Hz. İsa (ə.s)-ın yer üzünə gəliş əlamətləri-2

15) Sistemlərin dəyişməsi

Zamanın inqitaa uğradığı (zamanın kəsildiyi) bir dövrdə hz. Mehdi (ə.s) adlı bir şəxs gələcək… (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14)

Bu hədisdə Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın “zamanın kəsildiyi”, yəni bir çox hədis təfsirçisinin də ifadə etdiyi kimi; “zamanın fərqliləşdiyi”, “sistemlərin dəyişdiyi” bir dövrdə gələcəyini bildirmişdir. Bu hədisdə işarə edilən “sistem dəyişikliyi” ilə, 20-ci əsrdə dünyanın hər tərəfinə hakim olan kommunist rejimlərin əsrin sonlarına doğru süquta uğramasının nəzərdə tutulması mümkün ehtimaldır.

20-ci əsrə damğasını vuran qanlı müharibələrin və qətliamların ən böyük səbəblərindən biri, materialist fəlsəfənin məhsulu olan kommunist ideologiyanın hakimiyyətidir. Bu ideologiya, Avropadan Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər dünyanın böyük hissəsində təsirli olmuş, bir çox ölkə on illər boyu kommunist rejimlər tərəfindən idarə olunmuş və ya kommunist təşkilatlar tərəfindən hədəf alınmışdır. 1990-cı illərə qədər davam edən soyuq müharibənin və ən qəddar qətliamların səbəbi kommunizm olmuşdur.

Kommunist rejimlər digər ölkələrlə vuruşaraq ideologiyalarını yaymağa çalışmaqla bərabər, öz xalqlarına da böyük zülm tətbiq etmiş, çox geniş kütlələri edamlar, kütləvi qırğınlar, toplama düşərgələrindəki ağır şərtlər və qıtlıqlar kimi üsullarla öldürmüşlər.

Kommunist rejimlər, tarixçilərin hesablamalarına görə, 20-ci əsr boyunca 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunların əksəriyyəti müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri mülki vətəndaşlardır. On milyonlarla kişi, qadın, yaşlı, kiçik uşaq, körpə, yalnız kommunist rejimlərin, qatı və vəhşi xüsusiyyətlərindən ötrü həyatını itirmişdir. Bundan savayı milyonlarla insan kommunistlərin zülmünə uğramış, bundan ötrü köç etməyə məcbur edilmiş, əllərindən malları, tarlaları alınmış və hər an öldürülmə, günahsız yerə həbs olunma və ya zülm görmə qorxusu altında yaşadılmışlar.

Lakin 20-ci əsrin sonlarına doğru, çox güclü və sarsılmaz sanılan bu ideologiyaya sahib rejimlər bir-bir çökməyə, zəifləməyə başlamışlar. Bu çöküşün ən nəzərəçarpan simvolu, 1989-cu ildə Berlin divarının dağılmasıdır. İki il sonra, dünyanın ən böyük və ən güclü kommunist dövləti olan Sovet İttifaqı dağılmış və Şərq Bloku tamamilə parçalanmışdır. Afrikadan Hind-Çinə qədər uzanan bir bölgədə fərqli kommunist rejimlər bir-birinin ardınca çökmüş, 1945-ci ildən dünyanın sabit beynəlxalq sistemi olan “ikiqütblü dünya sistemi” ləğv olunmuş, siyasi şərhçilərin deyimi ilə yeni bir dünya sistemi qurulmuşdur. Olduqca təəccüblü şəkildə nəticələnən bu hadisə ilə, hədisdə diqqət çəkilən “sistem dəyişikliyi” baş vermişdir.

Dövrümüzdə isə, kommunizmin son fikri və siyasi qalıqları da yox olur, dünya bu qanlı ideologiyadan tamamilə təmizlənir. İslam əxlaqının dünyaya yayılması ilə bu sistemlərin dünyanın hər tərəfinə gətirdiyi zülm, ağrı, qaranlıq və yoxluq yer üzündən həqiqi mənada silinəcək, insanlar gözəlliyə, zənginliyə, rifaha və dincliyə qovuşacaqlar. Allah, çətinliklərin, qaranlıqların, müharibə, qətliam və ağrıların ardından, rəhmətinin və böyüklüyünün təcəllisi olaraq insanlara bənzərsiz nemətlər bəxş edəcək.

