Hədislərdə, hz. İsa (ə.s)-ın yer üzünə qayıtması, qayıtmadan əvvəl və qayıtdıqdan sonra baş vercək müxtəlif hadisələr barəsində Peyğəmbərimiz (s.ə.v) çox mühüm məlumatlar vermişdir. Peyğəmbərimiz (s.ə.v)-in gələcək barəsində verdiyi məlumatlar “qeyb” xəbərlərindəndir. Allah ayələrdə istədiyi elçilərinə qeyb məlumatlarını verəcəyini bildirmişdir:
O, qeybi Biləndir. Öz qeybini (görünməz məlumat xəzinəsini) heç kimə açıq saxlamaz (ona agah etməz). Lakin elçiləri (peyğəmbərləri) arasında razı olduğu (seçdikləri kəslər) istisnadır. Çünki O, bunun önündə və arxasında izləyicilər (gözətçilər) qoyar. (Cin surəsi, 26-27)
Rəbbimiz Fəth surəsində də Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə yuxular vasitəsi ilə məlumat verdiyini xəbər vermişdir:
And olsun, Allah elçisinin gördüyü yuxunun haqq olduğunu təsdiqlədi. Əgər Allah istəsə, siz mütləq Məscidül-Hərama güvən içində, saçlarınızı qırxdırmış, (bəziləriniz də) qısaltmış vəziyyətdə (və) qorxusuzca girəcəksiniz. Lakin Allah sizin bilmədiyinizi bildi və beləliklə bundan əvvəl sizə yaxın bir qələbə (nəsib) etdi. (Fəth surəsi, 27)
Ayədə göründüyü kimi, Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-ə müxtəlif qeyb xəbərləri vermişdir. Bu xəbərlər, Peyğəmbərimiz (s.ə.v)-ə və onunla birlikdə olan saleh möminlərə Allahın böyük dəstəyidir, yardımıdır.
Peyğəmbərimiz (s.ə.v) Allahın bildirməsi ilə, qiyamət əlamətləri ilə əlaqədar də bir çox xəbər vermişdir. Hz. İsa (ə.s)-ın Axırzamanda yer üzünə ikinci dəfə gəlişi Peyğəmbərimiz (s.ə.v)-in gələcəklə əlaqədar verdiyi xəbərlər arasında mühüm yerə malikdir. Axırzamanla əlaqədar rəvayətlər səhih hədis mənbəyi olan kütübi-sittənin bütününə və sonra da İmam Malikin “müvəttəsi”, İbn Huzeymə ilə İbn Hibbanın “səhihləri”, İbn Hənbəl və Tayalisinin “müsnədləri” kimi ən mötəbər hədis mənbələrinə daxil olmuşdur. Bu mənbələrdən öyrəndiyimizə görə Peyğəmbərimiz (s.ə.v), hz. İsa (ə.s) ilə əlaqədar çox xüsusi açıqlamalar vermişdir. Hz. İsa (ə.s)-ın ikinci gəlişi mövzusu, “təvatür” (güclü xəbər) dərəcəsində bilinən bir mövzu olaraq hədis elmində yerini almışdır.
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) hədislərində, Axırzamanda din əxlaqının bütün dünyada hakim olacağını, yer üzünə sülh, ədalət və rifahın hakim olacağını bildirir. Peyğəmbərimiz (s.ə.v) bu hakimiyyəti, xristian aləmi ilə İslam aləmini birləşdirəcək olan hz. İsa (ə.s)-ın, hz. Mehdi (ə.s) ilə birlikdə reallaşdıracağını bizə müjdələyir. Hazırda yer üzündə mövcud olan din əleyhdarı fəlsəfələrin tətbiqləri nəticəsində cəmiyyətlərin içinə sürükləndiyi vəziyyət ortadadır. Əxlaqsızlıq, narkotik, terror, qıtlıq və digər bir çox problem xristian və islam aləminin bunlarla fikri mübarizə aparması üçün birləşməsini tələb edir. Dünyanın hazırkı ictimai quruluşu xristian-islam ittifaqını sanki zəruri hala gətirmişdir. Xristianlığın dünyadakı inkişaf etmiş ölkələrdə, liderlər səviyyəsindəki təsiri də nəzərə alınsa, gələcək illərdə yarana biləcək İslam-Xristian ittifaqının nə qədər təsirli ola biləcəyi açıq şəkildə görünür.
