Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyi mövzusu Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində çox açıq şəkildə bildirilmişdir. Bir çox ayədə və hədisdə bu mövzu ilə əlaqədar qəti ifadələr var.
1-ci dəlil
“…Sənə tabe olanları Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm…”
Hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gələcəyinə dair işarələr daşıyan ayələrdən ilki Ali İmran surəsinin 55-ci ayəsidir:
Bir zaman Allah İsaya demişdi ki; “Ey İsa! Doğrusu səni Mən vəfat etdirəcəyəm (müteveffiyke), səni Özümə tərəf qaldıracağam (rafiuke), səni inkar edənlərdən təmizləyəcəyəm və sənə tabe olanları Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm. Sonra sizin dönüşünüz yalnız Mənədir, ixtilafa düşdüyünüz şey barəsində aranızda Mən hökm verəcəyəm. (Ali İmran surəsi, 55)
Allah qiyamətə qədər inkar edənlərə üstün gələn və hz. İsa (ə.s)-a həqiqətən tabe olan bir qrupun varlığından bəhs edir. Hz. İsa həyatda olarkən ona tabe olanların sayı çox azdı. Həmçinin onun Allah qatına qaldırılmasından sonra da dində sürətlə degenerasiya başladı. Sonrakı iki əsr boyunca da, hz. İsa (ə.s)-a iman gətirənlər (isəvilər) şiddətli təzyiqlərə məruz qaldılar. Üstəlik, isəvilərin heç bir siyasi gücü də yox idi. Belə olan halda, keçmişdə yaşayan xristianların, inkar edənlərə üstün gəldiklərini və bu ayənin onları işarə etdiyini söyləyə bilmərik.
Dövrümüzdə isə xristianlığın əslindən uzaqlaşdığını, hz. İsa (ə.s)-ın təbliğ etdiyi haqq dindən fərqli dinə çevrildiyini görürük. Xristianların əksəriyyəti arasında hz. İsa (ə.s)-ın Allahın oğlu olduğu şəklindəki (Allahı tənzih edirik) azğın inanc mənimsənilmiş və təslis inancı (üçlük; Ata, Oğul, Müqəddəs Ruh) əsrlər əvvəl qəbul edilmişdir. Belə olan halda, dinin əslindən tamamilə uzaqlaşmış olan dövrümüzün xristianlarını da hz. İsa (ə.s)-a tabe olanlar kimi qəbul edə bilmərik, çünki Allah, Quranın bir çox ayəsində “üçlüyə” inananların inkar içərisində olduqlarını bildirmişdir:
And olsun, “Allah üçlüyün üçüncüsüdür” deyənlər küfr edənlərdən olmuşdur. Halbuki tək bir ilahdan başqa heç bir ilah yoxdur… (Maidə surəsi, 73)
Belə olan halda; “sənin tabe olanları Qiyamət gününə qədər inkar edənlərdən üstün edəcəyəm” ifadəsində açıq bir işarə var. Hz. İsa (ə.s)-a tabe olan və qiyamətə qədər yaşayacaq olan bir qrup olmalıdır. Belə bir qrup, şübhəsiz ki, hz. İsa (ə.s)-ın yer üzünə təkrar gəlişi ilə ortaya çıxacaq. Həmçinin təkrar dünyaya gəlişi əsnasında bu mübarək insana tabe olanlar, qiyamətə qədər inkar edənlərdən üstün ediləcək.
Həmçinin ayənin sonunda bəhs edilən “…sonra dönüşünüz Mənədir…” ifadəsi də diqqətçəkəndir. Allah hz. İsa (ə.s)-a tabe olanları Qiyamət gününə qədər inkar edənlərdən üstün edəcəyini xəbər verdikdən sonra, hz. İsa (ə.s) da daxil olmaqla, hamısının özünə qayıdacağını bildirir. “Allaha qayıtmaları” ölmələri kimi başa düşülür. Bu da, hz. İsa (ə.s)-ın da qiyamətə yaxın dövrdə yer üzünə təkrar gəldikdən sonra öləcəyinə işarədir.
2-ci dəlil
“…Ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur…”
Nisa surəsinin 156-158-ci ayələrinin ardınca Allah, 159-cu ayədə belə buyurur:
And olsun, Kitab əhlindən, ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq. (Nisa surəsi, 159)
Yuxarıdakı ayədə qeyd olunan; “ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur” ifadəsi olduqca diqqətçəkəndir. Bu cümlənin ərəb dilində qarşılığı belədir: “…ve in min ehlil kitabi illa leyüminenne bihi kable mevtihi”.