16) Tozlu dumanlı fitnə

Tozlu dumanlı, qaranlıq fitnə görüləcək, bunu digərləri izləyəcək … (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)

Bu hədisdə isə, hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl, tozlu və dumanlı, qaranlıq fitnənin olacağından bəhs edilir. Fitnə, “insanın ağıl və qəlbini bilavasitə haqq və həqiqətdən uzaqlaşdıracaq şey, müharibə, azdırma, qarışıqlıq, ixtilaf, döyüş” kimi mənalara gələn bir kəlimədir.(22) Hədisdə bu fitnənin arxasında toz və duman qoyacağı bildirilir. Həmçinin bu fitnənin “qaranlıq” kimi xarakterizə edilməsi, haradan gəldiyi bəlli olmayan, gözlənilməz bir hadisə olduğuna işarə kimi qəbul edilə bilər.

Bu istiqamətlərdən baxıldığı zaman bəhs edilən hədisin, 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində baş verən, dünya tarixinin ən böyük terror hadisəsi kimi xarakterizə edilən hücuma işarə etməsi mümkün ehtimaldır. Televiziya ekranlarında və qəzetlərdə də şahid olunduğu kimi, bu iki böyük terror hadisəsindən sonra böyük toz buludu və duman ətrafı bürümüşdü.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin yanacağının səbəb olduğu partlayışlar nəticəsində böyük duman yaranmış və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görülə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlayışlar nəticəsində çökən binalar isə, daha böyük toz buludunun yaranmasına səbəb olmuş, hətta ətrafdakı insanların üstləri tamamilə bu tozla örtülmüşdür.

Bu hadisə, həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi, həm də hədisdə bəhs edilən tərifə bənzər xüsusiyyətlərə sahib olmasından ötrü olduqca əhəmiyyətlidir. Dolayısilə minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan, bəşəriyyət tarixinin bu ən acınacaqlı terror hadisələrindən biri, hədisdə xəbər verilən və hz. Mehdi (ə.s)-ın çıxışının bir əlaməti kimi bildirilən “tozlu dumanlı, qaranlıq fitnə” ola bilər.

17) Geniş yayılmış qətliamların baş verməsi

Hz. Mehdi (ə.s)-dan əvvəl, geniş yayılmış qətliamların baş verəcəyi böyük fitnə görüləcək. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)

Çox kədərli vəziyyətlər və acınacaqlı mənzərələr görülər. Fitnələr arxa-arxaya davam edər… Ana, ata, qız, kişi hər kəsi öldürər… Bunların arasında fitnə, zorakılıq, həlak və qaçmalar olar. Nə vaxt bitdi deyilər, yenə də davam edər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 36)

Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar bildirdiyi hədislərin böyük hissəsində, hz. Mehdi (ə.s) gəlmədən əvvəl dünyada qarışıqlıq, etibarsızlıq və narahatlığın hakim olacağı üzərində dayanılır. Müharibələr və qarşıdurmalarla yanaşı, kütləvi qətliamların yaşanacaq olması da bu dövrün nəzərəçarpan xüsusiyyətləri arasındadır. Həmçinin hədisdə qətliamların geniş yayılacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir.

Ötən əsrdə iki böyük dünya müharibəsi baş vermiş və sırf bu müharibələrdə 65 milyon insan həyatını itirmişdir. 20-ci əsr boyunca siyasi səbəblərlə qətlə yetirilən mülki vətəndaşların sayının 180 milyonu keçdiyi təxmin edilir. Bu, daha əvvəlki əsrlərlə müqayisədə fövqəladə dərəcədə böyük ədəddir. Əslində 20-ci əsrə qədər dünyadakı müharibələr çox vaxt bir cəbhə vuruşması şəklində yaşanır, yəni müəyyən xətt üzərində döyüşən ordular arasında baş verirdi. Halbuki 20-ci əsrdəki silah texnologiyası və buna bağlı yaradılan hərbi strategiyalar, “bütünlüklə müharibə” anlayışını ortaya çıxartmış, müharibələr yalnız cəbhədəki əsgərləri deyil, cəbhə arxasındakı mülki vətəndaşları da böyük ölçüdə hədəf almışdır. Şəhərlərin bombalanması, kimyəvi, bioloji və nüvə silahları, soyqırım, toplama düşərgələri kimi anlayışlar, ilk dəfə 20-ci əsrdə ortaya çıxmışdır.

