Hz. İbrahim (ə.s) peyğəmbər

Hz. İbrahim hələ çox gənc yaşda olarkən və yanında ona Allahın varlığından danışan heç kəs

Hz. İbrahim hələ çox gənc yaşda olarkən və yanında ona Allahın varlığından danışan heç kəs olmadığı halda, öz-özünə səmanı araşdıraraq bütün varlıqları Allahın yaratdığını görmüşdü. Bu mövzu Quranda belə bildirilir:

Gecənin qaranlığı onu bürüdüyü zaman o, bir ulduz gördü və dedi: “Bu mənim Rəbbimdir!” Ancaq (ulduz) batdığı zaman: “Mən batanları sevmirəm”. – dedi. Ay doğarkən onu görən zaman belə dedi: “Bu mənim Rəbbimdir!” O batdığı zaman isə: “Şübhəsiz, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, zəlalətə düşən qövmdən olardım”, – dedi. Günəşi doğarkən görən zaman isə: “Bu mənim Rəbbimdir. Bu daha böyükdür”, – dedi. Ancaq o da batdığı zaman belə dedi: “Ey qövmüm, mən həqiqətən, sizin (Allaha) şərik qoşduğunuz şeylərdən uzağam. Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!” (Ənam surəsi, 76-79)

Hz. İbrahim, o dövrdəki padşaha və xalqa “Allaha iman edin” deyərək dini izah etdikdən sonra, ona düşmən olanlar onu öldürməyə cəhd etdilər. Böyük alovlu od yandırıb hz. İbrahimi içinə atdılar. Lakin Allah onu qorudu və onu odun içindən sapsağlam çıxartdı. Bu hadisə Quranda belə bildirilir:

İbrahimin qövmünün cavabı isə: “Onu öldürün və ya yandırın!” – demələri oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirənlər üçün ibrətlər vardır. (Ənkəbut surəsi, 24)

Biz: “Ey alov, İbrahimə qarşı sərin və zərərsiz ol!” – dedik. (Ənbiya surəsi, 69)

Hər şeyi yaradan və nəzarət edən Allahdır. Od da Allahın əmri ilə İbrahim peyğəmbəri yandırmamışdı. Məhz bu, Allahın möcüzəsidir. Allahın gücünün hər şeyə çatdığını çox yaxşı göstərən nümunələrdən biridir. Çünki yer üzündəki hər şey Allahın izni ilə baş verər. O, istəmədiyi müddətcə insana heç nə zərər verə bilməz, heç kəs başqa bir insanı öldürə bilməz. Allah Quranda belə bildirir:

Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır… (Ali İmran surəsi, 145)

I Allahın İbrahim peyğəmbər üçün istədiyi ölümün vaxtı gəlmədiyi üçün, oda atılmasına baxmayaraq ölməmiş, Allah onu oradan xilas etmişdir. Allah, Quranın digər bir ayəsində də İbrahim peyğəmbərin çox üstün əxlaqa sahib olduğunu belə bildirir:

Həqiqətən, İbrahim yumşaq ürəkli, Allaha çox yalvaran və özünü Ona həsr edən bir kəs idi. (Hud surəsi, 75)

Allah yaxşı xasiyyətli və özünə çox bağlı olan insanları sevər. Bu ayədən də anladığımız kimi, həlim olmaq, üsyankar olmamaq, Allahın əmrlərinə tam təslim olmuş şəkildə əməl etmək Allah qatında çox əhəmiyyətli xüsusiyyətlərdəndir.