Burada bəzi təfsirçilər “o” əvəzliyinin hz. İsa (ə.s) yerinə Qurana işarə etdiyini düşünür və ayəyə Kitab əhlinin ölmədən Qurana iman gətirəcəyi şəklində bir şərh verirlər. Halbuki bu ayənin əvvəlindəki iki ayədə də “o” əvəzliyi mübahisəsiz şəkildə hz. İsa (ə.s) üçün işlədilmişdir:
Nisa surəsi, 157-ci ayə:
Və: “Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük” demələrindən ötrü (onlara belə cəza verdik). Halbuki onu öldürmədilər və onu asmadılar. Lakin onlara (onun) bənzəri göstərildi. Həqiqətən onun barəsində ixtilafa düşənlər, qəti şübhə içindədirlər. Onların zənnə uymaqdan başqa buna dair heç bir məlumatları yoxdur. Onu qətiyyən öldürmədilər.
Nisa surəsi, 158-ci ayə:
Xeyr; Allah onu Özünə tərəf qaldırdı. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.
Bu ayələrdən dərhal sonra gələn ayədə işlədən “o” əvəzliyinin hz. İsa (ə.s)-dan başqa bir varlığı nəzərdə tutduğunun heç bir dəlili yoxdur.
Nisa surəsi, 159-cu ayə:
And olsun, Kitab əhlindən, ölmədən əvvəl ona iman gətirməyəcək heç kəs yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq.
Digər tərəfdən ayənin ikinci cümləsində qeyd olunan; “Qiyamət günü, o da onların əleyhinə şahid olacaq” ifadəsi də olduqca əhəmiyyətlidir. Quranda qiyamət günü insanın dilinin, əllərinin və ayaqlarının (Nur surəsi, 24, Yasin surəsi, 65), eşitmə, görmə orqanlarının və dərilərinin (Fussilət surəsi, 20-23) öz əleyhlərinə şahidlik edəcəkləri bildirilir. Quranın şahidliyi ilə əlaqədar isə heç bir ayə yoxdur. İlk cümlənin (cümlə quruluşu etibarilə və ya ayələrin ardıcıl gəlməsi baxımından hər hansı bir dəlil olmamasına baxmayaraq) “Quran”ı ifadə etdiyi qəbul edilsə, ikinci cümlədə qeyd edilən “o” əvəzliyinin də Qurana işarə etdiyi iddia edilmiş olar. Halbuki Allah Quranda bizə bu mövzuyla əlaqədar hər hansı məlumat verməyib.
Bununla yanaşı, əvvəlki ayədə bildirilən; “…Allah onu Öz qatına qaldırdı” ifadəsi də, bu ayədə işarə edilənin Quran olmadığını bir daha göstərir. Quran 1400 ildir ki, iman gətirənlərə hidayət rəhbəridir və Allah qatına qaldırılmamışdır. Allah qatına qaldırılan hz. İsa (ə.s)-dır. Bu da ayədə xəbər verilən şahidliyin, hz. İsa (ə.s)-ın Kitab əhli üçün edəcəyi şahidlik olduğunu, ayədə “o” əvəzliyi ilə Qurana işarə edilmədiyini göstərən digər bir dəlildir.
Quran ayələrinə baxdığımız zaman, eyni əvəzliyin, Qurana işarə etdiyi hallarda, (Tariq surəsi, 13, Təkvir surəsi, 19, Nəml surəsi, 77 və Şuəra surəsi, 192-196-cı ayələrdə də olduğu kimi) ayənin əvvəlində və ya sonrasında mütləq Qurandan bəhs edildiyini görərik. Ayənin əvvəlində, sonrasında və ya ayənin daxilində Qurandan bəhs edilmirsə, bu ayənin Quranı təsvir etdiyini söyləmək yanlış ola bilər. Ayə çox açıq şəkildə hz. İsa (ə.s)-a iman gətirilməsindən və onun iman gətirənlərə şahid olmasından bəhs edir.