Həmin bu vəhşilik davam edir, bu gün 21-ci əsrdə hələ də dünyanın hər yerində qanlı müharibələr və qarşıdurmalar davam edir. Bu müharibələrin ortaq xüsusiyyəti isə, yuxarıdakı hədisdə də bildirildiyi kimi, kütləvi qətliamların yaşandığı müharibələr olmasıdır. Bir tərəfdən kütləvi qırğın silahlarından istifadə edilməyə başlanması, digər tərəfdən də qarşıdurmanı və qan tökməyi təşviq edən ideologiyaların fikri hakimiyyəti, qətliamların çox genişmiqyaslı olmasına səbəb olur.

Yaxın tarixə baxıldığı zaman, bir çox insanın həyatını itirdiyi müxtəlif qətliam nümunələri görüləcək. Məsələn, Bosniya müharibsi, əsasən mülki əhalinin hədəf alındığı, qadın, uşaq, yaşlı deyimədən minlərlə insanın qətlə yetirildiyi bir müharibə kimi tarixə keçmişdir. Müharibədən sonra ortaya çıxarılan kütləvi məzarlar isə qətliamın ölçülərini göz qabağına gətirən təəccüblü dəlil olmuşdur.

Afrika qitəsində də tez-tez müxtəlif etnik qruplar arasında şiddətli qarşıdurmalar yaşanır və minlərlə insan həyatını itirir. 1997-ci ilin yayında 5 böyük ölkəni, Zair, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bir bölgəyə təsir edən bir müharibə, iki böyük qəbilə arasında yaşandı: Hutu və Tutsi qəbilələri. Bu etnik müharibədə yarım milyona yaxın insan həyatını itirdi. On minlərlə insan meşələrdə aclıq, yoxsulluq, epidemik xəstəliklərlə mübarizə apardı və çox böyük hissəsi öldü. Kiçik uşaq və körpələr belə sırf başqa bir qəbilədən olduqları üçün vəhşicəsinə öldürüldülər.

18) Şam və Misir məliklərinin öldürülməsi

Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, məmləkət sahibi) öldürüləcək… (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)

Bu hədisdə hz. Mehdi (ə.s)-ın gəlişindən əvvəl Şam və Misir rəhbərlərinin öldürüləcəklərinə diqqət çəkilir.

Misirin yaxın tarixi araşdırıldığı zaman hədisdə də bildirildiyi kimi, bir “məlikin” öldürüldüyü görülür: 1970-ci ildə Misirin prezidenti olan və 11 il hakimiyyətdə qalan Ənvər Sədat.

Ənvər Sədat 1981-ci ildə bir rəsmi parad zamanı müxalifləri tərəfindən təşkil edilən bir sui-qəsd nəticəsində həyatını itirmişdir. Misir tarixində öldürülən rəhbərlərdən digərləri də, 1910-cu ildə sui-qəsdə məruz qalan baş nazir Butros Qali, 1945-ci ildə öldürülən Misirin baş naziri Əhməd Maher Paşa və 1948-ci ildə yenə bir sui-qəsd nəticəsində öldürülən Misirin baş naziri Mahmud Nukraşi (Mahmoud Nukrashy) Paşadır.

Şam sözü isə, təkcə Suriyadakı Şam şəhəri üçün işlədilməz. Şam, ərəb dilində “sol” mənasını verər və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edər.(23) Şam bölgəsi rəhbərlərindən də sui-qəsdə mərzu qalan çox sayda insan olmuşdur. Bunlardan bir neçə nümunə belədir; 1920-ci ildə öldürülən Suriyanın keçmiş prezidenti Salah əl-Din Bitar (Salah Al-Deen Beetar), 1921-ci ildə öldürülən Suriyanın baş naziri Drobi (Droubi) Paşa, 1949-cu ildə sui-qəsdə məruz qalan Suriyanın baş naziri Muhsin əl-Barazi (Muhsin al-Barazi), 1951-ci ildə öldürülən İordaniya kralı Abdullah, 1982-ci ildə bombalı sui-qəsdə məruz qalan Livanda falangist lideri Bəşir Camayel (Bachir Gemayel)…(24)

