Hz. İsa (ə.s)-ın qayıtmasının xəbərçiləri

Həzrəti İsa (ə.s)-ın yer üzünə qayıdışının yaxınlaşdığını göstərən çox sayda əlamət var. Bu əlamətlər bizə Quranda, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, müxtəlif İslam alimlərinin açıqlamalarında bildirilib. Bunlarla yanaşı İncildə də qiyamətdən əvvəlki dövr və hz. İsa (ə.s)-ın yer üzünə qayıdış vaxtı barəsində bildirilən müxtəlif hadisələr mövcuddur. Bütün bu mənbələrdə bildirilən hadisələr bizim üçün hz. İsa (ə.s)-ın yer üzünə qayıtmasının yaxınlaşdığını bildirən bir xəbərdir.

Qiyamət əlamətləri

Artıq onlar, qiyamət saatının onlara qəflətən gəlməsindən başqa şeymi gözləyirlər? Məhz onun işarələri gəlmişdir. Lakin özlərinə gəldikdən sonra öyüd alıb düşünmələri onlar üçün nə təmin edər?… (Məhəmməd surəsi, 18)

Yuxarıdakı ayədə görüldüyü kimi, Allah qiyamət əlamətlərinin bəzilərini Quranda bizə bildirmişdir. Allah Zuxruf surəsinin 61-ci ayəsində hz. İsa (ə.s) üçün; “şübhəsiz ki, o, qiyamət saatı üçün bir elmdir (əlamətdir)…” deyə buyurur. Peyğəmbərimiz (s.ə.v) də bir hədisində belə buyurmuşdur:

İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam olaraq enmədikcə qiyamət qopmayacaq… (Sünen-i İbni Mace, 10/340)

Quranda və hədislərdə göründüyü kimi, hz. İsa (ə.s)-ın yer üzünə qayıtması qiyamətin yaxınlaşdığının əlamətlərindəndir. O zaman qiyamətin digər əlamətləri də hz. İsa (ə.s)-ın gəlişinin yaxınlaşdığını göstərən əlamətlər kimi qiymətləndirilməlidir.

Buna görə də, irəliləyən səhifələrdə istər Quranda, istərsə də Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilən qiyamət əlamətlərinə hz. İsa (ə.s)-ın gəlişinin əlamətləri kimi yer veriləcək. Bu əlamətlər araşdırıldığı zaman, bir çoxunun ardıcıl şəkildə müəyyən dövr ərzində gerçəklkəşdiyi açıqca görüləcək, hz. İsa (ə.s)-ın gəlişinin yaxınlaşdığı dəqiq aydınlaşacaq.

Bir-birləriylə dəstəklənən elçilər

Keçmiş peyğəmbərlərlə əlaqədar Quranda verilən xəbərlərə baxdığımızda, Allahın bir çox peyğəmbəri başqa bir peyğəmbər və ya elm sahibi qul ilə dəstəklədiyini görərik.

(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də elə “güc və səlahiyyət” verəcəyik ki, ayələrimiz sayəsində sizə çata bilməyəcəklər. Siz və sizə tabe olanlar qalib gələcək kimsələrsiniz”. (Qəsas surəsi, 35)

Hz. Musa (ə.s)-ın həyatına baxdığımız zaman, Allahın onu başqa qulları ilə də dəstəklədiyini görərik. Bu mövzudakı ayələrdən bəziləri belədir:

Bir zaman Musa gənc köməkçisinə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər gedəcəyəm və ya uzun illər sərf edəcəyəm”. (Kəhf surəsi, 60)

Tam o əsnada, tərəfimizdən özünə rəhmət bəxş etdiyimiz və tərəfimizdən özünə elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. Musa ona dedi: “Doğru yol olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” (Kəhf surəsi, 65-66)

Allahın başqa peyğəmbəriylə dəstəklədiyi qullarından biri də hz. İbrahim (ə.s)-dır. Hz. İbrahim (ə.s)-ın təbliğindən sonra hz. Lut (ə.s)-ın iman gətirdiyini Allah Quranda belə xəbər vermişdir:

