Əhli-beytdən olan hz. Həsən Peyğəmbərimizin nəvəsi, hz. Əlinin oğludur. Peyğəmbərin qızı hz. Fatimə onu hicrətin 3-cü ilində Mədinədə dünyaya gətirib. Hz. Məhəmməd onun adını Həsən qoyub.
Hz. Həsən uşaqlıqdan Rəsulullaha beyət etmişdi. Onun mükəmməl tərbiyəsi ilə böyümüşdü.
Səkkiz yaşında olarkən əvvəl babası hz. Məhəmməd, sonra da anası hz. Fatimə vəfat edir. Bundan sonra, atası hz. Əlinin tərbiyəsi ilə böyüyür.
Hz. Həsən ağ və gözəl simalı insan idi, daha çox Peyğəmbərimizə bənzəyirdi.
Hz. Həsən Allah sevgisi ilə dolu, həlim xasiyyətli, təmkinli, sülhpərvər, mərhəmətli və səbirli idi. Malını Allah yolunda xərcləyər və bol sədəqə verərdi. On beş oğul və səkkiz qız övladı vardı. Həyat yoldaşlarının hamısı hz. Həsəni çox sevirdilər. Hz. Həsən hz. Hüseynlə birlikdə Peyğəmbərimizin nəslini indiyədək davam etdirən iki mübarək şəxsiyyətdən biridir.
- Peyğəmbərimizin hz. Həsənə olan sevgisi və şəfqəti
Peyğəmbərimiz hz. Həsəni çox sevərdi, ona qarşı şəfqətlə davranırdı. Bir çox səhabə Peyğəmbərimizin nəvələrini necə sevdiyini, onlarla necə vaxt keçirdiyini və oyunlar oynadığını qələmə almışlar.
Rəsulullah hz. Həsəni çox sevərdi, onunla zarafatlaşar, qucağına alıb öpərdi, mübarək saqqalı ilə oynamasına icazə verərdi. Hz. Zeydin oğlu Üsamə Peyğəmbərimizlə əlaqədar bunları demişdir:
“Rəsulullah bir dizinə məni, o bir dizinə də nəvəsi Həsəni oturdar, sonra ikimizi birdən bağrına basar və: “Ya Rəbbi, bunlara rəhm et. Çünki mən bunlara qarşı mərhəmətliyəm”, – deyə dua edərdi”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, 2-ci cild, səh. 508)
Peyğəmbərimiz namaz qılarkən hz. Həsən gələr, səcdəyə qapanan Rəsulullahın kürəyinə, boynuna çıxardı. Rəsulullah da hz. Həsənə olan sevgisindən və mərhəmətindən ötrü onun yıxılıb əzilməsinin qarşısını almaq üçün səcdədən yavaş-yavaş qalxardı. Rəsulullah: “Dünyadakı iki reyhanım”, – dediyi nəvələri Həsən və Hüseyni tez-tez yanına çağırar, onları iyləyər və bağrına basardı.
“Günəşi itirən aya müraciət etsin. Onu da itirsə, ulduza müraciət etsin”. Əshabi-kiram bu hədisin izahını istəyəndə, Rəsulullah bunu belə açıqladı: “GÜNƏŞ MƏNƏM. AY ƏLİDİR. Fatimə də ulduzdur. ŞİMAL QÜTBÜNƏ YAXIN OLAN O İKİ ULDUZ İSƏ HƏSƏNLƏ HÜSEYNDİR”. (Tam İlmihâl Se’âdet-i Ebediyye, səh. 1011)
“Həsən və Hüseyni sevən, məni sevər, onlara kin duyan da mənə qarşı kin duymuş olar”. (Əhməd ibn Hənbəl, “Müsned”, 2-ci cild, səh. 288).
- Hz. Həsənin xəlifəlik dövrü
Hz. Həsən atası hz. Əlinin şəhid olmasından sonra 661-ci ildə xəlifə oldu. Ona 40 min insan beyət etdi. Lakin Misir və Şam əhalisi Müaviyəyə beyət etmişdi. Xilafətin yeddinci ayında Bağdadın yaxınlığında iki tərəf bir-birinə qarşı döyüşə hazırlaşarkən, müsəlmanların qanının tökülməməsi üçün hz. Həsən xilafəti Müaviyəyə verdi. Bu vəziyyət, eyni zamanda, Peyğəmbərimizin bir möcüzəsini də göstərirdi. Çünki hz. Həsən kiçik ikən Rəsulullah Ona işarə edərək: “Bu oğlum seyiddir. Ümid edirəm ki, Allah onun vasitəsilə iki tərəfi barışdırar”, – deyə buyurmuşdu. Hz. Həsənin xilafətdən çəkilməsi ilə müsəlman qanı tökülmədi, sülh və əmin-amanlıq təmin edildi. Beləliklə, Rəsulullahın hz. Həsənlə əlaqədar söylədiyi bu söz həyata keçdi.
- Hz. Mehdi hz. Həsənin soyundandır
Peyğəmbərimiz hədislərində müsəlmanların hz. Mehdini tanımaları üçün onun əlamətlərini bildirmişdir. Bunlardan biri də hz. Mehdinin hz. Həsənin soyundan olmasıdır.
“HZ. MEHDİ FATİMƏNİN ÖVLADLARINDANDIR VƏ HƏSƏNİN soyundandır”. (Əbu Davud, “Hz. Mehdi”, səh. 1)
Təmman “Fevaid” adlı əsərində və İbni Əsakir Abdullah ibn Əmrdən rəvayət etdilər. Buyurdu ki: HƏSƏNİN ÖVLADINDAN BİRİ (HZ. MEHDİ) şərq tərəfdən çıxacaq, əgər dağlar ONA qarşı gəlsə belə, onları əzəcək və özünə o dağlarda yollar açacaq. (Əli ibn Hüsaməddin əl-Muttaki, Celaleddin Suyutinin Tasnifinden Hədislər – Axirzaman Hz. Mehdisinin əlamətləri, səh. 22)
- Rəsulullah hz. Mehdi və hz. Həsəni cənnətlə müjdələmişdir
Hakim, İbni Macə və Əbu Naim hz. Ənəsdən rəvayət etdilər. Mən Rəsulullahdan eşitdim. Belə buyurdu: Biz Əbdülmüttəlibin övladından yeddi insan cənnətin əfəndiləriyik. Mən, Həmzə, Əli, Cəfər, HƏSƏN, Hüseyn və Hz. MEHDİ. (Əli ibn Hüsaməddin əl-Muttaki, Celaleddin Suyutinin Tasnifinden Hədislər – Axirzaman Hz. Mehdisinin əlamətləri, səh. 19)
Hz. Həsən 10 il davam edən imamlıq dövrünü müxtəlif təzyiqlər altında keçirmişdi. Hətta evində belə təhlükəsizliyi yox idi və hicrətin 50-ci ilində zəhərlənərək şəhid edildi.