19) Keçmiş İordaniya kralı Abdullahın öldürülməsi

Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də, Haşimilərdən yüksək səviyyəli birinin öldürülməsidir. (Risalet-ül Huruc-ül Mehdi, səh. 12)

Məlum olduğu kimi İordaniya, Haşimilər krallığı kimi adlanır. İordaniya, Osmanlıdan ayrıldıqdan sonra bir müddət İngiltərənin idarəsi altında idi. İngiltərə 1946-cı il London müqaviləsinin tələbinə görə İordaniyanın müstəqilliyini tanıdı. Həmçinin İordaniya əmirliyinin başındakı Abdullaha da İordaniya krallığı rütbəsi verildi. Kral Abdullah, daha sonra, 1951-ci ildə yenə ingilislər tərəfindən öldürtdüldü. Hədisdə diqqət çəkilən hadisə də beləliklə gerçəkləşmiş oldu.

20) Misirlilərin əsir alınması

“Şam əhli, Misirli qəbilələri əsir alacaq”. (El Kavl-ul Muhtasar Fi Alamat-il Mehdiyy-il Muntazar, səh. 49)

Daha əvvəl də ifadə etdiyimiz kimi, Şam bölgəsi, Hicazın (Məkkə və Mədinənin yerləşdiyi bölgənin) sol tərəfində qalan bölgədir. Bu gün bu bölgədə mövcud olan dövlətlər arasında İsrail də var. Dolayısilə bu hədislə İsrail dövlətinin Misirlə olan müharibələrinə və Misir torpaqlarının işğal etməsinə işarə edilə bilər.

26 oktyabr 1956-cı ildə İsrail Misirə hücum etdi və Sina yarımadasını işğal etməyə başladı. Birləşmiş Millətlər Təşkilatının araya girməsiylə qızğın vuruşmalar bir müddət dayandı və İsrail sərhəddinə BMT Sülhməramlı Qüvvələri yerləşdi. 1967-ci ildəki altıgünlük müharibə isə İsrail-Misir arasındakı başqa bir müharibə idi. 5 iyunda İsrail hava qüvvələri, Misirin bəzi hava bazalarına hücum etdi. Bu hücumlardan ötrü çox böyük zərər görən Misir hava qüvvələri 5 iyundan sonrakı günlərdə qarşıdurmalarda heç bir fəaliyyət göstərə bilmədi. Sinadakı Misir qüvvələri geri çəkildi. 9 iyunda İsrail, Qolan təpələrinə hücum etdi və bölgəyə hakim oldu. Həmçinin İordan çayının qərb sahili və Qüdsü də yavaş-yavaş ələ keçirirdilər. Bu müharibənin sonunda İsrail, Qəzza zolağı ilə bütün Sina yarımadasını, İordan çayının qərb sahilini, Qüds şəhərini və Qolan təpələrini ələ keçirdi. Daha sonra bağlanılan müqavilələrlə İsrail Sinadan tamamilə çəkildi. Lakin bu gün hələ də İordan çayının qərb sahili, Qolan təpələri və Qüds İsrail işğalı altındadır.

Bu müharibələr zamanı olduqca çox sayda misirli, İsrail əsgərləri tərəfindən əsir alındı. Bir çox misirli də həyatını itirdi.

21) Şəhərlərin yox olması

“Böyük şəhərlər dünən sanki yoxmuş kimi həlak olar”. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)

Gözəl şəhərlər viran ediləndə… qiyamətlə sənin aranda bu iki barmaq arası qədər məsafə qalmış deməkdir. (Kıyamet Alametleri, səh. 143)

Yer üzü viran olmağa başlayacaq. Nəhayət Misir də viran olacaq, lakin Bəsrə viran olana qədər Misir viran olmadan əmin olacaq. Bəsrənin viran qalması İraqın viran qalmasından olacaq. Necə ki, Misirin viran qalması da, Nilin qurumasından qaynaqlanacaq… (Ölüm Kıyamet ve Diriliş, səh. 530)

Hədislərdə bildirilən böyük şəhərlərin, gözəl diyarların həlak olması və viranə qalması, müharibələr və müxtəlif təbii fəlakətlər nəticəsində baş verən dağıntıları ağla gətirir. Bunlarla yanaşı, yaxın keçmişdə yaradılan nüvə silahları, təyyarələr, bombalar, raketlər və bənzəri silahların müharibələrdə istifadə edilməsi də böyük təxribata səbəb olmuşdur. Bu təxribat gücü yüksək silahlar tarixdəki bənzərləri ilə müqayisə edilməyəcək səviyyədə dağıntılara səbəb olmuşdur. Əlbəttə, hədəf mövqeyindəki “böyük şəhərlər” də bu dağıntılardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur.

