Hz. Hud

Allah hz. Hudu Ad qövmünə elçi olaraq göndərmişdir

Allah hz. Hudu Ad qövmünə elçi olaraq göndərmişdir. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, etdiyi təbliğ qarşılığında heç bir qarşılıq gözləmədiyini ifadə edərək insanları Allahdan qorxub çəkinməyə çağırmışdır.

Əvvəlki elçilərdə olduğu kimi, qövmünə təbliğ edərkən hz. Huda da müxtəlif böhtanlar atılmışdır. Məsələn, qövmü hz. Hudun “ağılsız” olduğunu iddia etmişdir. Hz. Hud, bu çirkin böhtanı atan qövmünə qarşı əxlaqi üstünlüyünün göstəricisi olaraq son dərəcə alicənab və şəfqətli bir üslubla cavab vermişdir.

Hud dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.” (Əraf surəsi, 67-68)

Hz. Hud qövmünə təbliğinin əvəzi üçün heç bir mükafat gözləmədiyini söyləmişdir.

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız? (Hud surəsi, 51)

Mən bunun müqabilində sizdən heç bir muzd, əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! (Şuəra surəsi, 127)

Bu vaxta qədər bəhs edilən bütün elçilərin təbliğ edərək insanlardan heç bir mükafat gözləməməyi mömin xüsusiyyətlərindəndir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə birlikdə olursa olsun insanları Allahın bəyəndiyi əxlaqa çağırmaqla cavabdehlik daşıyır. Buna görə də heç kimdən mükafat gözləmir, yalnız vəzifəsini yaxşı şəkildə yerinə yetirməyi və Allahın razı olmasını istəyir.

Hz. Hud da digər elçilər kimi qövmünə yalnız Allaha qulluq etmələrini, əks halda əzaba düşmələrindən qorxduğunu söyləmişdir.

Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Əhqaf surəsi, 21)

Bundan başqa onlara dünya həyatında dəyər verdikləri şeylərin keçici olduğunu da xatırlatmışdır. Hz. Hudun bu mövzuda qövmünə etdiyi təbliğ ayədə belə bildirilmişdir:

Siz hər yüksək yerə bir əlamət quraraq (hündür binalar tikərək) əylənirsinizmi? Əbədi qalacağınızı umaraq möhkəm qalalar tikirsiniz. (Şuəra surəsi, 128-129)

Bunun ardından da qövmünə Allahdan qorxmalarını, Onun əmrlərini yerinə yetirmələrini, insanlara zorbalıq etməmələrini xatırlatmışdır. Əgər belə etsələr əzaba düşə biləcəklərini deyərək onları xəbərdar etmişdir:

Birini yaxaladığınız zaman qəddarcasına yaxalayırsınız. Allahdan qorxun və mənə itaət edin! Gözünüzün qabağındakı nemətləri sizə bol-bol verəndən qorxun! O sizə mal-qara və övladlar verdi. Bağlar və bulaqlar (verdi). Həqiqətən, mən sizin üçün böyük günün əzabından qorxuram!” (Şuəra surəsi, 130-135)

Allahın insanlara verdiyi nemətlər Nəhl Surəsinin 18-ci ayəsində deyildiyi kimi, “ümumiləşdirsələr” belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insan bu nemətləri verənin Allah olduğunu və bunlar üçün Allaha şükür etmələrini xatırlamazlar. Allahın, dilədiyi anda bunları geri ala biləcəyini də düşünməzlər. Buna görə elçilər, getdikləri qövmlərə Allaha yönəlib dönmələrini, sahib olduqları hər şeyin Allahdan nemət olduğunu və bunlar üçün Ona şükür etmələrini xatırlatmışlar. Hz. Hud da qövmünə Allahın verdiyi nemətləri xatırlatmış, Ondan qorxub çəkinməyə çağırmışdır:

Sizi xəbərdar etmək üçün sizdən bir adam vasitəsilə Rəbbinizdən sizə bir öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz? Xatırlayın ki, O sizi Nuh qövmündən sonra onun yerinə gətirdi və sizi yaradılış etibarilə daha cüssəli etdi. Ona görə də Allahın nemətlərini xatırlayın ki, bəlkə, nicat tapasınız!” (Əraf surəsi, 69)

Hz. Hud qövmünü bundan başqa, Allahdan bağışlanma diləməyə də dəvət etmişdir və Allaha sığınıb tövbə etsələr, buna qarşılıq Allahın nemətləri artıracağını xəbər vermişdir:

Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!” (Hud surəsi, 52)

Quranda keçən anlayışlardan biri olan “cahil” anlayışı din əxlaqını bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni, məsələn bir insan yüksək təhsil almış ola bilər, amma Allahı tanımırsa, Allahın kitabını bilmir və tətbiq etmirsə Qurana görə cahildir. İnsan, bir çox məlumata sahib olsa da, kim olduğunu, nə üçün yaradıldığını düşünmür, Yaradanı tanımır və Allahın istədiklərini yerinə yetirmirsə cahillər arasındadır.

Bu insanlardan soruşduqda çox vaxt dinə tabe olduqlarını deyirlər. Halbuki onların nəzərdə tutduqları din, atalarından gördükləri, ətrafındakı şəxslərdən öyrəndikləri cahiliyyə dinindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.

Allahın Quranda bildirdiyi kimi, tarix boyunca elçilər, cahil qövmlərə haqq dini izah etmişlər. Ancaq bu qövmlərin çoxu vicdani olaraq doğrunu gördükləri halda bu cəhalətdən xilas olmaq istəmirdilər. Xəbərdarlıqlara baxmayaraq çox az insan istisna olmaqla öz batil dinlərini müdafiə etməyə davam edirdilər.

Hz. Hudun qövmü də, alışdıqları cahiliyyə sistemini buraxıb elçiyə tabe olmağı rədd etmişdilər. Buna görə də hz. Hud qövmünə bu vəziyyətin cahillik olduğunu belə xatırlatmışdır:

Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”. (Əhqaf surəsi, 23)

Bütün bu çağırışlara baxmayaraq qövmü hz. Huda qarşı gəlmiş, onun çağırdığı yola tabe olmağı qəbul etməmişdilər. Tarix boyunca bütün inkarçıların etdiyi kimi, onlar da elçilərdən möcüzə istədiklərini, əks halda iman etməyəcəklərini deyirdilər:

Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Biz sənin sözünlə ilahlarımızı tərk edən və sənə inanan deyilik! (Hud surəsi, 53)

Bundan sonra hz. Hud onların Allaha şirk qoşmalarından uzaq olduğunu, quracaqları tələlərdən qorxmadığını belə bildirmişdir:

Biz ancaq bunu deyə bilərik ki, ilahlarımızdan biri səni yaman pis çarpıb”. Hud dedi: “Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam. Allahdan başqa (sitayiş etdiklərinizdən uzağam)! Elə isə hamılıqla mənə qarşı hiylə qurun, sonra mənə heç möhlət də verməyin! (Hud surəsi, 54-55)

Hz. Hud Allahın seçdiyi peyğəmbər olaraq hər şeyi Allahın yaratdığını və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Buna görə də böhtanların, qurulan tələlərin boşa çıxacağından əmin şəkildə Allaha qarşı olan etibarını belə dilə gətirmişdir:

Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır. (Hud surəsi, 56)