Hz. İsa (ə.s) barəsindəki hədislər təvatür dərəcəsindədir
Hz. İsa (ə.s)-ın gəlişi mövzusunda nəql edilən hədislər təvatür dərəcəsindədir. Bir çox tədqiqatçı da alimlərimizin düşüncələrinin bu yöndə olduğunu çatdırır. Təvatürə “Büyük Lugat” da belə tərif verilir:
Təvatür: güclü xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan güclü xəbərdir.(8)
İslam alimi Seyyid Şərif Cürcani, təvatür hədis anlayışını belə açıqlayır:
Xəbər-i mütəvatir (doğru xəbər), raviləri çoxluğu ilə o dərəcəyə çatan bir xəbərdir ki, adətə görə, bu qədər çox rəvayətçinin yalan uydurmaq üçün birləşmələri qeyri-mümkün olar. Belə olan halda, rəvayət edilən xəbər barəsində ləfz (söz) və məna tutursa buna, “mütəvatir-i ləfzi (sözləri eyni olan doğru rəvayət)” deyilər. Əgər hamısının arasında müştərək mənada ittifaq olmaqla birılikdə ləfzlər (sözlər) arasında ixtilaf vardırsa buna, “mütəvatir-i mənəvi (mənası eyni olan doğru rəvayət)” deyilər.(9)
Hz. İsa (ə.s)-ın gəlişinin təvatür dərəcəsində hədislərlə bildirildiyinə dair xüsusi olaraq bir əsər qələmə alan böyük hədis alimi Şeyx Məhəmməd Ənvər əl-Kəşmiri “Et Tasrih bi-ma tevatera fi nuzuli’l Mesih” adlı əsərində 75 hədisə və 25 səhabəyə və səhabələri görənlərə aid əsərə yer vermişdir.
Hz. İsa (ə.s)-ın gələcəyini nəql edən alimlərin başında məzhəb imamımız İmami-Əzəm Əbu Hənifə gəlir. Əbu Hənifə, “əl-Fiqhul Əkbər” adlı əsərinin son hissəsində bunları bildirir:
Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğması, İsa (ə.s)-ın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə varid olduğu vəchlə, haqqdır, olacaqdır.(10)
Hz. İsa (ə.s)-ın yer üzünə gəlişi mövzusu qiyamətin on böyük əlamətindən biridir və bir çox İslam alimi əsərlərində bu mövzunu təfsilatlı şəkildə ələ alıb. Bu mövzudakı izahlar bütünlüklə qiymətləndirildiyi zaman, hz. İsa (ə.s)-ın ikinci gəlişi barəsində İslam alimləri arasında müəyyən söz birliyi olduğu açıq şəkildə görünür. Məsələn, əs-Səffarini, “Ləvami” adlı əsərində, İslam alimlərinin bu mövzuda ittifaq halında olduqlarını belə ifadə edir:
Bütün ümmət, Məryəm oğlu İsanın enəcəyi xüsusunda ittifaq edib. Şəriət əhlindən heç kim bu barədə müxalif olmayıb.(11)
Böyük İslam alimi Seyyid Əlusi də, “Ruhul-Məani” təfsirində, (digər İslam alimlərinin fikirlərindən nümunələr verərək) hz. İsa (ə.s)-ın enişi mövzusunda camaatın eyni fikirdə olduğunu, bu mövzuda xəbərlərin mənəvi təvatür dərəcəsinə çatacaq qədər geniş yayılmış olduğunu, hz. İsa (ə.s)-ın gəlişinə iman gətirməyin vacib olduğunu açıqlayıb.(12)
İmam Kövsəri də hz. İsa (ə.s)-ın enişi ilə əlaqədar fikirlərini belə bildirib:
Hz. İsa (ə.s)-ın enişi ilə əlaqədar hədislərdəki təvatür, “təvatür-i mənəvidir”. Səhih (möhkəm) və həsən (gözəl) hədislərin hər biri, fərqli mənalara dəlalət etməklə yanaşı, hamısı hz. İsa (ə.s)-ın enəcəyi barəsində həmfikirdirlər ki, bu, hədis elminin qoxusunu iyləyən bir kimsə üçün inkarı mümkün olmayan bir həqiqətdir… Mehdi ilə, Dəccalın çıxacağı ilə hz. İsa (ə.s)-ın enəcəyi xüsusundakı hədislərin təvatür dərəcələrinə çatmış olmaları, hədis elmi əhlinə görə qətiyyən şübhə ediləcək bir xüsus deyil. Elmi-kəlam əhlindən (inanc elmi ilə məşğul olanlardan) bəzilərinin qiyamət əlamətləri ilə əlaqədar hədislərə inanmağın vacib olduğunu qəbul etmələri ilə bərabər, bu hədislərdən bir hissəsinin mütəvatir olub-olmadığı xüsusundakı şübhələri isə, hədis elmi ilə əlaqədar məlumatlarının azlığından qaynaqlanır.(13)
Alim İbn Kəsirin açıqlamalarında və Sünəni Əbu Davudun “Əvnül-məbud şərhu” adlı kitabında, mövzuyla əlaqədar olaraq belə bildirilir:
Məhz bunlar Rəsulullah (s.ə.v)-dən mütəvatir olaraq rəvayət edilmişdir və bu hədislərdə, hz. İsa (ə.s)-ın necə və hara enəcəyi xüsusu bildirilmişdir… Hz. İsa (ə.s)-ın cəsədi-şərifi (bədəni) ilə dünyaya enəcəyi barəsində zikr edilən səhih və mütəvatir hədislər, təvilə (başqa şəkildə şərh edilməyə) əlverişli deyil. Dolayısilə, zərrə qədər imanı və insafı olan hər kəsin, hz. İsa (ə.s)-ın yer üzünə enəcəyinə inanması lazımdır ki, bunu təkcə şəriətə zidd, Allahın Kitabına, Rəsulunun sünnəsinə və əhli-sünnənin ittifaqına müxalif olan kəslər inkar edə bilər.(14)
Hədislərin təvatür olduğu mövzusunda verilən digər bir açıqlama isə belədir:
Şəvkani də İsa (ə.s)-ın enəcəyinə dair hədislərin sayının 29-a çatdığını söyləyərək, bunları bir-bir nəql etmiş və sonunda: “Bizim nəql etdiyimiz hədislər göründüyü kimi, təvatür həddinə çatdı. Bu bəyanımızla bu nəticəyə gəlinir ki, gözlənilən Mehdi barəsindəki hədislər, Dəccal barəsində hədislər və İsa (ə.s)-ın enməsinə dair hədislər mütəvatirdir” deyib.(15)
Tirmizi, Əbu Davud, Bəzzaz, İbni Macə, Hakim, Təbərani və Əbu Yəla Mosuli bu mövzu barəsində müxtəlif səhabələrdən rəvayətlər nəql ediblər; Əli, İbn Abbas, İbn Ömər, Təlhə, İbn Məsud Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudri, Ümmü Həbibə, Ümmü Sələmə, Səvban, Kürrə ibn İyas, Əli Hilal və Abdullah ibn Həris ibn Cüzə bəzi sənədlərlə istinad ediblər.(16) Bunlarla yanaşı İbn Həcər Heysəmi “əs-səvaiqul-muhriqə” kitabında, Şəblənci “Nurul-Əbsar” kitabında, İbn Səbbağ “əl-füsulul-mühimmə”, Məhəmməd əs-Səbban “İsafur-rağibin”, Gənci-i Şafi “əl-Bəyan” kitabında, Şeyx Mənsur Əli “Ğayətul-Məmul” kitabında və nəhayət Suveydi “Səbaik-uz Zəhəb” adlı kitabda hz. İsa (ə.s)-ın gəlişi ilə əlaqədar hədislərin mütəvatir olduğunu yazıblar.(17)
Bu hədisləri əhli-sünnə mühəddis (hədis alimi) və alimləri öz kitablarında yazıblar. Məsələn; Əbu Davud, Əhməd Tirmizi, İbn Macə, Hakim, Nəsai, Təbərani, Rəvyani, Əbu Nuaym əl-İsfahani, Deyləmi, Beyhəqi, Sələbi, Həməvəyni, əl-Mənavi, İbn Məğazili, İbn Cəvzi, Muhammed-us Sabban, Mavərdi, Genci-i Şafii, Səmani, Xarəzmi, Şərani, Dərəqutni, İbn Səbbağ Maliki, Şəblənci, Muhibbuddin Təbəri, İbn Həcər Heysəmi, Şeyx Mənsur Əli Nasif, Məhəmməd ibn Təlhə, Cəlaləddin Süyuti, Şeyx Süleyman Hənəfi, Qurtubi, Bağavi və digər alimlər bu mövzuya əsərlərində yer veriblər.