(İbrahim) dedi: “Siz Allahı tərk edib dünya həyatında aranızda sevgi bağı olaraq bütləri (ilahlar) qəbul etdiniz. Sonra qiyamət günü biriniz digərinizi inkar edəcək və biriniz digərinizə lənət oxuyacaq. Sizin sığınacaq yeriniz oddur və heç bir köməkçiniz yoxdur”. Bundan sonra Lut ona iman gətirdi və dedi: “Həqiqətən mən Rəbbimə hicrət edəcəyəm. Çünki, şübhəsiz ki, O, güclü və üstün olandır, hökm və hikmət sahibidir”. (Ənkəbut surəsi, 25-26)

Bu mövzuda bir nümunəni Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in həyatında da görərik:

Siz Ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək etmişdir. Bir zaman kafirlər iki nəfərdən biri olaraq Onu (Məkkədən) çıxartmışdılar; ikisi mağarada olduqları zaman öz dostuna belə deyirdi: “Qəm yemə, əlbəttə, Allah bizimlədir!”. Beləliklə də, Allah Ona “rahatlıq və əmin-amanlıq duyğusunu” nazil etmişdi, Onu sizin görmədiyiniz ordularla dəstəkləmiş və inkar edənlərin də sözünü (inkar çağırışlarını) alçaltmışdı… (Tövbə surəsi, 40)

Allahın digər bir qulu ilə dəstəklədiyi peyğəmbərlərindən biri də hz. Davud (ə.s)-dır. Hz. Davud (ə.s) və Allahın məlik olaraq göndərdiyini bildirdiyi Talut ilə əlaqədar Quranda verilən bəzi məlumatlar belədir:

Peyğəmbərləri onlara dedi: “Allah sizə Talutu (məlik olaraq) göndərdi”. Onlar: “Biz hökmdarlığa ona görə daha layiq ikən və ona mal (sərvət) bolluğu verilmədiyi halda, necə bizi (idarə etmək üçün) hökmdarlıq (mülk) onun ola bilər?” dedilər. O (belə) demişdi: “Doğrusu, Allah sizə onu seçdi və onun bilik və bədən gücünü artırdı. Allah Öz mülkünü istədiyinə verər; Allah (rəhməti və gücü) geniş olandır, biləndir”. (Bəqərə surəsi, 247)

Talut orduyla birlikdə ayrıldığı zaman dedi: “Şübhəsiz ki, Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, o məndən deyil və kim də (əli ilə bir ovuc götürənlər istisna olmaqla) onu dadmasa məndəndir. Kiçik bir qismi istisna olmaqla (hamısı sudan) içdi. O, özüylə birlikdə iman gətirənlərlə (çayı) keçdikdən sonra (geridə qalanlar): “Bu gün bizim Caluta və ordusuna qarşı (müqavimət göstərəcək) gücümüz yoxdur” dedilər. (Həmin vaxt) mütləq Allaha qovuşacaqlarına ümid edənlər (belə) dedilər: “Neçə-neçə az saylı dəstələr, çox saylı dəstələrə Allahın icazəsi ilə qalib gəliblər; Allah səbr edənlərlədir”.

Onlar Calut və ordusuna qarşı meydana (döyüşə) çıxdıqları zaman dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, addımlarımızı sabit et (sürüşdürmə) və kafirlər dəstəsinə qarşı bizə kömək et”.