İkinci Dünya müharibəsinin bənzərsiz nəticələri buna nümunə kimi verilə bilər. Dünya tarixinin ən böyük müharibəsində, atom bombasından istifadə edilməsi nəticəsində Xirosima və Naqasaki şəhərləri tamamilə yerlə-yeksan olmuşdur. Avropanın paytaxt və mühüm şəhərləri də ağır bombardmanlar nəticəsində böyük ölçüdə dağılmışdır. Britannika Ensiklopediyası II Dünya müharibəsinin Avropa şəhərlərində səbəb olduğu ziyanı belə bildirir:

Yaranan təxribat Avropanın böyük hissəsini Ayın səthinə çevirmişdi: Şəhərlər bombardmanlar nəticəsində yerlə-yeksan oldu, kurort məkanları qovruldu və qapqara oldu, yolları bombaların açdığı çuxurlar bürüdü, dəmiryolları yarıtmaz hala gəldi, körpülər uçdu, limanlar batmış gəmilərlə doldu. Müharibədən sonra Almaniyanın, Amerikan bölgəsi hərbi qubernatoru general Lusius D. Kleyin (Lucius D. Clay) dediyi kimi; “Berlin sanki ölülərin şəhəri idi”.(25)

Bir sözlə, II Dünya müharibəsi tarixdə bənzəri görülməyən genişlikdəki təxribatı hədisin işarə etdiyi hadisələrlə tam uyğunlaşır.

22) Viran qalmış ərazilərin abadlaşdırılması

Dünyanın viran qalmış yerlərinin abadlaşdırılması, abadlaşdırılmış yerlərinin dağıdılması qiyamətin şərt və əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 138)

Viran qalmış yerlərin abadlaşdırılması da Axırzaman əlamətlərindəndir. Əvvəlki hissədə ələ aldığımız kimi, müharibələrlə keçən 20-ci əsrdə bir çox şəhər yerlə-yeksan olmuş və yenidən inşa edilmişdir. Berlin, Leninqrad (Sankt-Peterburq), Drezden kimi II Dünya müharibəsi vaxtı tanınmaz vəziyyətə düşən böyük Avropa şəhərləri, müharibədən sonra yenidən inşa edilmiş və bugünkü görünüşlərini almışlar.

Bənzər bir nümunə olaraq Yaponiyanın Kobe şəhəri 1995-ci ilin yanvar ayında böyük bir zəlzələ nəticəsində dağılmışdır. Yaponiya hökuməti və universitetləri, zəlzələləri əvvəlcədən xəbər verən bir üsula sahib ola bilmək üçün, apardıqları çoxsaylı tədqiqatlara 30 il ərzində bir milyard dollar (təxminən 1,5 kvadrilyon lirə) xərcləmişlər. Lakin uğur qazana bilmədilər, çünki yer qabığındakı sarsıntıları tanıyıb təsnif etmək üçün yüz faiz etibarlı modellər yaratmaq qeyri-mümkündür. Zəlzələnin baş verdiyi Kobe və Osaka şəhərlərinin yerləşdiyi bölgə, Yaponiyanın qabaqcıl sənaye və ticarət mərkəzlərindən idi. Buna görə də, zəlzələdən sonra dəyən maddi zərər milyardlarla dollar oldu.(26) Lakin bütün bu zərərə baxmayaraq, yaponlar qısa müddət ərzində Kobe şəhərini yenidən inşa etdilər.