Şeyx Əbdulfəttah əbu Quddə də, hz. İsa (ə.s)-ın yer üzünə enib Dəccalı öldürəcəyinə dair rəvayətlərin təvatür dərəcəsinə çatdığını bilirir.(18) Hədis alimi Kətaninin də “Nəzmül-Mütənasir” adlı əsərində(19) “hz. İsa (ə.s)-ın enişinin kitab, sünnə və icmai-ümmət ilə sabit olduğunu, bu xüsusdakı hədislərin, həmçinin Dəccal və Mehdi barəsindəki hədislərin də mütəvatir olduğunu” müdafiə etdiyi görülür. Təfsir alimi İbni Atiyyə əl-Qırnadi əl-Əndülüsinin “əl-Bəhrul Muhit” adlı təfsirində, “hz. İsa (ə.s)-ın sağ olduğu, Axırzamanda enəcəyi barəsində ümmətin həmfikir olduğu və bu mövzudakı hədislərin mütəvatir olduğu” ifadə edilir.
Mövzu barəsində əsərləri olan müəlliflərin nəql etdiklərindən də aydın olur ki, hədis mənbələri çox zəngindir. Üstəlik, hz. İsa (ə.s)-ın gəlişinin Axırzamanda baş verəcək qiyamət əlamətlərindən olduğunu bildirən hədislər də Buxari, Müslim kimi əsas hədis mənbələrində mövcuddur. Bu hədislərdən bəziləri belədir:
Siz on əlaməti görmədikcə heç vaxt Qiyamət qopmaz… Biri də İsa (ə.s)-ın enməsidir… (Müslim, Kitabü-l Fiten: 39)
Vallah Məryəm oğlu (hz. İsa əleyhissalam), Fəccur-Ravha nam mövqedə, həcc etmək və ya ümrə etmək yaxud hər iki ibadət üçün razılıq alacaq. (Müslim, Hacc: 216, 1252)
Qiyamət on əlamət görünmədikcə qopmaz: Duman, Dəccal, Dəbbətül-ərz, Günəşin qərbdən doğması, İsanın yer üzünə enməsi… (Rudani, Büyük Hadis Külliyatı, 5-ci cild, səh. 362)
Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır… [Buhari, Kitabü’l-Büyu’: 102, Mezalim: 31, Enbiya 49; Müslim, İman: 242 (155); Ebu Davud, Melahim: 14 (4324); Tirmizi, Fiten: 54 (2234)]
İsa enəcək; əmirləri: “dur gəl, bizə namaz qıldır!” deyəcək. Buna cavab olaraq: “Bəziləriniz digərlərinizin əmiridir. Bu, Allahın bu ümmətə bir lütfüdür, kərəmidir” deyəcək. (Rudani, Büyük Hadis Külliyatı, 5-ci cild, səh. 380)
Vallah mütləq və mütləq Məryəm oğlu İsa enəcək, həmçinin ədalətli bir hakim, ədalətli bir hökmdar kimi enəcək… (Sahih-i Müslim bi Şerhin-Nevevi, 2-ci cild, səh. 192; Kenzul Ummal, Kitabul-İman, Bab-ı Nüzul-i İsa İbn-i Meryem, 14/332)
İmamınız özünüzdən olduğu halda, Məryəm oğlu aranıza endiyi zaman siz necə olarsınız?” (Buhari, Enbiya 50, 3265, 3/1272; Müslim, İman: 71,155,1/136; Beyhaki, Esma ve Sıfat: 3265, 2/166)
İslam alimləri hz. İsa (ə.s)-ın gəlişini, əqayid (inanılan və etiqad edilən əsas) mövzusu kimi qiymətləndirirlər