Beləliklə də, Allahın icazəsi ilə onları məğlub etdilər. Davud Calutu öldürdü. Allah da ona mülk və hikmət verdi; ona istədiyini öyrətdi… (Bəqərə surəsi, 249-251)

Başqa ayələrdə də Rəbbimiz hz. Davud (ə.s) və hz. Süleyman (ə.s)-a elm verdiyini, hz. Süleyman (ə.s)-ın hz. Davud (ə.s)-a varis edildiyini xəbər vermişdir:

And olsun, Davud və Süleymana elm verdik. Onlar: “Bizi iman gətirmiş bəndələrinin bir çoxundan üstün edən Allaha həmd olsun” dedilər. Süleyman Davuda varis oldu və dedi: “Ey insanlar! Bizə quşların danışıq dili öyrədildi və bizə hər şeydən (bol nemət) verildi. Həqiqətən bu, açıq-aydın üstünlükdür!”. (Nəml surəsi, 15-16)

Buraya qədər bəhs etdiyimiz ayə və hekayələrdə görüldüyü kimi, Allah elçilərini bəzən bir-birləriylə dəstəkləmişdir. Rəbbimiz hz. İsa (ə.s)-ı da mübarək bir şəxslə dəstəkləyəcək. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi bu şəxs hz. Mehdi (ə.s)-dır.

“Mehdi” sözü “doğruya aparan” mənasını daşıyır. Peyğəmbərimiz (s.ə.v), Allahın, Axırzamanda baş verəcək qarğaşalığın qarşısını alacaq, insanları qurtuluşa nail edəcək bir qulunu göndərəcəyini bizə bildirmişdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, çıxış yeri, zamanı, görəcəyi işlər, xüsusiyyətləri ilə əlaqədar təfsilatlı məlumat verilən hz. Mehdi (ə.s)-ın bir xüsusiyyəti də hz. İsa (ə.s)-ın, bu mübarək şəxsin arxasında namaz qılacağı və İslam əxlaqını yer üzünə birlikdə hakim edəcəkləridir. Peyğəmbərimiz (s.ə.v)-in bu mövzuda bir çox hədisi var, bunlardan bir neçəsi belədir:

Qiyamətə (Dəccal ilə döyüşə) qədər mənim ümmətimdən bir qrup haqq üzrə qalib olaraq mübarizə aparacaq. Həmçinin İsa ibn Məryəm göydən nüzul etdiyi zaman onların əmiri (Mehdi) özünə; “gəl bizə namaz qıldır” deyəcək. Lakin O: “bu ümmətə Allahın bir lütfü olaraq sizin biriniz, digərləriniz üçün əmirdir” cavabını verəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 80)

“İmamınız özünüzdən olduğu halda Məryəm oğlu (İsa əleyhissalam) aranıza endiyi (imamınıza iqtida etdiyi-tabe olduğu-) zaman görəsən necə olarsınız?” deyə buyurdu. (Sahih-i Müslim, 1-ci cild, səh. 208)

“Məryəm oğlu (İsa əleyhissalam) aranıza endiyi və sizdən (birini) imam etdiyi zaman halınız necə olacaq?” deyə buyurdu. (Sahih-i Müslim, 1-ci cild, səh. 208)

Ümmətimdən bir qrup qiyamət gününə qədər haqq üzərində mübarizə apararaq qalib gəlməkdə davam edəcək. “Nəhayət Məryəm oğlu İsa enər və müsəlmanların əmiri ona: “gəl, bizə namaz qıldır” deyər. Bundan sonra İsa: “Xeyr, Allahın bu ümmətə bir lütfü olaraq sizin bir hissəniz digər bir hissə üzərində əmirsiniz” deyər. (Sahih-i Müslim, 1-ci cild, səh. 209)

Bəzi İslam alimləri də Mehdi və hz. İsa (ə.s)-ın birlikdə olacaqlarını təfsilatlı şəkildə açıqlamışdır. Bu açıqlamalardan bir neçəsi belədir:

Məhəmməd ibn Rəsul Bərzənci:

Hz. Mehdi (ə.s)-ın varlığı və Axırzamanda zühur edəcəyi, Peyğəmbər ailəsindən və Fatimə oğullarından olması, təvatür ölçüsünə çatan hədislərlə açıqlanmışdır və bu hədisləri inkar etməyin heç bir mənası yoxdur… (Kıyamet Alametleri, səh. 192)