Ayənin mənası barəsində ifadə edəcəyimiz ikinci xüsus isə; “ölümündən əvvəl” ifadəsinin şərhi ilə əlaqədardır. Bəziləri bu ifadənin “Kitab əhlinin öz ölümlərindən əvvəl” iman gətirməsi mənasında olduğunu düşünürlər. Bu şərhə görə Kitab əhlindən olan hər bir şəxs özünə ölüm gəlmədən hz. İsa (ə.s)-a mütləq iman gətirəcək. Halbuki ərəb qrammatikası, bu iddianın doğru olmadığını göstərir.
Quranda Kitab əhli ilə əlaqədar bütün ayələrdə, cəm formanı ifadə edən “hum” şəkilçisindən istifadə edilmişdir. (Beyyinə surəsi, 1 və 6; Hədid surəsi, 29; Həşr surəsi 2-də olduğu kimi.) Bu ayədə isə tək formanı ifadə edən “h” şəkilçisindən istifadə edilmişdir. Belə olan halda, ayədə xəbər verilən, hz. İsa (ə.s)-ın ölümündən (yəni yer üzünə ikinci dəfə gəlib bioloji cəhətdən ölümündən) əvvəl Kitab əhlinin özünə iman gətirəcəyidir (doğrusunu Allah bilər).
Həmçinin hz. İsa (ə.s) dövründə Kitab əhli adlandırılan yəhudilər ona iman gətirməyiblər. Eyni vəziyyət bugünkü yəhudilər üçün də etibarlıdır, çünki onlar hz. İsa (ə.s)-ı peyğəmbər kimi qəbul etmirlər. Bu günə qədər hz. İsa (ə.s)-a iman gətirməmiş milyonlarla Kitab əhlindən olan yəhudi yaşamış və hz. İsa (ə.s)-a iman gətirmədən ölmüşdür. Dolayısilə ayədə Kitab əhlinin deyil, hz. İsa (ə.s)-ın ölümündən bəhs edilir. Nəticə etibarilə, ayələrin bizə göstərdiyi həqiqət isə budur: “hz. İsa (ə.s) ölmədən əvvəl bütün Kitab əhli ona iman gətirəcək”.
Ayə əsil mənasıyla ələ alındıqda isə, çox açıq həqiqətlərlə qarşılaşarıq.
Birincisi, ayədə gələcəkdən bəhs edildiyi aydındır, çünki hz. İsa (ə.s)-ın ölümündən bəhs edilir. Halbuki o ölməmiş Allah qatına yüksəlmişdir. Hz. İsa (ə.s) dünyaya yenidən gələcək və hər insan kimi yaşayıb öləcək. İkincisi hz. İsa (ə.s)-a bütün Kitab əhlinin iman gətirməsindən bəhs edilir. Bu da hələ ki, reallaşmamış ancaq qətiyyən reallaşacağı bildirilən bir hadisədir. Dolayısilə buradakı “ölümündən əvvəl” ifadəsinin işarə etdiyi insan hz. İsa (ə.s)-dır. Kitab əhli onu görüb tanıyacaq, ona yaşayarkən, irəliləyən sətirlərdə təfsilatlı şəkildə bəhs ediləcəyi kimi, müsəlman olaraq itaət edəcək və hz. İsa (ə.s) da onların vəziyyətləriylə əlaqədar axirətdə şahidlik edəcək.
3-cü dəlil
“Şübhəsiz ki, O, Qiyamət saatı üçün bir (elmdir) əlamətdir…”
Hz. İsa (ə.s)-ın yenidən yer üzünə qayıdacağı ilə əlaqədar digər bir ayə də Zuxruf surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən hz. İsa (ə.s)-dan bəhs edilir:
Məryəm oğlu (İsa) nümunə kimi verildikdə, sənin qövmün dərhal ondan (həzz alaraq bəhs edib) qəhqəhə ilə gülürlər. Dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o?” Bunu yalnız bir mübahisə olsun deyə (nümunə) verdilər. Xeyr, onlar “mübahisəkar və düşmən” qövmdür. O, yalnız bir quldur; özünə nemət verdik və onu İsrail oğulları üçün bir nümunə etdik. Əgər Biz istəsəydik, əlbəttə, sizi mələk olaraq yaradardıq; yer üzündə (sizə) xələf (yerinizə keçənlər) olardılar. (Zuxruf surəsi, 57-60)
Bu ayələrdən dərhal sonra gələn 61-ci ayədə hz. İsa (ə.s)-ın qiyamət saatı üçün bir elm olduğu bildirilir:
Şübhəsiz ki, o Qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə onun barəsində heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Dosdoğru yol budur. (Zuxruf surəsi, 61)
Bu ayənin hz. İsa (ə.s)-ın Axırzamanda yer üzünə qayıdacağına açıq işarə etdiyini söyləyə bilərik. Çünki hz. İsa (ə.s), Quranın endirilməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Dolayısilə bu ilk həyatını “qiyamət saatı üçün bir məlumat”, yəni bir qiyamət əlaməti kimi başa düşə bilmərik. Ayənin işarə etdiyi məna, hz. İsa (ə.s)-ın, Axırzamanda, yəni qiyamətdən əvvəlki son zamanda yenidən yer üzünə qayıdacağı və bunun da bir qiyamət əlaməti olacağıdır.
