Quranda hz. İsa, hz. Musa ilə yanaşı hz. Süleyman, hz. İbrahim, hz. Nuh, hz. Yusuf və digər bütün peyğəmbərlər “müsəlman” olaraq xatırlanırlar. Çünki Allahın dini təkdir və bu din Allah qatında İslamdır. Hz. Adəmdən etibarən insanlara öyrədilən din həmişə eyni olmuşdur. Hz. İsaya vəhy edilən İncilin, hz. Musaya nazil edilən Tövratın və hz. Davuda nazil edilən Zəburun təhrif olunmamış əvvəlki məzmunu da məhz bu dini təbliğ edirdi. Buna görə də Allahın dinini təbliğ edən bütün peyğəmbərlər eyni dinə mənsub olmuşlar. Bu din isə haqq din olan İslam dinidir. Quranda bu həqiqət insanlara belə açıqlanmışdır:
İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi. (Ali İmran surəsi, 67)
Başqa bir ayədə də hz. Musanın öz qövmünə müraciət edərkən onların müsəlman olduqlarını ifadə etdiyi belə bildirilir:
Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!” (Yunis surəsi, 84)
Hz. İsanın həvarilərinin də özlərini müsəlman adlandırdıqları bir ayədə belə xəbər verilir:
Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!” – deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” – demişdilər. (Maidə surəsi, 111)