Əhli-sünnənin etiqad məsələlərini açıqlayan demək olar ki, bütün əsərlərdə, hz. İsa (ə.s)-ın qiyamətdən əvvəl yer üzünə gələcəyi, Dəccal ilə mübarizə aparıb onu fikrən yox edəcəyi, hz. Mehdi (ə.s) ilə birlikdə həqiqi din əxlaqını dünyaya hakim edəcəyindən bəhs edilir. İslam alimləri, Qurani Kərimdə yer alan dəlilləri və hədislərdə bildirilən xəbərləri bir yerdə qiymətləndirərək, hz. İsa (ə.s)-ın qayıdışına inanmağı mühüm bir inanc əsası kimi qəbul ediblər. Həmçinin mövzunu belə açıqlayırlar:
1) Nisa surəsinin 157-ci ayəsində Allah; “…halbuki onu öldürmədilər və onu asmadılar. Lakin onlara (onun) bənzəri göstərildi…” deyə bildirmişdir. Bu ayə ilə birlikdə Quranın digər bir çox ayəsində hz. İsa (ə.s)-ın Allah qatında diri olduğu bildirilir və yer üzünə ikinci dəfə gələcəyinə işarə edilir. İslam alimləri bu mövzuda ittifaqla, bunun əksini müdafiə etməyin qətiyyən mümkün olmadığını söyləyirlər. Məsələn, İbn Həzm bu ayəni təfsir edərkən; “hz. İsa (ə.s)-ın öldürüldüyünü söyləyən bir kimsənin mürtəd (İslam dinindən dönən) və ya kafir olacağını” vurğulamışdır.(20)
2) Hz. İsa (ə.s)-ın gəlişi ilə əlaqədar hədislərin, təvatür dərəcəsində və bu mövzuda heç bir şübhəyə yer verməyəcək şəkildə açıq olmaları müsəlmanlar üçün çox mühüm dəlildir. Üstəlik, bu mövzudakı hədislərə qarşı irəli sürülə biləcək, (yəni hz. İsa (ə.s)-ın yenidən gəlməyəcəyini bildirən) tək bir fərqli hədis belə yoxdur.
3) Cabir İbn Abdullahdan rəvayət edilən; “Mehdinin zühurunu inkar edən, mütləq Məhəmməd (s.ə.v)-ə nazil olanı inkar etmişdir. Məryəm oğlu İsanın enişini inkar edən də mütləq kafir olmuşdur. Dəccalın çıxacağını qəbul etməyən də mütləq kafirdir” hədisi də İslam alimləri tərəfindən istifadə edilən digər bir dəlildir. Bu hədis, Şeyx Xacə Məhəmməd Parsayinin “Fəslül-Xitab”, Şeyx Əbu Bəkir əl-Kəlabazinin “Məanil Əxbar”, İmam Süheylinin “ər-Rəvzül-unuf”, İmam Süyutinin “əl-Arful Verdi fi Ahbaril Mehdi” kimi tanınmış İslami mənbələrdə qeyd olunur. Həmçinin Şeyx Əbu Bəkir, bu hədisin sənətini də açıqlamışdır: “Bizə Məhəmməd İbn əl-Hasən, ona Əbu Abdullah əl-Hüseyn İbn Məhəmməd, ona İsmayıl İbn Üveys, ona Malik İbn Əbəs, ona Məhəmməd İbn Münkə, ona da Cabir İbn Abdullah həzrətləri beləcə bildiriblər”.(21)
4) Hz. İsa (ə.s)-ın gəlişi ilə əlaqədar hədisləri nəql edən ravilərin çoxluğu və etibarlılıqları də İslam alimlərinin diqqət çəkdikləri digər xüsusdur. Bu ravilərdən bəziləri bunlardır: Əbul Əşas əs-Sənani, Əbu Rafi, Əbul Aliyə, Əbu Ümamə əl-Bahili, Əbud Dərda, Əbu Hüreyrə, Əbu Malik əl-Xudri, Cabir ibn Abdullah, Hüzeyfə İbn Ədis, Səfinə, Qatadə, Osman ibn əl-As, Nafi İbn Keysan, Vəlid İbn Müslim, Əmmar İbn Yasir, Abdullah İbn Abbas…
Bütün bu məlumatlar nəticəsində İslam alimləri hz. İsa (ə.s)-ın enişinə və həqiqi din əxlaqını dünyaya hakim edəcəyinə iman gətirməyi, mühüm inanc əsaslarından biri kimi qiymətləndiriblər.