Bu ayədə işlənən; “O, qiyamət saatı üçün bir elmdir (əlamətdir)” ifadəsinin ərəbcə qarşılığı belədir: “İnnehu le ilmun lissaati”.
Bu ifadədə yer alan “hu” əvəzliyinin “Quran”a işarə etdiyini söyləyənlər var. Lakin yuxarıda da bildirildiyi kimi, Quran üçün “hu”, yəni “o” əvəzliyi işlədildiyi zaman, mütləq ayənin əvvəlində və ya sonrasında və ya ayənin daxilində Qurandan bəhs edən başqa ifadələr də olar. Başqa bir mövzu daxilində “hu” əvəzliyi ilə Qurandan bəhs edilməz. Həmçinin bu ayənin əvvəlindəki ayəyə baxıldığı zaman, orada da açıq şəkildə hz. İsa (ə.s) nəzərdə tutularaq o əvəzliyindən istifadə olunduğu görüləcək:
“O, yalnız bir quldur; özünə nemət verdik və onu İsrail oğulları üçün bir nümunə etdik”. (Zuxruf surəsi, 59)
Bu əvəzliyin Qurana işarə etdiyini söyləyənlər isə ayənin davamında bəhs edilən; “Ondan şübhə etməyin, mənə tabe olun!” ifadəsini dəlil kimi göstərirlər. Lakin bu ifadədən əvvəlki ayələr tamamilə hz. İsa (ə.s)-dan bəhs edir. Buna görə də, “hu” əvəzliyinin əvvəlki ayələrlə əlaqəli olması və hz. İsa (ə.s)-dan bəhs etməsi daha uyğundur. Necə ki, böyük İslam alimləri də bu əvəzliyi istər ayələrə, istərsə də səhih hədislərə əsaslanaraq, hz. İsa (ə.s) kimi açıqlayırlar. Elmalılı Həmdi Yazırın təfsirində bu mövzu belə açıqlanır:
“Şübhəsiz ki, o saat üçün bir elmdir də -saatın gələcəyini ölülərin dirilərək qiyam edəcəyini bildirən bir dəlil və əlamətdir. Çünki İsa istər zühuru, istər əmvati əhya (ölüləri diriltmə) möcüzəsi, istərsə də əmvatın qiyamını (ölülərin qalxmasını) xəbər verməsi etibarilə qiyamətin baş verəcəyinə bir dəlil olduğu kimi hədisdə varid olduğuna görə əşrəti saatdandır (qiyamət əlamətidir)”.(5)
4-cü dəlil
“…Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək…”
Hz. İsa (ə.s)-ın ikinci gəlişini xəbər verən başqa ayələr də belədir:
Bir zaman mələklər dedilər: “Məryəm! Doğrusu, Allah Öz tərəfindən bir kəlməni sənə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, dünyada və axirətdə “seçilən, şərəfli və hörmətlidir” və (Allaha) yaxınlaşdırılanlardandır. O Beşikdə də, yetkinliyində də insanlarla danışacaq. Həmçinin o salehlərdəndir. “Rəbbim, mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” dedi. “(Lakin) Allah nə istəsə yaradar. Bir işin olmasına qərar versə, yalnız ona “ol!” deyər, o da dərhal olar. Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 45-48)
Ayədə, Allahın hz. İsa (ə.s)-a Tövratı, İncili və bir də “Kitabı” öyrədəcəyi xəbər verilir. Bu kitabın hansı kitab olduğu, şübhəsiz ki, əhəmiyyətlidir. Eyni ifadə Maidə surəsinin 110-cu ayəsində də işlədilir:
Allah belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! Mən səni Ruhul-Qüds ilə dəstəklədim, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətdim…” (Maidə surəsi, 110)
Hər iki ayədə də işlənən “Kitab” ifadəsini araşdırdığımız zaman, bunun Qurana işarə etdiyini görərik. Ayələrdə Tövrat və İncildən başqa göndərilən son haqq kitabın Quran olduğu bildirilir. (Hz. Davud (ə.s)-a verilən Zəbur da da Əhdi-Ətiqin içindədir) Bununla yanaşı, Quranın başqa ayələrində, “Kitab” sözü, İncil və Tövratın yanında Quranı ifadə etmək üçün işlədilmişdir:
Allah… Ondan başqa İlah yoxdur. Diridir, Qaimdir. O, sənə Kitabı Haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq endirdi. O, Tövrat və İncili də endirmişdi. (Ali İmran surəsi, 2-3)
Kitab sözünün Qurana işarə etdiyi başqa ayələr isə belədir:
Allah qatından yanlarında olanı (Tövratı) təsdiqləyən bir Kitab gəldiyi zaman, (belə ki, bundan əvvəl inkar edənlərə qarşı qələbə istəyirdilər) məhz bildikləri gəldikdə, onu inkar etdilər. Artıq Allahın lənəti kafirlərin üzərinədir. (Bəqərə surəsi, 89)
Belə ki, sizə, aranızdan ayələrimizi oxuyacaq, sizi təmizləyəcək, sizə Kitabı və hikməti öyrədəcək və bilmədiklərinizi xəbər verəcək bir elçi göndərdik. (Bəqərə surəsi, 151)
Belə olan halda, hz. İsa (ə.s)-a öyrədiləcək üçüncü “Kitab”ın Quran olduğu və bunun da təkcə hz. İsa (ə.s)-ın Axırzamanda dünyaya qayıtdığı zaman mümkün ola biləcəyi açıqca görünür. Çünki hz. İsa (ə.s) Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. İrəliləyən hissələrdə təfsilatlı şəkildə görəcəyimiz kimi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. İsa (ə.s)-ın dünyaya ikinci dəfə gəlişində İncillə deyil, Quranla hökm edəcəyi bildirilir. Bu da ayədəki mənaya tam uyğun gəlir.
5-ci dəlil
“Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir…”
“Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir…” (Ali İmran surəsi, 59) ayəsi də hz. İsa (ə.s)-ın qayıdışına işarə edə bilər. Təfsir alimləri ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olma xüsusiyyətinə, hz. Adəm (ə.s)-ın Allahın “ol” əmri ilə torpaqdan yaradılması ilə hz. İsa (ə.s)-ın yenə “ol” əmri ilə atasız doğulmasına işarə etdiyinə diqqət çəkiblər. Lakin ayənin ikinci bir işarəsi daha ola bilər. Hz. Adəm (ə.s) cənnətdən yer üzünə necə endirildisə, hz. İsa (ə.s) da Axırzamanda Allah qatından yer üzünə endirilə bilər.
Göründüyü kimi, hz. İsa (ə.s)-ın yer üzünə qayıdacağına dair Quranda işlənən ayələr çox aydındır. Quranda digər peyğəmbərlər üçün bunlara bənzər ifadələr işlədilməyib. Lakin bütün bu ifadələr, hz. İsa (ə.s) üçün işlədilib. Bunun mənası isə olduqca aydındır.
6-cı dəlil
“…Doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən qaldırılacağım gün…”
Quranda hz. İsa (ə.s)-ın ölümünü ifadə edən digər bir ayə isə Məryəm surəsində belə xəbər verilir:
“Salam mənədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən qaldırılacağım gün də”. (Məryəm surəsi, 33)
Bu ayə Ali İmran surəsinin 55-ci ayəsi ilə birlikdə araşdırıldığı zaman çox mühüm bir həqiqətə işarə edir. Ali İmran surəsindəki ayədə hz. İsa (ə.s)-ın Allah qatına qaldırıldığı bildirilir. Bu ayədə ölmək və ya öldürülmək ilə əlaqədar məlumat verilmir. Lakin Məryəm surəsinin 33-cü ayəsində hz. İsa (ə.s)-ın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə, təkcə hz. İsa (ə.s)-ın ikinci dəfə dünyaya gəlməsi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər.