23) Dördüncü Sülh və Ərəb-İsrail müharibəsi

Əbu Naim, Əbu Ümamədən təxric etdi (çıxarış etdi), Rəsulullah (s.ə.v) buyurdu: Sizinlə insanlar (bir nüsxədə rumlar deyilir) arasında dörd sülh olacaq, dördüncü sülh, Herakl əhlindən bir insan vasitəsi ilə olar və bu yeddi il davam edər. Deyildi: “Ey Rəsulullah, o gün insanların imamı kimdir?” Buyurdu: “Övladımdan qırx yaşındakı Mehdidir”. (Kıyamet Alametleri, Osman Çataklı, 299/8)

Hədisdə hz. İsa (ə.s) ilə birlikdə yer üzündə olacaq hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri xəbər verilmişdir. Bu əlamətə görə müsəlmanlarla qeyri-müsəlmanlar arasında 4-cü dəfə bir sülh müqaviləsi bağlanacaq və bu müqavilə 7 il davam edəcək. Bu prosesdən sonra isə hz. Mehdi (ə.s) gələcək. İslam aləmindən bir çox insanın qənaəti, hədisdə keçən “4-cü Sülh”ün, 1979-cu ildə ABŞ-İsrail və Misir arasında Amerikada Kemp Deviddə (Camp David) bağlanan müqavilə olmasıdır (doğrusunu Allah bilər).

24) Bir ordunun itməsi

Hz. Mehdi (ə.s)-ın beş əlaməti var. Bunlar Süfyani, Yəməni, səmadan bir səyhə (çağırış, nərə), Bəydada bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Nuaym Bin Hammad)

…Özünə bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında olarkən yerə batırılacaq. (Müslim’den; Geleceğin Tarihi 4, səh. 31)

Bir ordu vuruşmaq üçün gələr, səhraya daxil olduğu zaman, baş və sondakıları batar, ortadakılar da xilas olmaz. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud’dan; Geleceğin Tarihi 4, səh. 30)

2003-ci ildə baş verən İraq müharibəsi vaxtı İraq ordusunun böyük hissəsinin birdən-birə ortadan yox olması müharibənin ən diqqətçəkən hadisələrindən biriydi. Bir çox qəzet və televiziyada, respublika gözətçiləri kimi tanına təxminən 60 000 nəfərlik ordunun və fədailər kimi tanınan təxminən 15 000 İraqlı əsgərin itməsi xəbər kimi yayılmışdı. Yuxarıdakı hədislərdə bu mövzuya diqqət çəkilməsi, hz. Mehdi (ə.s)-ın və hz. İsa (ə.s)-ın çıxış əlamətlərindən biri olan “bir ordunun batması” hadisəsinin baş vermiş olduğunu göstərir (doğrusunu Allah bilər). Necə ki, irəliləyən günlərdə də döyüş təyyarələrinin bir hissəsinin səhra qumları altında basdırılmış vəziyyətdə tapılması, hədisdə bəhs edilən, səhrada bir ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını gücləndirir.

25) İraqlıların pulu qalmayacaq

“İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri bir pul demək olar ki, qalmayacaq”. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 45)

Axırzaman və hz. İsa (ə.s)-ın çıxış əlamətlərindən biri də İraqlıların pulunun dəyərini itirməsidir. Bu hədis iki ayrı vəziyyətə işarə edə bilər. Bunlardan birincisi, İran-İraq və Fars körfəzindən müharibələrindən sonra İraqda baş verən iqtisadi tənəzzül ola bilər. Müharibədən ötrü böyük zərər çəkən İraq iqtisadiyyatı, müharibədən sonra davam edən embarqolar nəticəsində heç cür düzəlməmişdir. Xalqın alıcılıq qabiliyyəti azalmış, yoxluq və kasıblıq ən mühüm problemlərdən birinə çevrilmişdir.

Hədisin işarə etdiyi digər bir vəziyyət də, İraq müharibəsindən sonra İraq dinarının tədavüldən çıxardılması ola bilər. Son müharibə ilə birlikdə İraq dinarının sürətlə dəyər itirməsi və tədavüldən qalxması ehtimalından, 2003-cü il tarixli qəzet xəbərlərində geniş bəhs edilmişdi.

26) Bağdadın alovlarla yox edilməsi

Axırzamanda Bağdad alovlarla yox edilər… (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 177)

2003-cü il İraq müharibəsində, müharibənin ilk günündən etibarən Bağdad, ən çox bombardmana tutulan şəhərlərdən biri olmuşdur. Ağır bombardman, gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi, alovlanıb yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görünüşləri, yuxarıdakı hədisdə diqqət çəkilən hadisə ilə tam uyğundur. Bu da Axırzamanda olduğumuzu göstərən açıq əlamətlərdən biridir.

