İnsanlar bir hadisəyə şahid olduqları və ya bir hadisə ilə qarşılaşdıqları zaman əvvəlcə bunu mənfi şəkildə izah etməyə meyl edirlər. Əlbəttə ki, bu davranışın bir çox haqlı yönləri vardır. Bu fikirlər çox vaxt özünü doğruldur.
Bəzən isə hər şey ilk baxışda göründüyü kimi olmur. Hadisənin görünən tərəfi ilə yanaşı, arxa planda insanın bilmədiyi çox şey ola bilər. Bunlar o insanın etdiyi hərəkətin yanlış deyil, əksinə, məqbul və məntiqli olduğunu göstərə bilər.
Möminlər bu ehtimalları nəzərə alaraq bir hadisə ilə qarşılaşdıqları zaman mümkün qədər müsbət fikirdə olmalıdırlar. Bu, bir çox cəhətdən həm doğru, həm də çox faydalı yanaşma tərzidir. Əvvəla, Quran əxlaqında hüsnü-zənn etmək, yəni bir hadisəni əvvəlcə müsbət şəkildə izah etmək əsasdır. Allah Quranda möminlərin pis kimi görünən hadisə ilə qarşılaşdıqları zaman bir-birinə hüsnü-zənn etməli olduqlarını bizə bildirir.
Hadisə nə qədər fərqli görünsə belə, müsəlmanlar mütləq ən yaxşı ehtimalı tapıb gözəl düşünməlidirlər. Əgər fikir irəli sürdükləri insan Allahdan qorxan, iman gətirən, Quran əxlaqına tabe olan, etibarlı mömindirsə mütləq Quran əxlaqına uyğun hərəkət edir. Onun hərəkətləri əksini göstərirsə, bu zaman mütləq onun bir izahının olduğu düşünülməlidir. Şübhələnib mənfi fikir irəli sürmədən əvvəl, bu hərəkətin səbəbi araşdırılmalı, ya da izah etməsi üçün həmin şəxsin özündən soruşulmalıdır. Ancaq heç vaxt əsassız hökm verilməməlidir.