7-ci dəlil
“…həm beşikdə ikən, həm də yetkin (kehlen) çağında insanlarla danışırdın…”
Hz. İsa (ə.s)-ın dünyaya gələcəyi ilə əlaqədar digər dəlil də, Maidə surəsinin 110-cu ayəsində və Ali İmran surəsinin 46-cı ayəsində işlənən “kehlen” sözüdür. Ayələrdə belə buyrulur:
Allah belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! Mən səni Ruhul-Qüds ilə dəstəklədim, həm beşikdə ikən, həm də yetkin (kehlen) çağında insanlarla danışırdın…” (Maidə surəsi, 110)
“Beşikdə də, yetkinliyində (kehlen) də insanlarla danışacaq. Həmçinin o salehlərdəndir”. (Ali İmran surəsi, 46)
Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa (ə.s) üçün işlədilir. Hz. İsa (ə.s)-ın yetkin halını ifadə etmək üçün, işlədilən “kehlen” sözünün mənası “otuz ilə əlli yaşları arasında, gənclik dövrünü başa vurub qocalığa ayaq basan, kamillik yaşına çatmış kimsə” şəklindədir. Bu söz İslam alimləri arasında ittifaqla “35 yaşdan sonrakı dövrə işarə edir” şəklində tərcümə edilir.
Hz. İsa (ə.s)-ın gənc yaş dövrü olan otuz yaşın əvvəlində Allah qatına yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını bildirən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri, hz. İsa (ə.s)-ın yaşlılıq dövrünün, dünyaya gəlişindən sonra olacağını, dolayısilə bu ayənin, hz. İsa (ə.s)-ın nüzuluna dair bir dəlil olduğunu söyləyirlər.(6)
İslam alimlərinin bu şərhinin doğru olduğu, bəhs edilən ayələr diqqətlə araşdırıldığı zaman asanlıqla başa düşülür. Quran ayələrinə baxıldığı zaman bu ifadənin, yalnız hz. İsa (ə.s) üçün işlədildiyini görərik. Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət ediblər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetiriblər. Lakin Quranda heç bir peyğəmbər üçün belə bir ifadə işlədilmir. Bu ifadə yalnız hz. İsa (ə.s) üçün və möcüzəvi bir vəziyyəti ifadə etmək məqsədiylə işlədilmişdir. Çünki ayələrdə bir-birinin ardınca gələn “beşikdə” və “yetkin çağında” sözləri iki böyük möcüzəvi zamana diqqət çəkirlər.
Necə ki, İmam Təbəri, “Təbəri təfsiri” adlı əsərində bu ayələrdə işlənən ifadələri belə açıqlayır:
“Bu ifadələr (Maidə surəsi, 110), hz. İsa (ə.s)-ın ömrünü tamamlayıb yaşlılıq dövründə insanlarla danışa bilməsi üçün, göydən enəcəyinə işarə edir. Çünki o, gənc yaşda olarkən göyə qaldırılmışdı…
Bu ayədə (Ali İmran surəsi, 46), hz. İsa (ə.s)-ın həyatda olduğuna dəlil var və əhli-sünnə də bu fikirdədir. Çünki ayədə, onun yaşlandığı zamanda da insanlarla danışacağı ifadə edilir. Yaşlanması da təkcə, səmadan yer üzünə enəcəyi zamanda mümkün olacaq”.(7)
“Kehlen” sözünün izahları da, Quranda bəhs edilən digər məlumatlar kimi, hz. İsa (ə.s)-ın təkrar yer üzünə gəlişinə işarə edir. Bütün bu izah edilənlər hz. İsa (ə.s)-ın Axırzaman adlandırılan dövrdə yer üzünə gələcəyini və insanları haqq din olan İslama yönəldəcəyini göstərir. Şübhəsiz ki, bu, Allahın iman gətirənlərə böyük müjdəsi, rəhməti və nemətidir. İman gətirənlərin məsuliyyəti isə, hz. İsa (ə.s)-ı ən gözəl şəkildə müdafiə edərək dəstəkləmək və onun insanları dəvət etdiyi Quran əxlaqını ən doğru şəkildə yaşamaqdır.