27) İsrail-Fələstin sülh danışıqları

Beytül-Məqdisdə sülh müqaviləsi bağlanacaq. (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 184)

Beytül-Məqdis, Məscidül-Əqsanın digər adıdır. Bu hədisdə də Beytül-Məqdis deyilərək Qüdsdə baş tutacaq bir sülh müqaviləsindən bəhs edilə bilər. Necə ki, Fələstin torpaqlarında qarşıdurma və gərginlik əlli ildən uzun müddətdir ki, davam edir. Lakin 1993-cü ildə Osloda aparılan sülh danışıqları bu torpaqlara dinclik və təhlükəsizliyin gəlməsi üçün mühüm bir addım olmuşdur. Hər nə qədər Osloda alınan qərarların bəziləri ədalətli olmasa və bəziləri də tam mənasıyla tətbiq edilməsə də, iki tərəfin müəyyən mövzular üzərində razılığa gəlməsi mühüm irəliləyiş idi. 2003-cü ildə də başda “Yol xəritəsi” cəhdi olmaqla, iki tərəf arasında sülh danışıqları davam etmişdir.

28) İraq və Şama embarqo

Əbu Nadrə (r.ə) dedi; Cabir (r.ə)-in yanında idik, belə dedi: “Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kafiz (qab), bir dirhəm (kütlə vahididir) gətirilməyəcək”.

Dedik ki; “Bu kimdən ötrü olar”. Dedi: “Əcəmlər (qeyri-ərəblər) bunu qadağan edərlər”. Sonra dedi: “Şam əhalisinə bir dinar, bir müdi (ölçü vahididir) gətirilməyəcək”. “Bu kimdən ötrü olar?” dedik. “Rumlardan ötrü” dedi. (Et-Tac, Ali Nâsıf el-Hüseyni)

Hz. Əbu Hüreyrə (r.ə) belə deyir: “Rəsulullah əleyhissalatu vəssalam: “İraqa ölçəyi və dirhəmi verilməyəcək. Şama da ölçəyi və dinarı verilməyəcək. Misirə ölçəyi və dinarı verilməyəcək. Başladığınız yerə qayıdacaqsınız” deyə buyurdu və üç dəfə təkrarladı”. (Müslim, Fiten: 33, (2896); Ebu Davud, Harac: 29, (3035))

İraq və Şama embarqo tətbiq olunması qiyamətdən əvvəl yaşanan hadisələrdən, yəni hz. İsa (ə.s)-ın gəliş əlamətlərdən biridir. İraqa, hədisdə xəbər verildiyi kimi, on ildən uzun müddətdir ki, embarqo tətbiq olunması diqqətçəkəndir. Bununla yanaşı, Suriyaya da embarqo tətbiq olunması ehtimalı tez-tez gündəmə gəlir.

29) İraqın yenidən qurulması

…İraqa hücum etmədikcə qiyamət qopmaz. Həmçinin İraqdakı günahsız insanlar Şama doğru sığınacaq yerləri axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 254)

Hədisdə İraqın yenidən inşa ediləcəyinə diqqət çəkilir. Əvvəlcə İran-İraq müharibəsi, daha sonra Fars körfəzi müharibəsi, son olaraq da 2003-cü ildəki İraq müharibəsindən sonra, İraqda bir çox şəhər yerlə-yeksan olmuşdur. Bu müharibədən sonra yaşanan qarət hallarının da təsiriylə böyük xarabalığa çevrilən İraqın yenidən inşa edilməsi məcburi hal almışdır. Bu vəziyyətdən qəzet xəbərlərində də çox geniş bəhs edilmişdir.

30) İraq xalqı Şama, şimala qaçar

Günahsız və təmiz İraq xalqı Şama qaçar. (Risalet-ül Huruc-ül Mehdi, səh. 210)

2003-cü ildə İraq müharibəsi başlamadan dərhal əvvəl on minlərlə İraqlının, Suriya başda olmaqla müxtəlif ölkələrə köç etmə səyləri bu hədisdəki hadisə ilə böyük bənzərlik təşkil edir. Bu mövzuyla əlaqədar də müxtəlif xəbər və şəkillərə mediada yer verilmişdir.

