Huşu, “hörmət dolu qorxu” mənasını verər. Namazı huşu içində qılmaq isə Uca Rəbbimizin hüzurunda Onun heybət və əzəmətini qəlbimizdə hiss edərək, Ona hörmət dolu bir qorxu bəsləyərək bu ibadəti yerinə yetirməkdir. Namazda Aləmlərin Rəbbi olan Allahın hüzurunda dayandığının şüurunda olan bir mömin, əlbəttə ki, bu güclü heybət və qorxunu içində yaşayacaq və Allaha bu qorxusu və hörməti ölçüsündə yaxınlaşacaqdır.
Namaz ibadətini layiqincə yerinə yetirmək istəyən bir mömin huşuya maneə törədən şeylərə qarşı tədbir almalı, namazda lazım olan diqqət və konsentrasiyanı təmin etmək üçün maksimum səy göstərməlidir.
Rəbbimiz, Öz hüzurunda dayandığımızda, yalnız Onu anmağımızı, Onu ucaltmağımızı və bütün nöqsanlardan münəzzəh tutaraq Onu tək olduğuna inanmağımızı buyurur. Bunun üçün Əhli Sünnənin ittifaqla qəbul etdiyi namaz dualarının namazda oxunması lazımdır. Namaz qılmaq Rəbbimizi könüldən ucaltmaq üçün böyük bir fürsətdir. Necə ki, ayədə Allah Özünü zikr üçün namaz qılınmasını buyurur:
Həqiqətən, Mən Allaham, Məndən başqa heç bir tanrı yoxdur; Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl. (Taha surəsi, 14)