…Bu da bir həqiqətdir ki, hz. İsa (ə.s), hz. Mehdi (ə.s)-dan hakimiyyəti almayacaq; çünki liderlər Qureyşdəndir. Madam ki, insanlar arasında bu ikisi mövcud olacaq, elə isə hz. İsa (ə.s) onun əmiri deyil, vəziri olacaq. Buna görədir ki, hz. Mehdi (ə.s)-ın arxasında namaz qılacaq və ona tabe olacaq…” (Kıyamet Alametleri, səh. 185)

İmam Rəbbani:

Digər bir hədisdə isə, Rəsulullah (s.ə.v) belə buyurdu:

“Əshabi-Kəhf, hz. İsa (ə.s)-ın köməkçiləri olacaq”. Hz. İsa (ə.s), hz. Mehdi (ə.s) dövründə yerə enəcək. Hz. Mehdi (ə.s), dəccalın yox edilməsində hz. İsa (ə.s)-a razılıq verər. Onun səltənəti dövründə, Ramazan ayının on dördündə Günəş tutulacaq; həmin ayın ilkində isə Ay qaralacaq. Bunların olması, adətin və münəccimlərin hesabı xilafına (təxmin edilməyən, gözlənilməz şəkildə) olacaq. (İmam Rabbani, Mektubat, 2-ci cild, 380-ci məktub, səh. 1162-1163)

“Aradan min il keçdikdən sonra, hz. Mehdi (ə.s)-ın gəlişi də bunun üçündür. Onun mübarək gəlişini, hatəmür-rəsul Rəsulullah (s.ə.v) müjdələmişdir. Hz. İsa (ə.s) belə aradan min il keçdikdən sonra, nüzul edəcək (enəcək)…” (İmam Rabbani, Mektubat, 1-ci cild, 209-cu məktub, səh. 440)

Hz. Mehdi (ə.s), hz. İsa (ə.s)-dan bir müddət əvvəl zühur edəcək və ilk öncə İslam aləmində fikri mübarizə aparacaq. İslamın əslindən qopmuş müsəlmanları həqiqi imana və əxlaqa qaytaracaq, bütün İslam aləmini birləşdirəcək. Darvinizmə və materializmə qarşı çox güclü fikri mübarizə aparacaq, bu iki din əxlaqına zidd ideologiyanı tam mənasıyla məğlubiyyətə uğradacaq. Hədislərdə bildirildiyinə görə, hz. Mehdi (ə.s)-la eyni dövrdə dünyaya qayıdacaq hz. İsa (ə.s) isə, xüsusilə xristian və yəhudi aləminə xitab edəcək, onları düşdükləri xurafatlardan xilas olub Qurana görə yaşamağa dəvət edəcək. Xristianların hz. İsa (ə.s)-a tabe olmasıyla birlikdə, İslam və Xristian aləmləri tək bir inancda birləşəcək və dünya “Qızıl dövr” adlanan böyük sülh, əmin-amanlıq, xoşbəxtlik və rifah dövrü yaşayacaq.

Hz. Mehdi (ə.s)-ın hz. İsa (ə.s)-dan qısa müddət əvvəl gələcəyi Axırzamanla əlaqədar digər mühüm bir mənbədə belə bildirilir:

Hz. Mehdi (ə.s), bu ümmətin ortası, hz. İsa (ə.s) da axırı olacaq. Ortası dedikdə nəzərdə tutulan şey, hz. Mehdi (ə.s)-ın hz. İsa (ə.s)-dan çox az müddət əvvəl gələcəyini ifadə etmək üçündür. Hz. İsa (ə.s) da, ondan dərhal sonra gəldiyi üçün axır kimi xarakterizə edilib. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24)

O zaman bütün bunlar bizə göstərir ki, hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri eyni zamanda hz. İsa (ə.s)-ın da çıxış əlamətidir. İrəliləyən hissələrdə Allahın mübarək peyğəmbəri hz. İsa (ə.s)-n yer üzünə gəlişinin yaxınlaşdığını müjdələyərkən, hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərini də ayrı-ayrılıqda qeyd edəcəyik.