31) Şamda fitnələr

Şamda fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən alovlanar. Göydən çağırıcı bir mələk; “hz. Mehdi (ə.s) əmirinizdir. Hz. Mehdi (ə.s) xəlifənizdir (mənəvi liderinizdir)” demədən də fitnələr bitməz. (Risalet-ül Huruc-ül Mehdi, səh. 63)

Hz. İsa (ə.s) ilə birlikdə yer üzündə olacaq hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl Şam bölgəsində böyük qarışıqlıqlar olacağı hədisdən aydın olur. Bu hədisdə də Suriyada baş verən qarışıqlıqlara diqqət çəkilə bilər.

Lakin məlum olduğu kimi, Şam bölgəsi təkcə Suriyanın paytaxtı olan Şam şəhəri ilə məhdudlaşmır. Daha əvvəl də bəhs edildiyi kimi, Şam, ərəb dilində söz mənası etibarilə “sol” mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi bölgə) sol tərəfində qalan ölkələri ifadə edir.

Ötən əsrin əvvəlindən etibarən bu bölgədə tez-tez vətəndaş müharibələri, qiyamlar, qarşıdurmalar və böyük müharibələr yaşanmışdır. Bu qarışıqlıqların biri digərini alovlandırmışdır, bu torpaqlarda yaşayan demək olar ki, bütün insanlar bu vəziyyətdən təsirlənmişlər. Hədisdə bildirilən; “fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən alovlanar” ifadəsi də bu baxımdan diqqətçəkəndir. Təxminən əlli il ərzində, bu bölgədə yaşanan müəyyən böyük hadisələri belə sıralaya bilərik:

Süveyş müharibəsi

Altıgünlük müharibə

1973-cü il Ərəb-İsrail müharibəsi

Livan vətəndaş müharibəsi

Fələstin torpaqlarında hələ də davam edən qarşıdurma və gərginliklər…

32) Şam, İraq, Ərəbistanda qarğaşalıq

Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “…Elə bəla və müsibətlər olacaq ki, heç kim, sığına biləcəyi bir yer tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üstünə çökəcək. Ərəbistan yarımadasının əl-ayağını bağlayacaq… Onlar bəlanı bir tərəfdən dəf etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq”. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 38-39)

Hədisdə bildirilən “müsibətlərin Şamın ətrafında dolanıb, İraqın üstünə çökəcək olması”, son dövrdə yaşanan İraq müharibəsinə işarə edə bilər. Bu müharibədən əvvəl və müharibə vaxtı, müharibənin Suriyaya sıçraması ehtimalı gündəmdə olmuş, lakin müharibə İraqla məhdudlaşmışdır.

33) İraqın üç hissəyə bölünməsi

İraq xalqı üç firqəyə ayrılar. Bir hisəsi soyğunçulara qoşular. Bir hissəsi ailələrini geridə qoyub qaçar. Bir hissəsi vuruşar və öldürülər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlanın. (Fera İdu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)

Axırzaman əlamətlərindən biri də İraq xalqının üç hissəyə bölünməsidir. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu “soyğunçulara” qoşulacaq. Müharibədən sonra yaranan hakimiyyət boşluğundan faydalanaraq, İraqda böyük talançılıq hadisələri yaşanmışdır. Həqiqətən də xalqın bir hissəsi, oğurluq, qəsbkarlıq, talançılıq kimi “soyğunçuluq” olaraq xarakterizə edilə biləcək fəaliyyətlər göstərənlərə qoşulmuşdur.

Hədisdə xalqın bir hissəsinin də, olduqları yerdən tezliklə qaçmağa cəhd edəcəkləri, hətta geridə qoyduqları ailələrini belə düşünə bilməyəcək mövqedə olacaqları xəbər verilmişdir. Qəzetlərdə bu istiqamətdə yer alan xəbərlər diqqətçəkəndir.

Xalqın bir qisminin isə, müharibəyə qoşulacağı və öldürüləcəyi bildirilir. İraq müharibəsi zamanı da, bəzi insanlar müxtəlif bölgələrdə yaşanan qarşıdurmalara qoşulmuş və həyatlarını itirmişlər.

Həmçinin hədisin ilk hissəsində diqqət çəkilən, “İraqın üç hissəyə bölünməsi” mövzusu fiziki cəhətdən də baş tutmuşdur. Fars körfəzi müharibəsindən sonra, İraq ərazi cəhətdən üç bölgəyə ayrılmışdır. 32-ci və 36-cı paralellər arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı kimi xarakterizə edilən bu üç bölgənin yaradılması, hədisin işarə etdiyi hadisələrdən biri ola bilər.