itaət təməli üzərində qurulan bir din qalacaq. Bu din Allahı inkar edən fəlsəfi cərəyanları və bütpərəst inancları ideoloji cəhətdən məğlub edəcək, beləliklə, dünya müharibələrdən, qarşıdurmalardan, irqçilikdən və etnik düşmənçilikdən, zülm və haqsızlıqdan xilas olacaq, Qızıl Əsr başlayacaq, bəşəriyyət sülh və əmin-amanlıq içində xoşbəxt yaşayacaqdır, inşaAllah.

